Alaçıqdan alaçığa, 12 min əvvələ  - REPORTAJ
25 sentyabr 2013 14:38 (UTC +04:00)

Alaçıqdan alaçığa, 12 min əvvələ - REPORTAJ

Əgər siz 12 min öncəyə qiyabi səfər etmək istəyirsizsə, hökmən yarım gününüzü ayırıb Qobustana gedin. Qobustan Dövlət Tarix və Bədii Qoruğuna. Bakının 56 km yaxınlığında yerləşən keçmişimizə.

 Bu qoruq iki hissədən ibarətdir, qayalara cızılmış rəsmlərin olduğu Böyükdaş adlı qayalıqlardan və Qobustan muzeyindən.

   Muzey üç mərtəbəli olsa da, onun yalnız bir mərtəbəsi görünür, qalan ikisi isə yerin altında yerləşir. Burda Qobustan qayalarındakı  rəsmlərin fotolarını, həmin dövr insanların maketini  və 3D görüntülərini, əcdadlarımızın həyatı ilə bağlı heyvanların foto və maketlərini izləyə bilrsiz. Muzey insanı 12 min ilə öncəyə, Mezolit (orta daş) dövrünə aparır. Xüsusi ilə musiqi və qədim insanın təbiətdən qopmayan səsi.

 

 Qobustan muzeyində belə  bir lövhə var : "İnsan öz nailiyyətindən qaça bilməz. İnsan artıq sadəcə maddi dünyada deyil, həm də simvollar dünyasında yaşayır. Dil, mif, incəsənət və din həmin dünyanın bir hissəsidir. Onlar simvolik toru, insan təcrübəsinin dolaşıq torunu toxuyan müxtəlif iplərdir".   Ernst Kasirer (alman filosofu)

2011-ci ildə tikilən muzeydən 3 - 4 km yuxarıda, təpənin ətəyindən o yana Qobustan qayalıqları başlayır. Bir az irəlidə isə Çingiz xanın “gəzən evinə” bənzər alaçıq var. Dəmirdən, betondan olan bu alaçıq turistlərin və muzey işçilərinin istirahət yeridir.

 Muzeydən aldığımız biletləri bu alaçığın yanında dayanan polisə verib keçirik keçmişə. Polis bələdçi təklif edir. Burda bələdçilər pullu olur, biletə verilən iki manatdan əlavə ona da pul ödəməlisən. Bələdçisiz keçinirik...

 

Yol alaçıqdan başlayıb...alaçıqda da bitir. Getdiyiniz yolla qayıtmağınız məsləhət deyil, çünki, o biri yolda maraqlı yazılar var. Xüsusi ilə kiçik qaval və su yığmaq üçün çuxurlar. Araşdırmalar Qobustan insanın bu yerlərin ən isti dövründə yaşadığını göstərir. Bu çuxurlar da su ehtiyatını təmin etmək üçün düzəldilib.

  Burda 6 min qayaüstü rəsm, 20-yə yaxın mağara var. Mağaralar ilkin vəziyyətində deyil. Artıq aşınma gedib, daralıb, ya da üstü açılıb.

Rəsmlərin düzgün tədqiqatını aparmaq üçün qayalar nömrələnib. Beləcə hər bir qayanın öz nömrəsi, öz rəsmi...

 Bir qayada bəzən yüzlərlə rəsm olur, bəzən isə bir böyük rəsmlə qarşılaşırsan. Burdakı rəsmlər müasir insanın gözü ilə çox sadə və bəsit görünə bilər, sanki bunu üç yaşlı uşaq çəkib. Amma bu rəsmlərin yaranmasından 12 min il keçdiyini düşünəndə rəsmlərdə gizlənən və demək olar dəyişməyən simvollar sənin üçün möhtəşəm abidəyə çevrilə bilər.

Qayaüstü rəsmlərin üzərinə ötən əsrin 60-cı illərində arxeoloqlar diş pastası sürtüblər ki, daha aydın görünsün. Təmizlənən rəsmlərin bəzisi daha qabarıq görünür, cizgilər tez seçilir, bəzilərini isə yaxından baxdıqda görmək olur.

Müxtəlif mövzuları əhatə edən qaya rəsmlərində bir neçə ana mövzu var: kişi və qadın rəsmləri, ov səhnələri, vəhşi heyvanlar, rəqs edən insanlar. Qədim qobustanlılar qadınları  qolsuz, başsız və ayaqsız çəkirdilər. Qayalıqda bələdçilərin ən çox bilgi verdiyi rəsmlərdən biri də məhz iki hamilə qadın rəsmidir ki, bir qayada cızılıb. Yalnız bələdçinin izahatından sonra rəsmin hamilə qadına aid olduğu anlaşılır. Kişiləri isə  daha çox ov edərkən görmək olur burda.

Qayaların arası ilə gedən yolun sonunda geniş düzənlik var. Burda qaval daşı yerləşir. Bura gələnlər bu qavalın başına yığışanda bələdçi bizə bildirdi ki, qabaqda başqa qaval daşı da var, ondan daha yaxşı səs çıxır. Sonra telefonundakı videoda həmin qavalda ifasını göstərdi. Səs çox aydın və həm də incə idi. Bu səsin adi bir daşdan çıxmağına inanmaq olmurdu. Bizim ora getmək istədiyimizi bildirdik. Əvvəl razılaşdıq. Pul verməyəcəyimizi bilən kimi fikrindən döndü, polisin icazə vermədiyini dedi. Sən demə, elə burda bitirmiş icazəli gəzinti. Elə Qobustan səfərimiz də. Səfərdən qalan isə yazdıqlarımız, gördüklərimiz və fotolar oldu...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1628
avatar

Elvin Bayramlı

Oxşar yazılar