AMEA GMO ilə bağlı həyəcan təbili çaldı
06 fevral 2014 18:31 (UTC +04:00)

AMEA GMO ilə bağlı həyəcan təbili çaldı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu (İHETİ) sağlamlıq hüququ, genetik modifikasiya olunmuş (GMO) orqanizmlər, ərzaq və qida təhlükəsizliyinin hüquqi tənzimlənməsi istiqamətində tədqiqatlar aparır. Bu barədə Lent.az-a Akademiyadan məlumat verilib.

Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, hazırda dünyada gen mühəndisliyi və genetikanın sürətli inkişafı ilə əlaqədar olaraq, genlərin bir orqanizmdən digərinə köçürülməsini tənzimləməyə yönəldilmiş qanunvericilik normalarının zənginləşdirilməsi və tətbiqi aktualdır.


İnstitutun direktoru Aytən Mustafayeva və Bioetika və tibbi hüquq şöbəsinin müdiri Vüqar Məmmədov sözügedən araşdırmaların nəticələri barədə məruzə ilə çıxış ediblər. “Sağlamlıq hüququ, genetik modifikasiya edilmiş məhsullar və onların hüquqi tənzimlənməsi” adlı məruzədə bildirilib ki, Avropa İttifaqı məhsulların tərkibində GMO-nun limitini 0,9 faiz təyin edib. GMO orqanizmlərin yetişdirilməsi və qidalanmada istifadəsi bir çox risklərlə müşayiət olunur. Ekoloqlar geni dəyişdirilmiş növlərin təbiətə daxil olma­sından və ekosistemlərdə fəlakətə səbəb ola biləcək dəyişikliklərdən ehtiyatlanır.

Məruzəçilər vurğulayıb ki, ABŞ və Avropada transgen məhsullar diqqətlə markalanır, ayrıca satılır və bu qida növləri ucuz olmaları ilə fərqlənirlər. Azərbaycanda isə bu sahədə qanunvericiliyin formalaşmaması transgen məhsullardan istifadəyə nəzarəti bir qədər çətinləşdirir. GMO orqanizmlərin və onlardan alınan məhsulların insan orqanizminə təsiri hələ tam öyrənilməyib. Buna baxmayaraq, onların orqanizmlərdə törətdiyi allergik reaksiyalar, immun sisteminin zəifləməsi, antibiotikə davamsızlıq, insan sonsuzluğu, qadın genlərinin çoxalması və digər dəyişikliklər müşahidə olunur.

Elmi məruzənin nəticələri çoxsaylı sual və müzakirədən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib, təklif olunan yanaşma məqbul hesab edilib. Azərbaycan qanunvericiliyinə təsbit olunmaq üçün müvafiq təkliflərin hazırlanması və maarifləndirmə işinin davam etdirilməsi İHETİ-nin rəhbərliyinə tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885

Oxşar yazılar