Azercell-in Barama İnnovasiya Mərkəzi gənc startaplara və onların iddialı layihələrinə dəstək göstərməkdə davam edir
Dekabr ayının 13-ü, Hyatt Regency otelində, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzinin və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun birgə təşəbbüsü ilə mart ayından başlanan Elm və Texnologiya Sahibkarlığı Proqramı (ETSP) çərçivəsində gənc sahibkarlar üçün keçirilən seminarlar silsiləsinin final mərhələsi baş tutub. Seminar iştirakçılarına informasiya, mobil və yaşıl (ekoloji) texnologiyalar sahəsində biznes ideyalarını təqdim edərək qrant qazanmaq və bu vəsait hesabına öz bizneslərini qurmaq imkanı verildi. Tədbirdə ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun nümayəndələri, həmçinin ABŞ-dan olan müstəqil ekspertlər informasiya texnologiyaları sahəsinə aid müxtəlif hesabatlarla çıxış edərək, öz təcrübələrini bölüşüblər. Seminarın məqsədi gənc sahibkarlara öz fikirlərini reallaşdırmaqda dəstək olmaq və biznes strategiyaların yazılması üzrə biliklərini dərinləşdirməkdən ibarətdir. Tədbirin sonunda iştirakçılar artıq təkmilləşdirilmiş biznes ideyalarını beynəlxalq hakimlərə təqdim etdilər və müqayisəli qiymətləndirmə nəticəsində onların arasında ən yaxşıları seçildi. Layihə çərçivəsində Azercell tərəfindən 1-ci yerin sahibi 10 000 ABŞ dolları (sosial medi üçün analitik SocSet layihəsinə görə Şaiq Muradov and Amid Quliyev), 2-ci yerin sahibi 7 500 ABŞ dolları (Günəş panelləri layihəsinə görə Mətanət Mehrabova), 3-cü yerin qalibi isə 5 000 ABŞ dolları ilə (korporativ Azikus layihəsinə görə Azər Əliyev) mükafatlandırıldı.
Layihə çərçivəsində Azercell-in tərəfdaşı olan ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu qrantlar, texniki resurslar və təlimlər vasitəsi ilə beynəlxalq elmi və texniki əməkdaşlığa yardım etmək məqsədilə 17 il boyunca Avrasiya, Yaxın Şərq, Şimali Afrika və Cənubi Amerika ölkələri də daxil olmaqla, 30-dan çox ölkədə texnoloji layihələrin keçirilməsində təcrübəyə malikdir. Barama və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən Elm və Texnologiya Sahibkarlığı Proqramı isə hər kəsə cəmiyyətin tələblərini bazar imkanlarına çevirmək fürsətini bəxş edir. Məlumat üçün bildirək ki, ETSP-nın əsas məqsədi Azərbaycanda texnologiya sahəsində sahibkarlığın təşviqi və ona dəstək göstərməkdən ibarətdir.
Eyni zamanda qeyd edək ki, Barama İnnovasiya Mərkəzində mütəmadi olaraq istedadlı gənclərin biznes təşəbbüsləri qəbul edilir və onların uğurla reallaşdırılması üçün imkanlar yaradılır. Bununla da, mərkəz Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində istedadlı gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaradır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.