Avtomobillərə dövlət qeydiyyat nişanları necə veriləcək? – QAYDA
29 dekabr 2013 10:42 (UTC +04:00)

Avtomobillərə dövlət qeydiyyat nişanları necə veriləcək? – QAYDA

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nı təsdiqləyib.

 

Lent.az-ın məlumatına görə, qayda avtonəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsi qaydasını tənzimləyir.

 

Avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. Dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.

 

Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin internet səhifəsində yerləşdirilir.

 

Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir.

 

Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat-imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir.

 

Şəxs avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün internet vasitəsilə müraciət etdikdə, müraciət səhifəsində dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin səhifədə ödəyir. Dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının seçilməsi, onun üçün müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi avtomatik qeydiyyata alınır və bu barədə şəxsin elektron poçt ünvanına məlumat göndərilməklə, əməliyyatın qeydiyyat nömrəsi internet səhifəsində əks olunur. Şəxs çap etdiyi həmin məlumatı nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyat-imtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər. Qeydiyyat-imtahan məntəqəsinə daxil olan şəxs xüsusi elektron terminala yaxınlaşaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir. Bundan sonra elektron terminal avtomatik olaraq qəbz çap edir. Qəbzdə seçilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin kombinasiyası, ödənilmiş dövlət rüsumları, aparılmış əməliyyatın nömrəsi və şəxsin növbəsi əks olunur.

 

Şəxsin qəbzdə göstərilmiş növbəsi çatdıqda, o sənədləri qəbul edən pəncərəyə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və qəbzi təqdim edir. Qəbzdə göstərilmiş əməliyyatın qeydiyyat nömrəsi əsasında sənədləri qəbul edən şəxs elektron idarəetmə sistemi vasitəsilə təqdim edilmiş sənədlərin və əks edilmiş məlumatların düzgünlüyünü yoxlayır və sistem vasitəsilə avtomatik generasiya edilən ərizəni çap edir və imzalanması üçün şəxsə təqdim edir. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları barədə məlumatlar əks olunur. Ərizə imzalandıqdan və qəbul edildikdən sonra nəqliyyat vasitəsi mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinəyə təqdim edilir. Müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni qeydiyyat şəhadətnaməsi verilir.

 

Təqdim edilmiş sənədlərdə, yaxud müayinə zamanı nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələrində, habelə rəngində uyğunsuzluq aşkar edildikdə, yeni dövlət qeydiyyat nişanı verilmir və səbəbləri göstərilməklə, şəxsə yazılı şəkildə imtina edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2823
avatar

Oxşar yazılar