“Bud-çanaq oynağının anadangəlmə çıxıqlarının səbəbləri tam olaraq elmə məlum deyil. Bu səbəblərdən danışarkən genetik faktorun üzərində daha çox durulur. Bir ailədə, nəsildə bu problem varsa, ailə üzvlərində, sonrakı nəsildə də problemin üzə çıxma riski yüksəkdir”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ortopediya-travmatologiya uzmanı Vüsal İsmayılov deyib.
Mütəxəssis, bud-çanaq oynağının anadangəlmə displaziyalarına Azərbaycanın cənub bölgəsində daha çox rast gəlindiyini xatırladıb. Onun sözlərinə görə, qız uşaqlarında bu xəstəliyə 6 dəfə daha çox rast gəlinir. Həkim qeyd edib ki, bud-çanaq oynağının anadangəlmə displaziyaları ana bətnindəykən yaranan xəstəlikdir: “Sağ oynaqda displaziyalara daha çox rast gəlinir, bu da ana bətnindəki duruşla əlaqədardır”.
İlk uşaqların risk qrupuna daxil olduğunu deyən həkimin sözlərinə görə, sağrı gəlişi ilə doğulan uşaqlarda da bu problemlər aşkarlanır. Uşağın ana bətnində duruşu və sağrı gəlişi ilə doğulması bu xəstəlik riskini artırır.
Həkim onu da deyib ki, uşaqda əyriboyunluq və yastı pəncəlik anadangəlmə bud-çanaq displaziyasının əlaməti ola bilər.
Problemin aşkarlanması, diaqnostikası barədə danışan V. İsmayılov ultrasəs müayinəsinin bu xəstəliyin aşkarlanmasında əsas rol oynadığını açıqlayıb.
Amma 3 həftəlik dövrdən 6 aylığa qədər olan müddətdə uşaqlarda ultrasəs müayinəsi ilə bud-çanaq çıxıqlarını müəyyənləşdirmək mümkündür. Altı aydan sonra sümük formalaşdığından bu müayinə metodu ilə diaqnoz qoymaq çətinləşir, digər müayinə metodlarına müraciət edilir.
Mütəxəssis onu da deyib ki, bu xəstəliyin müalicəsi üçün erkən diaqnoz çox əhəmiyyətlidir. Diaqnostika gecikdikcə xəstəliyin əməliyyatsız müalicəsi yaxşı nəticə vermir: “18 aydan böyük uşaqlarda oynaq yuvasının öz-özünə dərinləşməsi çətin olur.
Doğum evlərində uşaqlar pediatrların müayinəsindən keçərkən bud-çanaq oynaqlarının da müayinəsi aparılmalıdır. Əgər bu müayinə zamanı oyaqların stabil olmadığı aşkarlanarsa, o zaman uşaq ortoped-travmatoloq müayinəsinə yönləndirilməlidir”.
V. İsmayılov bud-çanaq oynağının displaziyasına şübhə yaradan məqamlardan birinin həmin nahiyədə büküşlərin assimetrik olmasının olduğunu vurğulayıb: “Bu, bir çox hallarda ailələrdə narahatlıq doğurur. Amma bu halın olması o qədər də əhəmiyyətli deyil, sadəcə, şübhə yaradan amildir. Büküşlərdə asimmetriyanın olması heç də həmişə bud-çanaq displaziyasının əlaməti olmur. Bəzən heç bir problem olmadığı halda belə, büküşlərdə assimetriya müşahidə olunur”.
Ortoped-travmatoloq problem aşkarlandığı halda valideynləri bu məsləyə həssaslıqla yanaşmağa, mütəxəssislərə müraciət etməyə çağırıb: “Diaqnoz daha erkən qoyulub, müalicəsi vaxtında aparıldıqda daha yaxşı nəticə əldə etmək mümkün olur. Daha irəli yaşlarda displaziyalı oynaqları olan insanlar ağrı çəkir, yerişdə axsaqlıq, qüsur yaranır. Körpə uşaqlar üçün aparılan, effekti olan konservativ müalicə üsullarının irəli yaşlarda əhəmiyyəti olmur. Bu zaman daha mürəkkəb addımların atılması qaçılmaz olur”.
V. İsmayılov onu da bildirib ki, bu problemlə bağlı vaxtında əməliyyat olunan hər 100 xəstədən 97-də uğurlu nəticə qeydə alınır.