Oşo adlı bir hind filosofu var. Onun “Kişilər haqqında” adı ilə çap olunan çıxışlarından toplanan bir kitabını bizim dilə çevirirəm. İllər öncə Oşoyla tanış olanda yarandı bu inanılmaz imzanı bizim türkcəyə çevirmək istəyi. Kitab çap olunan kimi sənə xəbər edəcəm, alıb oxuyarsan, oxucum. Ancaq çalış, təsir altına düşmə, dostum demiş, sadəcə oxu və anlamağa çalış.
Qəribə qığılcımlar olur ki, od qalayır içimizdə. Bir sözdən cuşa gələ bilərik. Ya da bircə damcı su tütün üçün ciyəri yanan məhbusun həbsxanada hardansa əlinə keçən bir gilə siqaretini - sevinci söndürə bilər.
Oşo savaş haqda deyir ki, insan xəritədəki cızma-qaraya görə ömrünü qurban verir. Və bu, mənim üçün içimdə tonqal çatmaq üçün bir qığılcım oldu. Yazı düşünürdüm sənin üçün və yazdım.
Sevgilim, mən səni əllərinə qədər sevirəm, ordan o yana sevmirəm. Ya da mən sənin ancaq gözlərini sevirəm, ya da barmaqlarını, qalan yerlərini sevmirəm. Bu mümkünmü?
Dünyanı bu cür necə sevmək olar? Burdan bu yananı sevirəm, ordan o yananı sevməmək, demək... ordan bəri tərəfə bir az sevmək, üzü o yana nifrət etmək...belə bir şey varmı?
Bu necə bir eşq?
Biz savaşırıq ona görə ki, vətəni sevirik? Bəs vətəndən o yan? Ora da bizim yaşadığımız dünya deyilmi?
Əlbəttə, sən deyə bilərsən ki, onda biz gərək bir qadını yox, bütün qadınları sevək. Bir kişini yox, bütün kişiləri sevək. Ancaq məsələ bundadı ki, biz bütün qadınları sevməsək, bir qadını da sevə bilmərik. Bütün kişiləri sevməsək, bir kişini də sevə bilmərik. Dolayısıyla bütün kişilərə qıcıq olsan, bir kişini heç vaxt xoşbəxt edə bilməzsən. Bütün qadınlara qıcıq olsan, bir qadını həqiqətən sevə bilməzsən. Bəzən bizim sevgi adlandırdığımız şey əslində heç də sevgi olmur. Vərdiş, öyrəncə, borc, ehtiyac olur, psixoloji köklənmə olur. “Həqiqətən sevgi” hər kəsi rədd edib birinə yönələ bilməz. Sevgi lokal, dar duyğu deyil. Sevgi sonsuzluqdu...
Başqa sözlə, biz bütün kişiləri - qadınları deməli insanlığı sevərək, içindən birini seçib “daha çox” sevirik.
Mən həmişə inanmışam ki, sevginin azı-çoxu olmur. Sevgi özü olur. Biz “səni çox sevirəm” deməklə əslində sevginin dərəcəsini ifadə etmirik, biz əslində sevgimizi mümkün qədər dəqiq, çox ,artıqlaması ilə ifadə etməyə çalışırıq. Bu mənada insanlığı sevməklə bir insanı sevmək arasındakı yeganə fərq sevginin bir adamda daha artıq ifadə məqamıdı. Birində içimizdəki bu sonsuz duyğu daha çox qabarır.
Biri bizə daha yaxın, daha doğma, daha önəmli olur. Məsələn, modabaz geyinməkdən, dəbdən zövq alır. Ancaq qarderobunda “daha çox” sevdiyi paltarı olur. Bu “daha çox” necə izah oluna bilər? Niyə daha çox? Axı o bütün paltarlarını özü seçib alıb, o, modaya qarşı çox həssasdı. Həmin o daha çox – bir geyimdən aldığı zövqün, modaya olan sevgisinin pik nöqtəsi deməkdi. Bu onun qəlbinə daha yaxındı, bu onu daha çox mutlu edir, bunda özünü daha uyumlu, daha şıq hiss edir. “Sevgi dahası” da budu. Sevgili sevginin kulminasiya nöqtəsidi. Zirvəsidi, yüksəkliyidi.
Dağ bütünlüklə dağdı. Bir tərəfi dağ, o biri tərəfi başqa nəsə deyil. Sadəcə dağın yüksəkliyi var. Bir nöqtə var ki, dağ orda əzəmətini ifadə edir. Sevgi belə bir maraqlı duyğudu...
Əks cinsə nifrət edən, yaxud ondan qorxan, çəkinən adamların həyatına baxın. Onların həyatında “biri” ya olmur, ya da manyakca bir münasibət yaşayır. Sevgili ilə münasibətdə qıcıq durmadan artır, davam edir. Onların münasibətlərində heç cür harmoniya yaranmır, onlar ya xaos, ya da dəhşətli bir tənhalıq duyğusu içində boğulurlar. Özünü əks cinsdən “qoruyan” adam bir adamla normal, rahat ilişgi qura bilməz. Bu mümkün deyil. Sən dağın zirvəsinə çatmaq üçün aşağıdan başlamalısan. Sən əvvəlcə “kişi-qadın” anlayışını qavramalısan. Sən əvvəlcə kişi və qadın anlayışını sevməlisən.
Bütün uşaqlara nifrət edən adam öz uşağını sevə bilməz. Bu mümkün deyil. Burda sevgi kimi qəbul olunan şeyin gerçək adı sahibkarlıqdı. Hətta çox vaxt instinktdi. Səndən ayrılan cana, canından qopan bir hissəyə instinktiv və təbii olaraq bağlısan. Bu bağ səni idarə edir. Sən əslində onu sevmirsən. Sevgi belə bir bağ deyil, instinkt deyil. Sevgi dərkdi, anlayışdı, sayğıdı.
Mənim 3 yaşlı qızım var. İndi-indi anlayıram ki, bu günə qədər əslində onu sevməmişəm. Mənim ona olan münasibətim, sevgi bildiyim nəsnə əslində instinktdi, doğal bağdı, təbiət qanunudu. Mən onun varlığını dərk eləməmişəm. Robot kimi sevmişəm onu. Robot kimi. Təbiətin bizə yüklədiyi proqram əsasında sevirik övladı. Mənim ona qəzəbim də avtomatik olub, əzizləməm də, qayğısına qalmam da mexaniki, proqramlı, robot sayağı olub. Çünki mən onun varlığını dərk etsəm, qəzəblənməzdim. Anlayardım ki, o körpədi və nəyisə mənə görə düz etməyə bilər. Nəyisə sındırması çox təbiidi. Mən onu dərk etsəydim, ondan öz istədiyim adamı düzəltməyə çalışmazdım. Dərk etsəydim ki, qarşımda tam ayrı, tamamilə başqa bir varlıq var, canlı bir insan var, onu özümə uyğunlaşdırmağa, ona öz həqiqətlərimi sırımağa çalışmazdım. Məsələ budu. Mən onu təbiətimlə yox, ağlımla, şüurumla sevsəydim (ki, bu əslində gerçək sevgidi), ona öz-özünə böyüməkdə kömək edərdim. Doğulan andan ona qaydalar yeritməzdim, evi dağıtdığına görə ona əsəbiləşməzdim. Mən sadəcə ona ətrafa və özünə zərər gətirməməkdə kömək edə bilərəm. Edə bilsəm...
Valideyn nə qədər övladına kömək etməyə çalışsa da sonucda hər kəs ayrı bir insandı və hər kəsin ayrı bir həyatı var. Hamı eyni cür yaşamalıdı deyə bir qural yoxdu təbiətdə. Bizim təbiətdən gələn eyni bacarıqlarımız, eyni orqanlarımız, eyni havamız var. Ancaq düşüncəmiz eyni ola bilməz. Yaşam tərzimiz eyni ola bilməz. Biz hamımız hüquqçu, həkim, pianoçu, yazıçı, mühasib ola bilmərik. Biz hamımız 25 yaşında evlənə bilmərik. Biz hamımız 3 uşaq sahibi ola bilmərik. Hamımız səhər 9 dan axşam 7-yə qədər işləyə bilmərik. Biz hamımız diplomlu ola bilmərik. Bu lazım deyil bizə. Biz robot deyilik.
Övladımızı sevsək, onu bizim kimi yaşamağa məcbur etmərik. Biz çay seviriksə bu o demək deyil ki, sürəkli övladımıza çay verməliyik. Bizim deputatlıq diqqətimizi çəkirsə bu o demək deyil ki, övladımız mütləq deputat olmalıdı. Sevgi belə edə bilməz. Bunu ancaq zalımlıq, diktatura edə bilər.
Hələ ki bu balaca varlıq bizim əlimizdədi, onu dünyaya biz gətirmişik, hələ ki, onu idarə etmək imkanımız var deyə bir insanı terror etmək, istədiyimiz qaydaları ona qəbul etdirmək hüququmuz da var anlamına gəlmir ki bu.
Bütün hallarda insanın bədbəxt, narahat, solğun həyatına səbəb ilk növbədə valideyndi. Bütün hallarda belə sevgilər faciəyə gətirib çıxarır. Qadın anlayışını , kişi anlayışını dərk etməyən, sevməyən, dolayısıyla insana sayğısız yanaşan kimsə “özününkünü” mutlu edə bilməz. O, yalnız və yalnız əzab verər, incidər.
Bu, vətən anlayışında da belədi. Savaşan tərəf ən çox kimə ziyan verir? Öz xalqına. Çünki onun toplumunda doğulan uşaqlar nifrət hissi ilə böyüyürlər, çünki onun cavan-cavan uşaqları ölür. Onun qadınları gözüyaşlı qalır. Çünki onun vətəndaşı bu torpaqda, bu ölkədə doğulduğu üçün həyata nifrət edir. Onun ölkəsində heç vaxt xoşbəxtlik ola bilməz. Çünki onun ölkəsində sevgi yoxdu. Qan var, qisas var, iddia var, öldürmək hissi var. Baxın erməni xalqına. Onlar heç vaxt xoşbəxt ola bilməyəcəklər. Onlar tarix boyu özlərini bütün dünyaya bədbəxt, incidilmiş, yazıq bir xalq kimi təqdim ediblər. Onlar gerçəkdən də bu cür düşünürlər. Onlar həmişə özlərini qurban sayıblar. Ancaq əslində nəyin qurbanı olduqlarını bilməyiblər. Onlar əslində dünyanın balaca bir hissəsində belə gözü olan, hakimlik, fironluq, hərislik siyasətinin qurbanıdılar. Bir gün ayılıb anlasalar ki, əslində nə bədbəxt, nə də yazıq deyillər və əslində onların içindəki bu bədbəxtlik, əzilmişlik hissi bir siyasi yatırımdı, bütün tarixi fəlsəfələri kökündən yanlışdı, anlasalar ki, əslində onlar vətəni sevmirlər, ona ziyan verirlər, xoşbəxt ola bilərlər. Sevgi belə bir duyğudu. O, insanı bədbəxt edə bilməz.