(R)  “Halal Qida” MMC  istehlakçılarına yeni məhsullarını təqdim edib
04 iyun 2013 15:49 (UTC +04:00)

(R) “Halal Qida” MMC istehlakçılarına yeni məhsullarını təqdim edib

“Halal Qida” MMC  Beynəlxaq Mətbuat Mərkəzində (BMM) istehlakçılarına yeni məhsullarını təqdim edib. Lent.az-ın məlumatına görə, şirkət 2013-cü ildən etibarən

Azərbaycanda ilk olaraq hazır dönər istehsalına başlayıb.

 

Tədbir “Halal Qida” MMC-nin təsisçisi Elçin Rüstəmov, İdarə heyətinin üzvləri, İqtisadi İnkişaf, Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri, mətbuat işçilərinin iştirakı ilə keçib.

 

Şirkətin icraçı direktoru Səbuhi Cahangirov hazır dönərin istehsalından geniş danışaraq qeyd edib ki, rəhbərlik etdiyi şirkət Türkiyədən, Almaniyadan, İspaniyadan müasir avadanlıqlar alaraq xüsusi reseptlərlə keyfiyyətli və dadlı dönərlər istehsal edir: “Hazırda müxtəlif çəkilərdə mal və dana ətindən yarpaq və qiymə dönərlər istehsal olunur. Dönərlər üçün ət Daşkəsən kəsim və emal fabrikindən gətirilir.  Məhsullarımıza  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq sertifikatı, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən gigiyenik sertifikat verilib. Hazırda öz fermamız var. Gələcəkdə böyük kompleks tikiləcək”.

 

S. Cahangirovun çıxışından sonra şirkətin 5 dəqiqəlik təqdimat videosu yayımlanıb. Daha sonra şirkətin idarə heyəti iştirakçıların suallarını cavablandırıb.

 

Tədbirdə qeyd edilib ki, ölkədə aparılan monitorinq hazır dönər istehlakına ehtiyac olduğunu aşkara çıxarıb: “Alıcını daim bir sual maraqlandırır, ət təzədirmi? Biz mütəxəssislər cəlb edərək işi qurmağa başladıq. Azərbaycan alıcısının zövqünə uyğun tamam fərqli bir dönər hazırladıq”.

 

Şirkətin təsisçisi Elçin Rüstəmov isə qeyd edib ki, “Halal Qida” MMC-nin hədəfi məhsullarını nəinki Azərbaycana, hətta xaricə də ixrac etməkdir: “Azərbaycanda yeganə lisenziya alan şirkət olaraq hələ ki, məhullarımızı Rusiyaya ixrac etmişik. Məqsədimiz Azərbaycanda milli pasport yaratmaqdır”.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür şirkətlərin fəaliyyəti çoxalarsa, küçədə ət kəsimlərinin də azalacağını vurğulayıb.

 

Tədbirin sonunda  şirkətin nümayəndələri dadına baxmaq üçün “Halal Qida” MMC-nin məhsullarını qonaqlara təqdim edib.

 

Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən “Elba” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyi ilə 2008-ci ildən bəri Gəncə şəhərində  “Halal Qida” adında MMC yaradılıb. 2007-ci ildə müəssisə Keyfiyyət Menecmenti İdarə Sistemi və 2009-cu ildə Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi beynəlxalq sertifikatları ilə təltif olunub. 2011-ci ildə Qazaxıstanda keçirilən II Beynəlxalq “Kazakhstan İnternational Halal Expo 2011” sərgisində xüsusi mükafata layiq görülüb.

 

2009-cu ildə Daşkəsəndə “Elba” MMC-yə məxsus Almaniyanın “Banz” və Türkiyənin “Cemistan” şirkətləri tərəfindən tikilən, tam avtomatlaşdırılmış kəsim və emal fabriki istifadəyə verilib. Müəssisənin Daşkəsəndə yerləşməsinin əsas səbəbi bu regionun ekoloji cəhətdən təmiz iqlimə malik olması, heyvandarlıq potensialının güclü olmasıdır. Dağ ətəyində yetişdirilən heyvanların əti dadına görə respublikada məşhurdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300
avatar

Oxşar yazılar