İnsanın sosial, ictimai, mənəvi çəkisi burda yalan-gerçək bir ailə ştampı ilə ölçülür. Yalandan evlənən, yalandan toy maskaradı quran adamlar görmüşük. Nədən belə edirlər? Səbəb çox sadədi.
İnsanlar qəmişlərini çəksinlər deyə. Qadınlara daha çətindi.
Ailənin fikri-zikri qızı ərə verməkdi. Qız ərə getməyənə qədər sıxma-boğmada yaşayır. Bəlli yaşa gəlibsə ərdə deyilsə cəmiyyət gözünü bərəldib soruşur: “ niyə ailə qurmursan?” Qız da basqıdan qurtulmağın yeganə yolunu “ərdə” görür. Evllilikdə yox a, ərdə.
Bir də canını bu mühitdən alıb qısıldığı “ər” əzazil olursa vəziyyəti düşün. Heç vaxt özünü tapmır, heç bir anlamı olmur, yalandan nəfəs alır qadın.
Kişinin də vəziyyəti sən fikirləşdiyin kimi “daha yaxşı” deyil.
Bəlli yaşa gəlib evlənməyən kişilərin ətrafında bir şübhə dalğası fırlanır. Ürəyində hamı düşünür: “yəqin impotentdi, yoxsa niyə evlənməsin?”
Sənin burda adam sayılman sıfıra bərabərdi: ərin, arvadın yoxdusa.
Boş ver, rədd olsunlar. Qadın olmaqdan qorxma, təbiət səni "arvad" yox, qadın yaradıb. Boş ver, rədd olsunlar. Kişi olmaqdan qorxma, təbiət səni "ər" yox, kişi yaradıb. Arvad almaq, ərə getmək sənin istəyinə bağlı məsələdi. Və əslində bunun gerçək adı evlənməkdi. Ev qurmaqdı, bir ev, bir yuva olmaqdı. Mən-lə sən-i birləşdirib biz olmaqdı.
Özünü kimə gəldi qapdırmadan öncə sev, ayrıl, kədərlən, sevin. Yaşa da...
Bizim illərimiz qazancımızdı. Bu qazancla - demək ki, bütün mahiyyətimizlə, ömrümüzlə çıxırıq kiminsə qarşısına.
Bunun vaxtı-vədəsi olmaz ki...
Mən heç nə bilmirəm. Bircə onu bilirəm ki, bu ölkədə yaşayan adamlar səmimi olmayınca, yaşamağı oynadıqca ədəbiyyat-zad yaratmağın anlamı yoxdu.
Beyinlər dəyişməyincə mümkünsüz...
Üzdəki geydirməlik çəkilməyincə ədəbiyyat boşunadı.
2000 kitab oxuyan adam da saxtadırsa...Bundan danışıram, oxucum.
Mən istəyirəm sən belə olmayasan. Mən istəyirəm biz səninlə əl-ələ verib bir səmimi, dürüst, sağlam cəmiyyət yaradaq. Biz özümüzü ortaya qoyaq. Özümüzdən utanmayaq, qorxmayaq. Həyatıyla səmimi olan adamlar gec-tez xoşbəxtlik tapır. Ancaq 50 yaşına kimi döşünə döyüb “mən qız uşağıyam” deyən adamlar heç vaxt xoşbəxt olmur. 50 yaşına kimi “arvadın başını kəsərəm” düşüncəsi ilə yaşayan kişilərin qurduğu cəmiyyət elə bu cür də olmalıdı.
Heç vaxt öz yerini tapmır belə adamlar. Elə hey narahat olurlar. Fırfıra kimi yaşayırlar. Nə istədiklərini bilmirlər. Onlar mahiyyətcə bədbəxtdilər - kökündən...
Onların həyatında bircə an belə daxili rahatlıq yaşanmır. Azərbaycanlı hər şeydən əvvəl səmimi olmalıdı. Vətəndaş, qəhrəman, ata, ana, ər, arvad, ziyalı, çəkməçi, dulusçu, yazıçı nəmənə olmazdan çox-çox əvvəl səmimi olmaq. Bizim TV-lərə bax. Söhbət janrında olan verilişlərin hamısı şitdi, yorucudu, maraqsızdı. Niyə? Çünki veriliş aparıcının qonağa verdiyi suallar üzərində qurulur. Gələn qonaqların ucdantutma hamısı cavabı uydurur. Hamısı saxtadı, yalançıdı. Bir sual verirsən cavabı havadan hazırlayıb deyir. Heç kimi öz həyatını, həqiqətini, başına gələnləri danışmağa vadar etmək olmaz. Kimsənin bunu etməyə haqqı yoxdu. Hər kəsin verilən suala cavab verməmək kimi bir məhrəmi var. Ancaq suala cavab vermək qərarına gəlmisənsə dürüst ol. Olanı de. Yalan deyəcəksənsə niyə cavab verməkdən imtina etmirsən? Məqsədin nədi? İnsanları aldatmaq istəyirsən. Niyə axı?
Sənin yalanın bizim nəyimizə lazımdı? Bu sual cəhənnəm. Sənin yalanın sənin nəyinə lazımdı?
Bir şey ki, yoxdu, mövcud deyil, quramadı o sənə nə verir? Nə verə bilər?
Biz səninlə bundan başlamalıyıq, oxucum. Biz bundan başlamalıyıq.