Kimsə (o cümlədən mən-J.M) bu mövzuya toxunanda qadınlı kişili qıcıq olanlar var. Yenə nə istəyirsən kişilərdən, deyən qadınlar da olur. Nə istəyirsən bizdən, deyib, gülüb keçən kişilər də. Mən də onlara gülürəm. Daha doğrusu qıcıq olmalarına. Çünki adamlar o zaman qıcıq olur ki, qarşısındakının haqlı olduğuna əmindirlər. Amma bunu dilə gətirib etiraf eləyəcək qədər böyük deyil. Bu bir az da onların təəssüfüdür. Təxminən bu deməkdi mənə görə: “Onsuz da düzəlməyəcək ”. Olsun, düzəlməsin. Amma mən yazım ki, anladığımızı da anlasınlar.
Gecənin bir aləmi. Evdə hamı yatıb. Sakit isti otaqda qarşına bir stəkan çay qoyub rahatlıqla televizora baxırsan. Bizim telekanallardan birinə. Rahat olacağıma o üzdən əmin idim ki, gözəl təbiət mənzərələrini təqdim edirdilər. Nə şit şou əhli vardı, nə də ki... Nə isə mövzudan yayınmayım. Qısasını deyim ki, sizin hər gün şikayətləndiyiniz heç nə yox idi. Bir bələdçi ilə aparıcı Azərbaycanın gözəl guşələrini gəzirlər. Qusarın Laza kəndidədirlər. Adama xoş gəlir. İçindən bir hiss də keçir ki, kaş indi orda olaydım. Gəzə-gəzə, addım-addım gəlib çıxırlar kənddə qonaq evi sayılan bir yerə. Qonaq evinin həyətində bir tərəfə yüngül əzilmiş motosikl saxlayıb kimsə. Bunun kimə adi olduğunu soruşanda, ev sahibi cavab verir ki, əlli doqquz yaşlı bir italyan qadındır. Və söyləyir ki, dünyanın yüz ölkəsini gəzib o qadın bu motosikldə. Amma Lazada bir qəza keçirib, qolunu sındırıb. Bir həftə burda, qonaq evində qalıb. Sonra vətəninə dönüb səhhəti ilə bağlı . Motosiklini qonaq evinin həyətində saxlayıb, ev sahibinə tapşırıb ki, ondan göz olsun. Sağalandan sonra gəlib buradan səfərinə davam eləyəcək...
...Hə, düz deyirsiniz bunların hamısı adi şeylərdir. Burda nə var ki?! Azacıq səbriniz olsun indi deyirəm. Bəli söhbətin bu məqamında bələdçi aparıcıya deyir ki, halaldır o qadına. Əlli doqquz yaşında yüz ölkəni motosikldə gəzib, pahh atonnan. Aparıcı da, yüyürüb motosiklə bir sığal çəkib deyir ki, bəs buna mütləq əllə toxunmaq lazımdır. Nə də olsa yüz ölkə görüb. Bu arada sizi bilmirəm, mənim düz iliyimə işləyən növbəti bir replika gəlir: Bizim əlli doqquz yaşlı qadınlar bunu eləyə bilməz. Ona desən ki, burdan dur, orda otur deyər ki, tərpətmə ölürəm. Qonaq evinin sahibi də, aparıcı da, bələdçi də bəs dedikcə bu sözə gülüb keçirlər evə...
Bəs dedikcə gülürlər....Bizə gülürlər, hamımıza. Çünki sabah bizim də əlli doqquz yaşımız olacaq axı. Sabah olmasa da birigün, o biri gün, altdakı günü... Yəni mütləq o yaşımız olacaq. Amma doğurdan da biz heç vaxt motosikl sürməyin həzzini ala bilməmiş qadınlar olacağıq. Düzdür indi maşın sürənlər var. Amma maşın motosikl deyil axı. O üzdən Fatmanisədən ta ki, Jaləyə qədər olan intervalda kim varsa hamımızın içində bir həsrət kimi qalacaq motosikl məsələsi.
Əlli doqquz yaşınacan o italyan xanımın keçirdiyi həyat tərzini hansımız keçiririk? Bəlkə günü, restoran, diskoteka, əyləncə mərkəzləri, idman salonları, fitnes klublar, gözəllik salonlarında keçir bu ölkənin qadınlarının doxsan faizinin. Qısa ətək, şort, topik maykalar geyməkdən yorulublar bəlkə?! Bəlkə hamının damağında siqaret (əslində bu da ayıb deyil müasir dövr üçün-J.M), əlimizdə bokal (heç bu da utanc gətirməz -J.M) gündə sağlıq deyirik məclislərdə?!
Deyirəm bəlkə ölən ərimizin cənazəsi doqqazdan çıxan kimi adam tapıb otuzdururuq onun yerinə?! Bəlkə mən bilmirəm birini sevib, biriylə yaşayıb o birinə ərə gedirik?!
Ya da məsələn dünya səyahətinə çıxacam, deyib, pul qənaət eləyirik özümüzə. Soruşan olanda da deyirik ki, sən kimsən mənə sual verirsən “voobşe”...
Deyirəm ola bilər də mən qanmazam 13-14 yaşında oğlan, ya qız fərq eləməz, uşağımızı dokkazdan bayıra qovub, mənim həyatıma mane olma, deyənlər nə qədərdir aramızda?!
Və yaxud da öz hüquqlarını bilməyənlər bir yana, bilib onlardan tam istifadə edən nə qədər qadını var bu ölkənin? Neçə nəfərin əri uşağa pampers dəyişir qadınıyla birgə? Görəsən evə qadından tez gəlib, süfrə hazırlayan neçə kişimiz var? Deyirəm bəlkə siz biləsiniz, bir dəfə də mənim sevgilim var, səndən boşanmaq istəyirəm deyə bilən qadın ola bilərmi normal evlərdə?
Nə isə qardaşlar, sual çoxdur. İstədiyimsə bircə şeydir, əlinizdəki dəyərin qiymətini bilin, vəssalam!
Biz əlli doqquz yaşa çox şeylərə dözüb çoxundan da imtina edib çatırıq. Ailəmiz, övladımız tam olsun deyirik. Bunun qarşılığında bir gün efirdən “bu heç motasikl sürə bilmir axı, yaşasın Monika...ya da monikalar” desinlər qədər dəyər verməyin bizə.
Bir də bilirsinizmi nə maraqlıdır? O efirə həmin vaxtda əlli doqquz yaşı olan neçə qadın baxırdı görəsən? Və görəsən o adamların özlərinin ailəsində, yaxınları arasında əlli doqquz yaşlı neçə qadın var?
Və heç o yan-bu yana qaçmayın əziz insanlar. Bu balaca yazıda hamınızdan bir az var. Ən vəzifəlinizdən tutmuş, fəhlənizə kimi. Bizsə, hər şeyimizlə sizin əsərinizik. Pis görünəndə də, yaxşı əhvalda olanda da, ruhunuzun aynasıyıq. Nə etsəniz, bizdə görünür. Bahalı maşınlarınız, ütülü paltarlarınız, taraş olunmuş üzünüz, tox qarnınız, yanına sakit-sakit gedib-gələ bildiyiniz sevgililəriniz belə evdə oturub əlli doqquz yaşını gözləyən, motasikl sürə bilməyən qadınınıza görə var. Bir də bizim əlli doqquz yaşlıları “italyankalarla” müqayisə edəndə, dönüb özünüzü onun əri, qardaşı, atası, babası ilə müqayisə edin. Böyüdüyü mühiti, udduğu havanı, yediyi qidanı, həyat tərzini düşünün. Bizə gülməyin. Ya buranı İtaliya edin, ya da ruh etibarı ilə bir az italyandan, fransızdan, lap elə rusdan filandan olun. Bəlkə onda illər sonra bizim bircəciyimiz motasikla minib dünyanın yüz ölkəsini gəzə bildik...
Bəlkə necə ki, siz “ax Monika, Monika...” dediyiniz kimi...
Kimsə də. “ax Fatya, Fatya” dedi bir gün.
...
Xoşunuza gəlmədi, eləmiiii?!....
Bax dünən gecə mən də beləcə dəli idim, zır dəli...