APAran biz olaq...
31 oktyabr 2014 16:14 (UTC +04:00)

APAran biz olaq...

Hərdən özün haqda düşünməyin faydası var. Özün saydığın, özününkü bildiyin nələrinsə, kimlərinsə ortaq xatirələri var səninlə, oralarda, laap uzaqlarda. Bir az özüm, lap dəqiqi özümünkü bildiyim APA-nı deyirəm...

 

APA. Onu insan olaraq canlı bir orqanizmə bənzədirəm hərdən. Hərdən mənə elə gəlir ki, kənardan baxanda çox böyük, populyarlıq qazanan ziyalı bir insan kimidir.  Və hamı onun bu gününü görür. Bu günü, bu gün qazandığı uğurlu nəticələri...

 

Amma mən həm də dünənimə baxmağı sevirəm. Çünki bu günüm olan APA-da, həm də dünənim olan insanlar var...

 

 “Azadlıq” radiosunda çalışırdım. Hər şey gözəl idi. Hətta o qədər gözəl ki, Polad Bülbüloğlu haqda reportajımdan  sonra  radionun Azərbaycan redaksiyasının o zamankı rəhbəri Abbas Cavadi məni incəsənət və mədəniyyət adamları haqda hazırladığım reportajlara görə,  “mədəniyyət naziri” adlandırırdı. Çox xoş idi. Bəlkə də bu, bir az mənim taleyimdi. Rəhbərliyin münasibəti mənə xoş olan kimi narahat olan adamlar peyda olur həmişə. Onda da belə oldu. Mənim “nazir təyinatım” xoş olmadı, mənim dəstəyimlə rəhbər seçilən “dostlara”. Və günlərin birində elə həmin rəhbərlik mən nazirə istefa ərizəsi yazmağı təklif elədi...

 

İlk aradığım adam Nurşən Quliyev oldu. Çünki çox işlərdə məsləhət almağa üstünlük verdiyim bir-neçə adamdan biri idi. Onda APA xəbər agentliyi yeni yaranmışdı. Nurşən orda müavin kimi çalışırdı.  

 

- Nurşən mən işdən çıxarırlar deyəsən...

 

- Nə olsun ki?

 

- Yəqin qayıdacam rayona.

 

- Qayıt, qayıt, rayonda divar qəzetindən zaddan da çıxararsan Allah qoysa...

 

O qədər narahat idim ki, Nurşənin səsinini tonundan güldüyünü də tuta bilməmişdim. Və narahatlığım ona görə deyildi ki, işsiz qalmaqdan qorxurdum. Əsla, bilirdim ki, mütləq işim olacaq. Amma məni insanların həm də nə zamansa ayağının altına çiynini verdiyin insanların münasibəti üzürdü. Və gerçəkdən rayona, valideynlərimin yanına dönməyi düşünürdüm. O üzdən Nurşənə “nə bilim ee” dedim...

 

- Heç nə! Nə biləcəksən? O dəqiqə sın!..

 

Sözdən diksindim. Və ilk sualım belə oldu:

 

- Ora gələ bilərəm? (APA-nı nəzərdə tuturdum - J.M )

 

- Gəl, başqa hara gedə bilərsən ki? (Bunu deyəndə həm də güldü-J.M)

 

- Bəs Vüsalə? Ona gəlib özüm deməliyəm? Qaydaları bilmirəm axı...

 

- Sən gəl, mən də deyəcəm, özünüz də oturub danışacaqsınız təbii ki. Orda nə var ki? Vüsalə tanımadığın adam deyil...

 

İndiki Qış Parkının yerindəki köhnə məhəllədə idi ofis. Gəldim. Vüsalə Mahirqızıyla da görüşdüm. Onu çoxdan tanıyırdım. Deyirdim, bu qız həmişə harasa gedir, gəlir, çalışır vuruşur, həmişə də yazır? Özü də demək olar ki, hər gün... Görən necə yetişir?!.. Münasibətimiz ancaq salamlaşmaqdan ibarət idi. O üzdən heç özündən soruşmağa zamanım olmamışdı. O üzdən indi məni necə qarşılayacağının xüsusi önəmi vardı. Salamlaşan, hal əhval tutan kimi mənə alacağım maaşın məbləğini dedi. Uzun-uzadı söhbət elədik sonra. Hər şeydən danışdıq demək olar ki. Sonra qalxdım ki, gedim. Dedim yəqin yeni aydan başlayacağam işə.  Dedilər yox, artıq oturacağın yer də var, get işinin başına. Açığı iyirmi illik jurnalist fəaliyyəti müddətində bu qədər rahatlıqla işə düzəldiyim olmamışdı...

Amma inciməsin bu yazıda haqqında başqa nəsə yaza bilmirəm. Baxmayaraq ki, yazmağa sözüm  çoxdur. Sadəcə bilirəm ki, nə qədər səmimi olsam da, müdirə tərifdir deyəcəklər...

 

Mənsə təxminən, eyni illərin uşaqları, gəncləri, insanları bilirəm özümüzü. Bizlər, 70-ci illərin uşaqları, uşaqlığını, gəncliyini, tələbəliyini doya-doya yaşamayanlarıq. Biz yarımçıq sovet uşaqlarıyıq. Biz zamanı qabaqlayıb bir az tez böyüyənlərik.  Biz bu şəhərdə ən gözəl xatirələrinin arxasından belə bir kədər boylanan insanlarıq. Bizim xatirələrimiz olan hər şeyi yavaş-yavaş söküb təzələyirlər indi. Bəlkə daha heç kimin xatirəsindən kədər boylanmasın deyə, yeni gözəl xatirələr yaransın, yaşansın deyə edilir bunlar, bilmirəm. Amma biz həm də o insanlarıq ki, o yenilikdə belə öz xatirəmizin abidəsini qoymuşuq...

 

Məsələn bu gün Qış Parkına baxanda mən təkcə səliqəli skamyaları, təzə sevgililəri, ilk addım atan uşaqları, yaraşıqlı oğlanları, gözəl qızları, skamyada əyləşib dincələn yaşlı insanları, kafe və çay evlərini, gözəl fantanları, lap elə qarşıdakı möhtəşəm Dram Teatrının binasını görmürəm. O Qış Parkında öz səhnəm, öz xatirəm var...

 

Mənə elə gəlir ki, bizim ofisin yerləşdiyi o bina heç sökülməyib. Nazilə, həmişəki kimi telefon zənglərini qəbul etmək üçün otağın küncündəki stolunda əyləşib. Zaur, Esmira xanım yan otaqda maliyyə sənədlərimizlə məşğuldurlar. Səidə, Lalə operatorumuzdur yenə, Elçin də sürücümüz. Orda, o binada yaxşı mətbəxi olmayan biz, kiçik zalda qoyulan yazı masanın üstündə nahar süfrəsi açmışıq özümüzə. Balaca Vüqar internet səhifəsinin dizayn işlərini öyrənməklə məşğuldur. Orda Nurşən, Vüqar hələ də nəyisə redaktə eləyir, qalan əməkdaşlar ortalıqda qaynaşır. Hər yerə can atırıq ki, xəbər çıxaraq. Olmayanda özümüz yaradaq o xəbəri...

 

Qış Parkına insanlar hərdən gəlir. Dincəlməyə, oturub nəfəs dərməyə. Mənsə hər dəfə düşünürəm ki, o insanlar heç özləri də bilmədən mənim xatirələrimə qonaqdır.

O üzdən gördüyüm bu günki gözəllik ikiqat zövq verir mənə. Və hərdən parkın yanından  keçəndə, öz xatirəmə də, elə o adamlara da əl edib, gülümsəyirəm...

 

Kiçicik bir xatirə əks olunan bu yazını həm də o illərin ən xoş anlarını yadında saxlayan fotolara baxa-baxa yazırdım. Nəcəf Nəcəfov, Ağamalı Sadiq Əfəndi,  Xəlil Rza, Əbülfəz Elçibəy  və daha kimlərlə çəkilən şəkillərimiz. Elçin Səlcuq, Əjdər, Elxan və sairlər. İndi heç biri həyatda deyil. Şəkillər həyatdan etibarlıdır bəlkə də.  Çünki həyatın öldürdüyü insanlar şəkillərdə həmişə yaşayır,  düşündüm.  Və bir şəkil daha...

 

Lent.az-ın rəhbəri Qabil Abbasoğlu “Müxalifət” qəzetində bağışlamışdı bu şəkli. Əslində bu şəkli mən istəmişdim ondan. Xanımı ilə ailə ortamında çəkilmiş gözəl bir şəkildir. Mən ordan işdən ayrılırdım, hamımız bir az kövrəlmişdik. Nə eləyə bilərəm sənin üçün soruşdu. Əlimi şəklə uzadıb, onun arxasına nəsə yaz, ver mənə dedim. Onda baxmadım. Amma mənə dedi ki, yazdığıma əməl eləsən həmişə aparan sən olarsan. Sonra cəmi bircə dəfə oxudum şəkilin arxasındakı yazını:

“Sevgidə sərhəd tanıma, həmişə sev”... yazmışdı. Mən də həmişə belə elədim. Düz 20 ildir belə eləyirəm.  Və qəribə olanı budur ki, qazandıqlarım, həmişə “uduzdum” deyib təəssüfünü yaşadıqlarımdan artıq olub. Düz 20 ildən sonra yenidən oxudum o şəklin arxasındakı  “sevgidə sərhəd tanıma, həmişə sev!” yazısını. Mənim dünənimin və bu günümün bağlı olduğu adamları da düşündüm bu dəfə. Kim nə deyir desin, necə eləyir eləsin, məncə siz möhtəşəm sevdiniz. İndi həm də biz olmuşuq. Mən də sizə qoşulub sevirəm: peşəmizi, özümüzü, ətrafdakı hər kəsi, hamını, lap xırda  bir böcəyi, balaca bir daşı da. Sevək ki, bundan sonra da APAran həmişə biz olaq... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912

Oxşar yazılar