Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında unikal əməliyyat həyata keçirilib. Bu barədə Lent.az-a ali məktəbin mətbuat xidmətindən məlumat verilib.
Klinikada texniki baxımdan çox mürəkkəb olan mikrocərrahiyyə əməliyyatı sayəsində 6 yaşlı oğlanın qolu kəsilməkdən xilas edilib.
Əməliyyat mikrocərrahiyyə sahəsində iki tanınmış mütəxəssis - ürək-damar mütəxəssisi Mirəli Məcidov və tibb elmləri namizədi Nəsir Cəfərli tərəfindən gerçəkləşdirilib.
Tibb elmləri namizədi Nəsir Cəfərli Lent.az-a açıqlamasında bildirib ki, yıxılma nəticəsində uşağın damarları sıxılıb və içi zədələnib: “Dirsəkdəki damarın 3-4 sm-lik hissəsi tamamilə əzilmişdi. Ona görə həmin hissəni çıxardıq. Orada boşluq qalmasın deyə, bypass əməliyyat gerçəkləşdirib, sağ ayaqdan bir hissə damar götürüb sol qola qoyduq. Xəstəyə travma vermədən onun qolunu xilas edə bildik. Artıq balaca xəstəmizin nəbzi vurur”.