AMEA-nın xatirə nişanları təsis edilir
Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın xatirə nişanlarının təsis edilməsi haqqında məsələ müzakirə olunub. Bu barədə Lent.az-a AMEA-dan bildirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın adlı mükafatları təsis edilib və əsasnamələri təsdiq olunub.
Akademik vurğulayıb ki, ötən müddət ərzində əsasnamələrin tələblərinə uyğun olaraq hər il adlı mükafatlar üçün müsabiqə elan olunub, müvafiq elm sahələrini təmsil edən görkəmli alimlər mükafatlarla təltif ediliblər.
Rəyasət Heyəti adlı mükafatların nüfuzunun daha da artırılması, həmçinin mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi məqsədilə AMEA-nın adlı mükafatlarının xatirə nişanları ilə əvəz edilməsini məqsədəuyğun hesab edib. Beləliklə, "Tibb sahəsi üzrə akademik Mirəsədulla Mirqasımov" xatirə nişanı, "Tibb sahəsi üzrə akademik Mustafa Topçubaşov" xatirə nişanı, "Tibb sahəsi üzrə akademik Zərifə Əliyeva" xatirə nişanı, "Kimya sahəsi üzrə akademik Yusif Məmmədəliyev" xatirə nişanı, "Kimya sahəsi üzrə akademik Murtuza Nağıyev" xatirə nişanı, "İncəsənət sahəsi üzrə akademik Üzeyir Hacıbəyli" xatirə nişanı, "Memarlıq və incəsənət sahəsi üzrə akademik Mikayıl Useynov" xatirə nişanı, "Ədəbiyyat, poeziya sahəsi üzrə akademik Səməd Vurğun" xatirə nişanı, "Geologiya sahəsi üzrə akademik Musa Əliyev" xatirə nişanı, "Torpaqşünaslıq və coğrafiya sahəsi üzrə akademik Həsən Əliyev" xatirə nişanı, "Riyaziyyat sahəsi üzrə akademik Zahid Xəlilov" xatirə nişanı, "Neft sahəsi üzrə akademik Azad Mirzəcanzadə" xatirə nişanı, "Fizika sahəsi üzrə akademik Həsən Abdullayev" xatirə nişanı, "Kompüter elmləri sahəsi üzrə professor Lütfi Zadə" xatirə nişanı təsis edilib. Bundan başqa, AMEA-nın təsis edilməsinə həsr olunmuş xatirə nişanı və elmin inkişafına dəstək verən şəxslərə təqdim edilmək üçün AMEA-nın xüsusi xatirə nişanı təsis olunub.
794