"On yeddi illik mücadilə" hansı gizlinləri açıb?
Bügünkü “Manşet”də “Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçiləri, tədqiqatçılar Ceyhun Bayramlı və Anar Turan bu günlərdə işıq üzü görmüş müəllifi olduqları "On yeddi illik mücadilə" kitabı ilə bağlı aparıcı İlham Tumasın suallarına cavab veriblər.
Ceyhun Bayramlı:
- Bu kitabda ictimaiyyətə indiyədək məlum olmayan maraqlı faktlar var. Kitab “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun layihəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanda sovet işğalına qarşı milli müqavimət hərəkatı barədədir.
- Kitab 1920-1937-ci illərdə Azərbaycanda Sovet hökümətinə qarşı qaldırılımış üsyanları əhatə edir. XX əsr Azərbaycan tarixinin ən kəşməkeşli dövrü olan 1920-1937-ci illərdə xalqımızın işğalçılara qarşı milli dirəniş və müqavimət hərəkatı, bolşevizmin milli-mənəvi dəyərlərimizə, milli ziyalılara və əsilzadəliyə qarşı yürütdüyü siyasət geniş təhlil olunub. Kitab Sovet hökuməti əleyhinə baş qaldıran üsyanlarla bağlı ictimaiyyətə məlum olmayan çoxsaylı tarixi faktlarla zəngindir.
- Mənbə məlumatlarına və arxiv sənədlərinə əsasən ərsəyə gəlmiş kitab 6 fəsildən, 256 səhifədən ibarətdir. 27 aprel 1920-ci il çevrilişindən sonra bolşevik diktaturasının qurulması, milli düşüncə mənsublarının təqibi, ölkəmizdə amansız bolşevik rejiminə qarşı Gəncə, Qarabağ, Zaqatala, Şəki, Quba, Şamaxı, Xızı üsyanları ətraflı işıqlandırılmış və yeni faktlar ortaya qoyulub.
- Bundan əlavə, xalqımıza qarşı milli-mənəvi terror, zadəgan və bəy zümrəsinin mübarizəsi və onların başında dayanan isimlərdən Cahangir bəy Kazımbəyli, Bəhram bəy Nəbibəyov, Əli bəy Zizikski, Cavad bəy Şıxlinski, sonradan qaçağa çevrilən Mayıl ağa, Kərbəlayi İsmayıl, Qəmlo, Hüseyinqulu xan Xoyski, Möhübəli əfəndi Kuzunvi barədə sanballı məlumatlara yer verilib.
- Milli mübarizəmizin önündə gedən Bakı qoçuları, Gəncə, Şəmkir, Naxçıvan qaçaqları barədə də faktlara əsaslanan məlumatlar verilib. Kitabın əsas özəlliklərindən biri də sovet hakimiyyətinə qarşı ideoloji mübarizənin önündə gedən və çoxu məhkəməsiz, sübutsuz güllələnmiş, Sibirə sürgün edilmiş Firudin Köçərli, Əhməd Cavad, Məhəmməd Hadi, Hüseyn Cavid, Salman Mümtaz və digərlərinin həyat və fəaliyyəti araşdırılıb.
- Kitabda o cümlədən, sovetlərə qarşı milli mücadiləmizin Azərbaycan sovet ədəbiyyatında izləri və bu barədə yazılan əsərlərə çəkilən filmlər də tədqiq olunub.
Anar Turan:
- Professor Musa Qasımlının elmi redaktorluğu və professorlar Anar İskəndərov, Hamlet İsaxanlı, fəlsəfə doktoru Dilavər Əzimlinin rəyləri ilə çap olunan kitabın məsləhətçiləri “Xalq qəzeti”nin baş redaktoru, “Əməkdar jurnalist” Həsən Həsənov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevdir. “Ön söz” ün müəllifi professor Aygün Attar Həşimzadədir. Layihənin rəhbəri fəlsəfə doktoru Vüqar Zifəroğlu, redaktorları Elməddin Behbud, Taleh Cəfərovdur. Əsər elmi-publisistik üslubda yazılıb və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
- Sovet rejiminin Azərbaycana gəldiyi ilk günlərdən 1930-cu illərin sonlarına kimi xalqımızın milli təfəkkürlü bəylərinin, qaçaqlarının, ziyalılarının mübarizəsi barədə cəmiyyətimizdə məlumatlar yetərincə deyil. Bu məlumatlar əksər hallarda pərakəndə olub, sistemli şəkildə ictimaiyyətə təqdim edilməyib. Bu baxımdan kitab tariximizin bu qaranlıq dönəmini daha ətraflı öyrənməyimiz üçün böyük əhəmiyyətə malikdir.
- Məzmun və mahiyyət etibarilə gənclərimizin milli hisslərinin yüksəldilməsinə xidmət edən, öz köklərinə, keçmişlərinə bağlı olmalarını təmin edən bu kitab XX əsrdə baş verən xalq dirənişlərinin və onu idarə edənlərin qəhrəmanlığını açıb göstərən sanballı mənbə hesab oluna bilər.
1920-ci il 27 aprel çevrilişindən sonra bolşevik diktaturasının qurulması, milli düşüncə mənsublarının təqibi, ölkəmizdə amansız bolşevik rejiminə qarşı Gəncə, Qarabağ, Zaqatala, Şəki, Quba, Şamaxı, Xızı üsyanları ətraflı işıqlandırılıb və yeni faktlar ortaya qoyulub.
- Xalqımıza qarşı milli-mənəvi terror, zadəgan və bəy zümrəsinin mübarizəsi və onların başında dayananlardan Cahangir bəy Kazımbəyli, Bəhram bəy Nəbibəyov, Əli bəy Zizikski, Cavad bəy Şıxlinski, sonradan qaçağa çevrilən Mayıl ağa, Kərbəlayi İsmayıl, Qəmlo, Hüseyinqulu xan Xoyski, Möhübəli əfəndi Kuzunvi barədə sanballı məlumatlara kitabda yer verilib. Milli mübarizəmizin önündə gedən Bakı qoçuları, Gəncə, Şəmkir, Naxçıvan qaçaqları barədə faktlara əsaslanan məlumatlar da verilib.
717