Bu gün Azərbaycan Dillər Universitetində Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, ADU Tələbə Gənclər Təşkilatının Vətənpərvərlər Klubunun təşkilatçılığı ilə baş tutan tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva, həmin kafedranın dosenti Qorxmaz Mustafayev, baş müəllimi Qəribə Əlizadə və Pedaqoji fakültənin tələbələri iştirak edib.
Tədbirdə çıxış edən prorektor Ə.Əliyev M. Ə. Rəsulzadənin siyasi fəaliyyətindən, o cümlədən İranda gördüyü işlərdən söz açıb. O, M. Ə. Rəsulzadə kimi xadimlərin həyat tarixçəsini dəqiqliklə öyrənməyin vacibliyini vurğulayıb.
Sonra Məhəmməd Əmin Rəsuzladənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.