APA-nın verdiyi xəbərə görə, «20 Yanvar» dairəsindən şəhər istiqamətində Tbilisi prospekti üzrə Nəqliyyat Nazirliyinin inzibati binasının yanınadək yeni asfalt örtüyünün təcili çəkilişi ilə əlaqədar bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib.
Qeyd edilən ərazi üzrə nəqliyyat sıxlığının, tıxacların və yol-nəqliyyat hadisələrinin yaranmaması məqsədi ilə alternativ yol kimi Sumqayıt şəhərindən keçməklə Novxanı-Binəqədi yolu ilə hərəkət edərək Bakının Azadlıq prospekti və digər istiqamətləri üzrə, Beynəlxalq Avtovağzalın inzibati binasının yanından 3-cü kənar dairəvi yolla Badamdar və digər istiqamətlər üzrə, Bakı-Sumqayıt şosesindən Xocasən istiqamətində hərəkət edərək Bakı-Salyan şosesi üzrə, həmçinin 20 Yanvar dairəsindən Şərifzadə və Həsənbəy Zərdabi küçələri ilə Qələbə meydanına keçməklə A. Salamzadə küçəsi ilə hərəkət edərək Nəqliyyat Nazirliyinin inzibati binasının yanından Tbilisi prospektinə çıxmaq tövsiyə edilir.
Bundan başqa, Sumqayıtdan 20 Yanvar dairəsi istiqamətində avtomobil tunelindən keçərək şəhər istiqamətində körpünün üzəri ilə də avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. “20 Yanvar” dairəsindən həm körpünün üzəri ilə, həm də Tbilisi prospekti ilə A. Salamzadə küçəsi ilə kəsişməyədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub.