Avropa Azərbaycan Cəmiyyəti Londonda “Qafqazda konfessiyalar”ı müzakirə edir
03 mart 2014 22:17 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyəti Londonda “Qafqazda konfessiyalar”ı müzakirə edir

Martın 3-də Londonun “Hallam” Konfrans Mərkəzində Avropa Azərbaycan Cəmiyyətinin (AAC) və Azərbaycan Milli Aviasiya Akademiyasının İctimai elmlər kafedrasının birgə təşkilatçılığı ilə “Qafqazda konfessiyalar” adlı beynəlxalq elmi konfrans başlayıb.

 

AAC-dan APA-ya verilən məlumata görə, konfransın rəsmi açılışında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter konfransın mühüm elmi əhəmiyyətini qeyd edib, Azərbaycanda mövcud olan milli və dini tolerantlıqdan söz açıb. L.Zetter bildirdi ki, iki gün davam edəcək konfrans Azərbaycanın tarixi reallıqlarının, Qafqazın tarixində dini konfessiyaların yerinin və rolunun elmi əsaslandırılması üçün mühüm rol oynayacaq.

 

Londonun Müqəddəs Pavel baş kilsəsinin dekanı, doktor Devid Ayson təmsil etdiyi anqlikan kilsəsi adından tədbir iştirakçılarını salamlayıb. O, Böyük Britaniyada anqlikan kilsəsinin mühüm rolundan bəhs edib. Doktor Ayson Böyük Britaniyanın, xüsusilə də Londonun dini-etnik palitrasının olduqca rəngarəng olduğunu, bütün dini icmaların hüquqlarının təmin olunduğunu, onların inkişafı üçün hər cür şəraitin yaradıldığını söyləyib.

 

Konfrans plenar iclasdan sonra müəyyən edilmiş seksiyalar üzrə işini davam etdirib. İlk seksiya qədim konfessiyalardan olan zərdüştlük və iudaizmin tarixinə həsr olunub. Növbəti seksiyada alban apostol kisəsinin tarixinə və alban yazısına dair elmi məruzələr dinlənilib.

 

Konfrans Qafqazda konfessiyalara dair digər seksiyalarla işini davam etdirir. Konfrans öz işinə martın 4-də yekun vuracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar