Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ailə başçısını itirmiş 39 342 nəfər uşağa və 63 094 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa aylıq sosial müavinət ödənilir. Bu barədə Lent.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Ölkədə ünvanlı dövlət sosial yardımı alan ailələrin 38 287-si tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Ünvanlı yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı isə 285 872 nəfərdir. Müvafiq qanunvericiliyə əsasən, ünvanlı yardım təyin olunmuş ailələrdə 1 yaşadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq ayda 45 manat müavinət də verilir.
Prezidentin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərmanına əsasən, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinətin ödənilməsinə başlanılıb. Cari ilin 1 may tarixinə beşdən çox uşağı olan qadınların uşaqlarının ümumi sayı 5300 nəfərdən çoxdur.
Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şaqan 3 saylı və Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı bu müəssisələr uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilib. Hazırda ƏƏSMN-nin tabeliyində olmaqla Bakı və Naxçıvan şəhərlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir. Bununla bərabər, əlilliyi olan şəxslərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa-müalicəsinin təşkili, onların yaradıcılıq imkanlarının dəstəklənməsi istiqamətində ƏƏSMN tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş, həmçinin yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri, onlar üçün müvafiq təminatlar nəzərdə tutulub. Əmək fəaliyyəti üçün minimum yaşdan aşağı yaşda olan uşaqların hər hansı ödənişli işlərə cəlb olunmasına, əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə uşağın onu fiziki, əqli və mənəvi baxımdan təhlükə altına qoyan əməyə cəlb olunmasına, ümumən uşaq əməyinin ən pis formalarına qarşı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən məqsədyönlü tədbirlər görülür.