AMEA Geologiya İnstitutunun gənc elmi işçisi Bəhruz Əhədov Almaniyada “Seysmologiya, seysmik məlumatların analizi, təhlükənin qiymətləndirilməsi və riskin azaldılması” mövzusu üzrə beynəlxalq təlim kursunda iştirak edib. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, təlim Potsdam şəhərində yerləşən “GFZ Yer Elmləri üzrə Almaniya Tədqiqatlar Mərkəzi” tərəfindən təşkil olunub.
Kursda azərbaycanlı gənc tədqiqatçıya onun İçərişəhərdə aparmış olduğu seysmik ölçülərin nəticələri ilə bağlı təlim keçilib. Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin magistrantı B.Əhədov paytaxtımızın mərkəzinə aid olan seysmik məlumatları bir aylıq kurs müddətində müasir nəzəriyyələrə əsaslanaraq hazırlanmış geofiziki alqoritm və proqramlarla analiz edib, müsbət nəticələr alıb.
Qeyd edək ki, kursa ümumən 20 ölkə, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rumıniya, Çin, Hindistan və digər dövlətlərdən də gənc alimlər qatılıb. Layihə Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə icra olunub.