Bunu APA-ya açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov söyləyib.
E.Əsgərov bildirib ki, Naxçıvandakı Zəngəzur Milli Parkında 4, Lənkəran və Astara rayonlarının ərazilərində yerləşən Hirkan Milli Parkında isə 3 bəbir müşahidə edilib. Bəbirlərin müşahidəsinin aparılması, qorunmasının təmin edilməsi üçün WWF tərəfindən hər iki Milli Parkın ərazisində 10 foto-tələ quraşdırılıb: “Naxçıvan ərazisinin 27 faizi, ümumilikdə Azərbaycan ərazisinin isə 10 faizi qoruq, yasaqlıq və xüsusi qorunan ərazilərdir. Bunun özü də təbiətin, o cümlədən bəbirlərin etibarlı qorunmasına təminatdır. Digər tərəfdən, Azərbaycana qoruq ərazisindən kənarda bəbirin öldürülməsinə görə 3 300 manat, qoruqda öldürülməsinə görə isə bunun 3 misli, yəni 9 900 manat cərimə nəzərdə tutulur. Bu, kifayət qədər böyük məbləğdir və bəbirləri qorumaq istiqamətində atılan addımdır”.
E.Əsgərov qeyd edib ki, Türkiyədə öldürülən bəbir Anadolu yarımnövünə məxsusdur: “Azərbaycan ərazilərində yaşayan bəbirlər isə Qafqaz bəbirləridir. Türkiyədəki Anadolu bəbiri Suriyaya yaxın bölgədə, Diyarbəkrin Çinar rayonunda öldürülüb. Qafqaz bəbirlərinin yaşadığı areala isə Naxçıvan, İran, Ermənistan, Qarabağ və Hirkan meşələri daxildir. Yəni Türkiyədə çobanlar tərəfindən öldürülən bəbir Naxçıvanda görüntülənən bəbirlərdən deyil”.
WWF-nin Azərbaycan nümayəndəliyinin direktoru xatırladıb ki, Azərbaycanda sonuncu dəfə bəbir 2006-cı il noyabrın 27-də Cəlilabad rayonunun Axtaxana kəndi ərazisində ov tüfəngi ilə öldürülüb. Bundan sonra bəbirlərin qorunmasına diqqət daha da artırılıb: “WWF 10 ildir ki, Qafqaz Regionunda Bəbirlərin Mühafizəsi Proqramını həyata keçirilir. Bu proqram çərçivəsində bəbirlərin yaşadığı areallarda foto-tələlər quraşdırılır, Zəngəzur və Hirkan Milli parklarına texniki dəstək verilir. Bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Ona görə də Azərbaycanda bəbirlərin qorunması ilə bağlı narahatçılığa lüzum yoxdur”.
Qeyd edək ki, noyabrın 2-də Türkiyədə çobanlar tərəfindən Anadolu yarımnövünə məxsus 2 yaşlı bəbir öldürülüb. Diyarbəkrin Çinar rayonunda öldürülən bəbirlə bağlı araşdırma aparılır.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2000-ci ildən WWF ilə əməkdaşlıq çərçivəsində ölkə faunasının ən nadir növlərindən biri olan Qafqaz bəbirinin mühafizəsi istiqamətində iş aparır. Bu əməkdaşlıq çərçivəsində 2009-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda bəbirlərin mühafizəsinə dair Milli Fəaliyyət Planı təsdiqlənib. Planın tərtib olunmasında Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) bütün dünyada pişikkimilərin nadir nümayəndələrinin mühafizəsi ilə məşğul olan ekspertləri iştirak ediblər. 13 oktyabr 2012-ci il tarixində isə Moskva şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu IDEA beynəlxalq ekoloji kampaniyası və WWF-nin Rusiya nümayəndəliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb ki, həmin müqaviləyə əsasən iki ölkə arasında bəbirlərin də mühafizəsi istiqamətində işlərin sürətləndirilməsi nəzərdə tutulub.