<b>Avtomobil yolları nə vaxt təmir olunmalıdır?</b>
04 aprel 2019 15:49 (UTC +04:00)

Avtomobil yolları nə vaxt təmir olunmalıdır?

Asfalt-beton örtüklərinin xidmət müddətində istismarını təmin etmək üçün onların saxlanması və təmir edilməsi zəruri şərtlərdən biridir. Asfalt-beton örtüklərdə müntəzəm olaraq cari, orta və əsaslı təmir işləri icra olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, avtomobil yolları istismar prosesində avtonəqliyyat vasitələrinin və təbii amillərin təsirlərinə məruz qalır. Avtomobillərin təkərlərinin sürtünməsindən və yağıntıların mənfi təsirlərindən asfalt-beton örtükdə yeyilmə, aşınma, çat və dağılmalar baş verir ki, bu da asfalt-betonun örtük materialının qalınlığının azalmasına gətirib çıxarır: “Aparılan tədqiqatlar göstərir ki, 4-5 il ərzində asfalt-beton örtüyün üst layında əhəmiyyətli dərəcədə aşınma baş verdiyinə görə bu konstruktiv lay üzərinə düşən funksiyanı yerinə yetirə bilmir və onun yenilənməsinə zərurət yaranır. Avtomobillərin hərəkət şiddətindən asılı olaraq, yol geyimini müxtəlif üsullarla gücləndirirlər.

Yeni layihələndirilən və tikilən avtomobil yollarının normativ xidmət müddətində istismar etmək üçün asfalt-beton örtüklü avtomobil yollarının təmirlərarası müddəti aşağıdakı kimi müəyyən edilib:

- hərəkət şiddəti 7000-dən çox olan I dərəcəli yol üçün əsaslı təmir müddəti 14-16 il, orta təmir müddəti 6 il;

- hərəkət şiddəti 3000-dən çox olan II dərəcəli yol üçün əsaslı təmir müddəti 11-13 il, orta təmir müddəti 5 il;

- hərəkət şiddəti 1000-dən çox olan III dərəcəli yol üçün əsaslı təmir müddəti 11-13 il, orta təmir müddəti 4 il.

Cari təmir planlı və xəbərdaredici təmir kimi fərqlənir. Cari təmir yazda və payızda keçirilir ki, yazda bütün yol boyunca qış dövründə əmələ gəlmiş dağılmalar və digər qü-surlar ləğv edilir, payızda isə yolu qısa hazırlamaq üçün təmir işləri icra olunur. Xəbərdaredici (profilaktik) təmir ilin bütün fəsillərində yaranmış zədələnmələri ləğv etmək üçün keçirilir.

Çatları yazın əvvəlində və payızda lazımı qaydada bağla¬yırlar (yayda isə yalnız səhər saatlarında örtük quru olduqda və çatlar geniş açıldıqda onları təmir edirlər)”.

Qeyd olunub ki, asfalt-beton örtüklərinin orta təmiri zamanı iki əsas iş növü yerinə yetirilir. Yol geyiminin ümumi qalınlığını artırmaq üçün yeni asfalt-beton qarışığından lay döşənir və ya örtüyə kələ-kötür səth vermək üçün birlaylı və ya ikilaylı səth emalı işləri icra olunur.

Bu işləri yerinə yetirmək üçün köhnə örtük cari təmir işlərində olduğu kimi təmir edilir. Asfalt-beton örtüklərinin orta təmiri zamanı üst layın bütövlüyünü və hamarlığını bərpa etmək üçün regenerasiya (itirilmiş xassələrin bərpa edilməsi) prinsipinə əsaslanan termoprofilləşdirmə texnologiyasını da tətbiq edirlər. Hər iki halda təmir olunan yoldan avtomobillərin sərbəst hərəkətini təmin etmək lazımdır. Örtükdə kələ-kötürlüyü təmin etmək üçün birlaylı və ya ikilaylı səth emalı işləri icra olunur. Səth emalı aparılmamışdan əvvəl örtükdə mövcud olan bütün çatlar, çalalar və s. zədələnmələr təmir edilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854
avatar

Oxşar yazılar