Layihə: “Olanlar”
Şair-jurnalist dostumuz, Səməd Vurğun yurdunun yetirməsi Akif Səmədlə ötən əsrin 80-ci illərinin əvvəllərində “Azərbaycan” nəşriyyatında tanış olmuşduq. Kimsə xüsusi olaraq tanış etməmişdi. Sadəcə mən “Vışka” qəzetində işləyərkən hərdən onunla nəşriyyatın dəhlizlərində rastlaşmalı olurduq. Və günlərin bir günü qeyri-ixtiyari olaraq köhnə tanışlar kimi salamlaşıb, hal-əhval tutmaga başladıq. İlk əvvəllər onun hansı redaksiyada işlədiyindən, şairliyindən xəbərim olmasa da, xoşxasiyyət bir oğlan, gənc və sadə bir jurnalist kimi xüsusi səmimiyyətlə görüşərdik.
Çox sonralar – artıq 90-cı illərdə şahidi olurdum ki, Akif Səməd nahar fasiləsi zamanı yemək və bir az da “boğazını yaşlamaq” üçün nəşriyyatın yeməkxanasında görünərkən bütün şeir-hal əhli onun başına toplaşardı. Yemək-içmək məclisi istər-istəməz şeir-sənət, gur bir poetik diskussiya məclisinə çevrilərdi. Hərdən mən də Akifin israrlı dəvətini qəbul edib onun məclisində otursam da, içki içməmək üçün müəyyən bəhanələrlə üzrxahlıq edib, tez bir zamanda məclisdən uzaqlaşardım.
Yüksək poetik ilhamı, eyni zamanda təkəbbürlükdən uzaq olması, şirin Qazax ləhcəsində duzlu-məzəli söhbətləri, dövrə, zəmanəyə, həmçinin bəzi mənəviyyatsız, karyerist xarakterli adamlara özünəməxsus kinayələri, tutarlı atmacaları, dost-tanışlarla eyhamlı zarafatları onu hamı kimi mənim üçün də maraqlı və yaxın bir adama çevirmişdi. Bütünlükdə Akiflə ünsiyyət onu tanıyanların hər biri üçün olduqca xoş idi.
Ancaq düzünü deməliyəm ki, Akifin istedadlı, ilhamlı bir şair olmasından çox gec xəbər tutmuşdum. Əslində bir şair kimi, müdrik bir adam, şeir-sənət bilicisi kimi şifahi xalq yaradıcılığı, poeziya ilə bağlı bir çox televiziya proqramlarının fəal iştirakçısı, maraqlı müsahib, daha sonralar isə radio-televiziya verilişlərinin istedadlı və bacarıqlı aparıcısı olaraq, ədəbi verilişləri Qazax ləhcəsi ilə daha da şirinləşdirən bir şair-ozan kimi respublikamızda o, özünün köhnə kişilərə məxsus ağırtaxta görkəmi ilə sonralar – 90-cı illərdə tanınmış, sevilərək məşhurlaşmışdı.
Elə, o günlərdə - 1989-cu ilin yayında isə hələ çoxları onu yaxın gələcəyin istedadlı, sevilən şairi və sadəcə Akif Səməd kimi yaxşı tanımırdı. O vaxtlar dünya Azərbaycan üçün çox qarmaqarışıq idi – xalqımız rus imperiyasının KQB-nin əli ilə, daşnakların vasitəsilə yaratdığı Qarabağ düyünü ilə üzləşmişdi. Yalnız Bakıda deyil, respublikamızın bütün regionlarında, bütün şəhər və kəndlərimizdə antisovet meylləri, Sovet rejimi və atributlarına, imperiyanın bütün təzahürlərinə qarşı nifrət hissi çox təbii olaraq güclənmişdi.
Belə günlərin birində “Vışka” qəzetinin Sumqayıtdakı müxbir postuna işə yollanaraq, “dahi rəhbər”in adını daşıyan mərkəzi şəhər meydanına yaxınlaşarkən orada iki nəfərin möhkəm tutaşdığını gördüm. Nə üçün savaşdıqlarını bilməsəm də, onları aralaşdırmaq, sakitləşdirmək istədim. Nə görsəm yaxşıdı? “Burax məni sənə deyirəm, mənim o kişiyə sözüm var”, - deyə rəqibi ilə əlbəyaxa olaraq, onun qolları arasından çıxmağa çalışan, sən demə, Akif Səməd imiş. Çaşqınlıq içərisində: “Akif, nə olub, niyə dalaşırsınız?”, - deyə onları aralamağa çalışsam da, ”rəqib”i onu qolları arasından buraxmaq istəmirdi.
- Burax məni, mənim o kişinin qulağına deyiləsi sözüm var, - deyə Akif əlini meydanın o vaxtkı şəhər partiya komitəsinin qarşısında hündür postament üzərində ucalan heykələ - Leninin abidəsinə tərəf uzatdı.
O, əl-qol ataraq çırpınır, “rəqib”i isə onu buraxmır, “Akif, indi yox, başqa vaxt, onun qulağı çox hündürdədir, ora çıxa bilməzsən”, - deyirdi.
Sən demə, Akifin “süpürüşdüyü” adam özgəsi yox, yaxın tanışı imiş.
- Rəhman, qardaşımsan, buna deynən, məni buraxsın, o kişinin qulağına deyiləsi bir-iki kəlmə sözüm var.
Onun adəti üzrə o zəhrimardan – araqdan “bəsdi deyincə” vuraraq, ayaq üstə güclə dayandığını görüb, tanışına göz-qaşla onu buraxmağı xahiş elədim. Nəhayət, qucaqlaşıb-görüşərək dedim:
- Akif, əvvəla, Sumqayıta xoş gəlmisən. İkincisi, sənin o kişinin qulağına sözünü demək üçün böyük bir nərdivan lazımdır...
- Lazım deyil. Mən özüm dırmaşacağam ora, - dedi.
- Necə dırmaşacaqsan axı? - soruşduqda cavab verdi ki, “kənddə ağaca dırmaşan kimi...”
- Akif, bizdə nərdivan var, gedək onu gətirək, rahatca qalx, nə sözün var, de kişinin qulağına. Bir də ki, axı, nə sözün var sənin Leninə?
- Sözümü onun özünə, qulağına deyəcəm...
Tanışı ilə köməkləşib, onu çox cətinliklə də olca, heykəlin yanından, meydandan araladıq. Təsadüf elə gətirmişdi ki, nahar fasiləsi yenicə başa çatdığından yaxın ətrafda bir ins-cins gözə dəymirdi və Akif Səmədin V.Leninin qulağı ilə bağlı sərgüzəştindən heç kəs xəbər tuta bilməmişdi (KQB Akifin “antileninçi” hərəkətindən xəbər tutsaydı, yəqin ki, bu ona qətiyyən asan başa gəlməyəcəkdi). Nərdivan tapmaq və çay içmək bəhanəsilə onu meydandan uzaqlaşdırdıq və mən onu ilk olaraq yaxınlıqdakı foto-atelyeyə dəvət etdim:
- Akif, səninlə birgə şəklimiz yoxdur, gəl bir şəkil çəkdirək.
Etiraz etmədi. Və bu şəkil 1989-cu ilin iyul günlərindən, ən başlıcası isə hər yerdə, hər zaman qeyri-adiliyi, yaxşı mənada “dəli-doluluğu” ilə seçilən, azadlığı Ulu sənətkar Xəlil Rza kimi nə qram-qram, nə də xoşladığı “100 qram” kimi istəməyərək, onu bütünlüklə başına çəkmək, bütün varlığına hopdurmaq, azadlıq sevinc-şəlaləsinə qərq olmaq istəyən qaynar təbiətli dostumuz Akif Səməddən xoş və əbədi bir yadigar olaraq qaldı.
“Dahi rəhbər”in qulağına onun deyəcəyi sözə gəlincə isə yəqin demək istəyirdi ki, “Bəsdir burda başımızın üstünü kəsdirib ağalıq etdiyin. Vaxtdır, daha sürüş burdan!”.
Akif bir vaxtlar doğma xalqının Azərbaycanda Demokratik Respublika quraraq, qovuşduğu azadlığı, müstəqilliyi 1920-ci ildə onun əlindən imperiya hərisliyi və ganiçənliyi ilə almış bolşevik rəhbəri Leninin hər hansı bir izinin Azərbaycanda qalmasına səbr edib-dözə bilmirdi. Odur ki, Sumqayıta yolunu salıb, bir qədər “kefini durultduqdan” sonra Leninə son sözünü demək istəyirdi.
Bu, o vaxtlar idi ki, imperiyanın qılıncı hələ sola da, sağa da pis işləmirdi. Leninin “sürüşüb getməsinə” isə hələ iki ildən də çox vaxt qalırdı. Akif Səmədin isə həmin anı gözləməyə nə səbri, nə də vaxtı var idi. Necə ki, şeir-sənətlə dolu gözəl bir ömrü başacan yaşamağa da... məhz vaxtı olmadı...
Şəkildə: (sağdan) şair Akif Səməd və mən.