Bayram aksiyasında holdinqin bir neçə şirkəti iştirak etdi
Azərbaycanın ən iri holdinqlərindən biri olan “Garant Holding" Qurban bayramı münasibətilə tərkibinə daxil olan bir neçə şirkətin iştirakı ilə aksiya keçirib. “Garant Holding”in Direktorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə keçirilən aksiyada holdinqin baş ofisi daxil olmaqla “Qarant Sığorta”, “Royal Estate” və “M-Trans” şirkətləri iştirak etdi. Eyni gündə bir neçə lokasiyanı əhatə edən aksiya fərqli ssenari üzrə icra olundu. “Garant Holding”in reallaşdırdığı aksiya Yasamal və Nəsimi rayonunun ərazisində yaşayan aztəminatlı ailələr üçün nəzərdə tutulmuşdu. Belə ki, holdinqin əməkdaşları içərisində bayram azuqəsi - ərzaq olan bağlamaları şəxsən ünvanlara çatdırmaqla bir çox ailəyə bayram payı hədiyyə edib.
“Garant Holding”in İdarə Heyətinin sədri Vaqif Həsənov "İslam aləminin ən böyük bayramlarından biri olan Qurban bayramını həmvətənlərimizlə, bacı və qardaşlarımızla bölüşmək bizim holdinqin əməkdaşları üçün çox sevinclidir. bu bayramdan və kəsilən qurbandan hər kəsə pay düşməlidir. Biz qərara gəldik ki, həm qurban kəsib bu payı şəxsən paylayaq, həm də bizim hər birimizin diqqətinə ehtiyacı olan insanlarla, valideyn himayəsindən məhrum olunmuş uşaqları sevindirək. Bir neçə şirkətimizi də bu aksiyaya cəlb etdik. Ümumiyyətlə, “Garant Holding” bayramları soydaşlarımızla keçirməyə xüsusi önəm verir " - deyə bildirib.
Holdinqin tərkibinə daxil olan Qarant Sığorta şirkətinin əməkdaşları isə Sarayda yerləşən 7 saylı uşaq evi və internat məktəbini ziyarət edib. Uşaqların bayramını təbrik edən “Qarant Sığorta” internat məktəbinə paltaryuyan maşın hədiyyə edib. Digər aksiya isə “Royal Estate” və “M-Trans” şirkətləri tərəfindən həyata keçirilib. Avtovağzal ərazisindəki Baku Outlet Park-da yerləşən "Oppalar" Uşaq Əyləncə mərkəzində bir gün ərzində "açıq qapı" günü elan edən şirkətlər 1 saylı uşaq evi və internat məktəbinin sakinlərini qəbul edib. Uşaqlara əyləncə mərkəzindəki çoxsaylı attraksionlarda pulsuz, limitsiz əylənmək imkanı verən aksiya təşəbbüskarları onlara əsl bayram sevinci yaşadıb. Bu cür aksiyaların keçirilməsini sadəcə korporativ sosial məsuliyyət deyil, özünün insanlıq və müsəlmanlıq borcu hesab edən “Garant Holding” bütün müsəlmanları müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir və kəsilən qurbanların qəbul olunması diləyir!