Elinanın ölümündə adı hallanan oğlanı qaçırmaq istədilər? - TƏHLÜKƏLİ MƏQAMLAR
14 yaşlı Elina Hacıyevanın ölümündə təqsirli olduğu bildirilən 11-ci sinif şagirdi Cavidin (ad şərtidir) fotoları sosial şəbəkələrdə paylaşılır. Sosial şəbəkə istifadəçiləri Cavidin yataqdakı fotolarını yayaraq qeyd edirlər ki, Elinanın intihar etməsinə bu oğlanın tərbiyəsiz davranışları səbəb olub. Həmin paylaşımlara isə çox emosional şərhlər gəlir və hətta oğlanı öldürməyin lazım olduğunu vurğulayanlar belə olur.
Bu şagirdin barəsində olan belə postların yayılması onun həyatını təhlükəyə salır?
Bakı Şəhər Təhsil İdarəsindən məsələ ilə bağlı münasibət isə belə oldu: "Bununla biz deyil, hüquq-mühafizə orqanları məşğul olur. Nə məlumat istəyirsinizsə, hüquq-mühafizə orqanlarına müraciət edin”.
Beləliklə, oğlanın hazırda qorunub-qorunmadığını müəyyənləşdirmək mümkün olmadı. Onu da qeyd edək ki, sosial şəbəkələrdə bildirilmişdi ki, Cavidi atası Rusiyaya, əmisinin yanına qaçırmaq istəyib. Lakin məsələ sosial mediada gündəmə gəldikdən sonra bu niyyətlərini həyata keçirə bilməyiblər.
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Lent.az-a açıqlama verdi və bildirdi ki, məsələdə adların hallanması şəxsi həyat üçün təhlükəyə çevrilə bilər. Millət vəkilinin sözlərinə görə, istintaq orqanları bu prosesi kifayət qədər ciddi aparmalı və bu məsələ mətbuata sızmamalıdır: “Hadisə mətbuata sızdıqca kimsənin günahı sübut olunmadan onu ittiham altında tutmaq yanlış nəticə doğura bilər. İntihar insanın şəxsi qərarıdır. İnsanı incidəcək, yaxud da təsir göstərə biləcək yüzlərlə hadisə, söz ola bilər. Hər sözə görə insanlar gedib intihar etmirlər ki... İntihar insanın şəxsi depressiv vəziyyəti ilə bağlı məsələdir. Ona görə də səbəbli əlaqə axtararkən, kimsə bu sözü dedi, ona görə getdi intihar etdi, yaxud kiminləsə münasibəti yaxın olub sonra hansısa iniciklik yaranıb, ona görə özünü atıb-demək, həmin şəxsin ittiham olunması mənasına gəlmir. Çünki həyatımızda yüzlərlə hadisə olur ki, onu hallandırıb hər kəs intihar edə bilər. Ona görə də bu məsələyə bir az fərqli yanaşılmalıdır. Amma hər halda detalların aşkara çıxarılması həm də vacibdir. Mətbuat diqqətli olmalıdır. Belə adların hallanması, hər hansısa şəxsin istintaqın nəticələri yekunlaşmadan adının diqqət mərkəzinə gətirilməsi o şəxsin həyatı üçün təhlükə yarada bilər”.
Millət vəkili əlavə edib ki, intihar təkcə məktəblə, ailə ilə bağlı məsələ deyil. Onun fikrincə, cəmiyyətdə depressiv, aqressiv vəziyyət o qədər yüksələn xətt üzrə gedir ki, iradəsi kifayət qədər güclü olmayan, sosial institutların nəzarətində olmayan və ümumiyyətlə, sosial institutların özünün də zəif olduğu bir mühitdə bu cür insanların hansısa formada intihardan uzaqlaşmasını təmin etmək çətindir: “Cəmiyyətin hadisəyə reaksiyası insanların narazıçılıq keçirdiyini göstərir. Çalışmaq lazımdır ki, bu narazılığı hər kəs özünə uyğun mühitdə izah etməyə çalışsın. Cəmiyyətdə sosial institutları hərəkətə gətirməliyik. Yoxsa bir şəxsin hərəkətinə təəssüflənirik və yaddaşı zəif cəmiyyət olduğumuzdan bir həftədən sonra unuduruq. Başqa mövzu çıxacaq və onunla məşğul olacağıq. Bu mövzu unudulacaq. Çünki buna qədər də intihar hadisələri olmuşdu. Bir yazarımız intihar etdi . Bu gün cəmiyyətimizdə həmin hadisənin nədən baş verdiyi unudulub. Unudurlar və nəticə çıxarmırlar. Ona görə də vaxtı gözləmək əvəzinə insanlar öz çevrəsində sosial institutların işləməsinə çalışmalıdırlar ki, uşaqlara yaxşı mənada təsir göstərə bilsinlər. Pozitiv işləri daha çox onlara təlqin edə bilsinlər. Bu işdə məktəbin rolu böyükdür”.
F.Mustafa bildirdi ki, məktəbdə kadr seçimi çox böyük əhəmiyyət daşımalıdır və təyin olunan direktorların Təhsil Nazirliyinin İctimai Şurası ilə fərdi qaydada görüşü təşkil olunmalıdır: “Həmin görüşlərdə onların pedaqoji potensial baxımından psixoloji durumuna qiymət verilə bilər. Ola bilsin kiminsə qohumu direktor olsun. Həmin qohumlar bu məsuliyyətin altına girməkdən çəkinməlidirlər. Kollektivi idarə edə bilən, uşaqların qəlbini fəth edə biləcək insanların məktəbə rəhbərlik etməsi daha məqsədəuyğun olmalıdır”.
6771