ARDNŞ ixtisar məsələsinə aydınlıq gətirdi
09 yanvar 2014 18:19 (UTC +04:00)

ARDNŞ ixtisar məsələsinə aydınlıq gətirdi

Azərbaycan Dövlət Neft Şirkəti ixtisarlarla bağlı məsələyə aydınlıq gətirib. APA TV-nin məlumatına görə, Dövlət Neft Şirkəti ixtisara düşən 1500 nəfərdən 500-nün yenidən işlə təmin olunması üçün ixtisasartırma kurslarına göndərilməsini planlaşdırır.  Şirkətin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli APA-TV-yə bildirib ki, artıq bu istiqamətdə işlər görülüb: "Onlardan 500 nəfərin ikinci peşəyə yönəlməsi üçün müəllimlər, auditoriya, təlim mərkəzləri ilə bağlı hazırlıq işi görülüb. Gərək yeni struktur təsdiq oluna ki, ondan sonra biz həmin şəxslərin peşələrini müəyyənləşdirib onları ikinci peşəyə şirkətin öz hesabına göndərək. Təlim iki, üç aylıq olacaq. Həmin şəxslər təlimi bitirdikdən sonra yerlər boşaldıqca təyinatla işlə təmin olunacaqlar".

 

Departament rəisi bəzi mətbuat orqanlarında ixtisara düşən neftçilərin "qarşılarına qoyulan şərtlərlə razı olmasalar əmək haqqının 5 misli məbləğində kompensasiyanın  ala bilməyəcəkləri" barədə yer alan xəbərlərə də aydınlıq gətirib: "Əmrə əsasən, müəyyən müddət ərəfəsində beş mislini alıb işdən kənarlaşa bilər. Bu da könüllü həyata keçirilir. Ola bilsin ki, insan var o, beş mislini qəbul etmir və kadr ehtiyatında gözləyir. Vakansiya yarananda biz həmin adamı müsahibəyə dəvət edirik. Ancaq o beş mislini alıb gedənləri biz artıq dəvət etmirik".

 

Onun sözlərinə görə, struktur dəyişikliklərinin aparılmasının məqsədi ikipilləli idarəetmə sistemindən birpilləli idarəetmə sisteminə keçməkdən ibarətdir. Dəyişikliklərə əsasən, həmin müəssisələrin strukturu idarəetmə aparatlarından və istehsalat bölmələrindən ibarət olacaq ki, bunun da nəticəsində idarəetmənin çevikliyi və operativliyi artacaq və idarəetmə prosesləri sadələşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2093
avatar

Oxşar yazılar