
TQDK: qaranlıq fonda yeganə istisna və yeni yolun astanasında
“Azərbaycan qəbul imtahanları ilə bağlı MDB-nin qaranlıq fonunda yeganə istisnadır. Bu ölkədə informasiya texnologiyalarının tətbiqi və Qəbul Komissiyası tərəfindən həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi və qiymətləndirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaradıb”. Bir neçə il əvvəl UNESKO tərəfindən dünyada təhsil sistemində korrupsiyanın miqyasına dair hazırlanmış hesabat ölkədə biliyin qiymətləndirilməsində əsas orqan rolunu oynayan TQDK-nın fəaliyyətini məhz belə qiymətləndirirdi...
Təsadüfi deyil ki, 23 illik fəaliyyəti dövründə TQDK təkcə qəbul prosesini həyata keçirmir, artıq ölkə təhsilinin aparıcı və ayrılmaz üzvünə çevrilib. Buraxılış və monitorinq imtahanlarının təşkili, dərsliklərin monitorinqinin, “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sisteminin, “Şagird-məzun” Elektron Sisteminin yaradılmasının da TQDK-ya həvalə olunması bu quruma olan inamdan irəli gəlir.
İldən-ilə qəbul texnologiyaları təkmilləşdirilir, imtahanların məzmunu ilə bağlı yeniliklər edilir, şəffaflıq, vətəndaş rahatlığı və məmnunluğu əsas prioritet kimi götürülür.
Bu ilki təhsil ilini də Komissiyanın təqdim etdiyi yeniliklər baxımından “bol” il hesab etmək olar:
Buraxılış imtahanlarında 2 yox, 3 fənn
İlin əvvəlində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il buraxılış və qəbul imtahanlarında gözlənilən əsas yenilikləri açıqladı. Ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edildi.
Dəyişiklərə əsasən, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi iki yox, üç fəndən yoxlanılır. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verirlər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verməlidirlər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali təhsil müəssisələrinə qəbul imtahanlarında dörd ildir ki, açıq tipli test tapşırıqları tətbiq edilir. Testologiyada belə tapşırıqlar qəbul proqramını daha dərindən mənimsəmiş, riyazi təfəkkürü və analitik təhlil qabiliyyəti güclü olan abituriyentlərin hazırlıq səviyyəsini bir-birindən fərqləndirmək üçün nəzərdə tutulub.
Qəbul imtahanlarında 2010-2014-cü illərdə hər ixtisas qrupunda iki fəndən açıq tipli test tapşırıqlarından istifadə olunub.
TQDK-da fəaliyyət göstərən elmi-metodiki seminarlarda dəfələrlə açıq tipli test tapşırıqlarının sayının artırılması təklifləri səslənib. Bunları nəzərə alaraq, 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək tapşırıqlarının sayının bir ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi məqbul hesab edilib.
Qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində dörd ədəd açıq tipli test tapşırığının istifadəsi nəzərdə tutulur. Belə ki, I ixtisas qrupunda riyaziyyat, fizika və kimya; II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili; III ixtisas qrupunda riyaziyyat, tarix və ana dili; IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən açıq tipli test tapşırıqları təqdim ediləcək. İmtahanın məzmunu ilə bağlı tətbiq olunan bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək.
Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcək.
İxtisas qruplarının sayı dörddən beşə qaldırıldı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2015/2016-cı tədris ili üzrə qəbul qaydalarında edilmiş dəyişikliklərə əsasən, V ixtisas qrupu yaradılıb. Bu ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir (I ixtisas qrupuna daxil Memarlıq və Dizayn (memarlıq və dizayn istiqaməti) ixtisasları istisna olmaqla).
Ali təhsil müəssisələrinin I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Yəni, abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək (cari ilin abituriyenti isə buraxılış imtahanında iştirak edərək) xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxta iştirak edə bilər.
Beləliklə, abituriyentlərə ilk dəfə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün əlavə imkanlar yaradılıb.
TQDK Kollegiyasının 14.01.2015-ci il tarixli qərarına əsasən, V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.
Ali və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında da müəyyən dəyişikliklər edilib.
Belə ki, 2015-ci ildən etibarən 11-ci sinfi bitirən məzunların ali təhsil müəssisələrinin III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılır.
Bundan əlavə yeni dəyişikliklərə əsasən, əvvəllər IV ixtisas qrupuna daxil olan torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi və meşəçilik ixtisasları I ixtisas qrupuna, əvvəllər I ixtisas qrupuna daxil olan geodeziya və xəritəçilik mühəndisliyi, yer quruluşu, torpaq və şəhər kadastrı və nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasları II ixtisas qrupuna aid edilib.
Ölkədə İKT-ni kütləvi proseslərə tətbiq edən ilk dövlət qurumu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkədə İKT-ni kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumu kimi qəbul kampaniyası ilə bağlı məlumatların emalının və imtahan iştirakçılarına çatdırılması prosesinin bütün mərhələlərinin avtomatlaşdırılmasına nail olub.
1999-cu ildə ölkə başçısı Heydər Əliyev tərəfindən TQDK "2000- ci il problemi"nin həlli üzrə Milli Qurum təyin edilib.
O illərdə həmçinin Azərbaycan Hökumətinin tapşırığı və BMT-nin İnkişaf Proqramının qrantı əsasında TQDK tərəfindən qısa bir zamanda "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi" yaradılıb. 2000-ci ilin noyabrında prezident Heydər Əliyev "Seçkilər" İnformasiya Mərkəzinin açılışında Komissiyanın işini yüksək qiymətləndirib. Önəmli fakt odur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında daxili texnoloji proseslərdə istifadə edilən, həmçinin vətəndaşlara və müxtəlif qurumlara göstərilən elektron xidmətlərin fəaliyyətini təmin edən tətbiqi proqramlar qurumun öz mütəxəssisləri tərəfindən hazırlanıb tətbiq və idarə olunur.
“Elektron hökumət” portalının bu ilin aprelinə olan statistikasına əsasən, 42 qurum tərəfindən göstərilən 274 elektron xidmətdən ümumilikdə 1554540 dəfə istifadə olunub. Həmin məlumatda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təqdim etdiyi elektron xidmətlərdən istifadə sayına görə birinci yerdə göstərilib. Belə ki, TQDK-nın elektron xidmətlərindən 1016575 dəfə istifadə olunub.
TQDK vətəndaşlara 14 növ elektron xidmət göstərir. Xidmətlərin hamısı Elektron Hökumət Portalına inteqrasiya edilib. 2015-ci ildə TQDK-nın elektron və mobil xidmətlərindən 5 milyon dəfədən çox istifadə olunub. Bu xidmətlər ərizə qəbulu, imtahan nəticələrinin abituriyentlərə çatdırılması, ödəmə kartlarının və jurnalların elektron satışı, SMS məlumatlandırma və s. kimi müxtəlif prosesləri əhatə edir.
Abituriyentlər özləri haqqında məlumatları İnternet üzərindən məlumat bazalarına əlavə edir, təsdiqləyir və qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Onların əksəriyyətinin Sənəd Qəbulu Komissiyalarına gedərək ərizələrini təsdiq etdirmələrinə ehtiyac qalmır. Amma əvvəlki illərin orta məktəb məzunu olan oğlan abituriyentlərin bu imkanları hələlik yoxdur. Onlar məcburən sənədlərini SQK-larda təsdiqlətməli idilər, çünki onlar hərbi mükəlləfiyyətlidirlər və hərbi qulluğa dair sənədləri yoxlanmalıdır. Ancaq artıq bu məsələ də həll olunmaq üzrədir. Belə ki, TQDK–nın informasiya sistemləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya sisteminə inteqrasiya olunub. İldən-ilə Dövlət Xidmətinin bazaları zənginləşdikcə daha çox oğlan abituriyent elektron ərizəsini İnternet üzərindən özü təsdiqləyə biləcək.
Test kitabçalarında yenilik
Bu ildən etibarən Azərbaycanda keçirilən imtahanlarda texnoloji yeniliklər tətbiq ediləcək.
TQDK sədri Məleykə Abbaszadə bir müddət əvvəl keçirdiyi mətbuat konfransında deyib ki, bu ildən başlayaraq bütün sual kitabçaları unikal olacaq. Hər sual kitabçasının üzərində hər şagirdin adı və soyadı yazılacaq: "Yenilik odur ki, hər kitabçanın səhifəsində şagirdin bar kodu qeyd olunub. Bu ilki kitabçalar yalnız 4 variantdadır, çünki texnologiyanın tətbiqi təzə istifadə edilir. Gələcəkdə hər bir auditoriyada 24 abituriyent imtahan verəcəksə, 24 variantlı kitabça edə biləcəyik. Çünki hər bir kitabça hər bir abituriyentə aid variantda ola bilər. Yeni kitabçada hər abituriyentin seçiminə uyğun dil seçimi var. Əvvəl isə bu ayrı kitabça formasında idi. Bu texnologiya bizə gələcəkdə yeni növ imtahanlarının keçirilməsinə şərait yaradacaq. Yazı işlərinin yoxlanılmasında artıq yeni texnologiya istifadə oluna biləcək".
M. Abbaszadə qeyd edib ki, belə növ imtahanlarda təkcə cavab kartları yığılmayacaq, eyni zamanda sual kitabçaları da yığılacaq: "Sual kitabçalarının şagirdlərə paylanılması prosesi hələ də davam edir. Çünki onlar sualların cavablarını seçmə yolu ilə aparıb cavab kartlarında bunu qeyd edirlər. Lakin yeni növ imtahanlara keçmək üçün yeni texnologiyalar tətbiq olunub və bununla da yeni növ imtahanların bünövrəsi qoyulub. Ola bilsin ki, 2-3 ildən sonra addım-addım yeni növ imtahanlara keçə biləcəyik. Bu ilki sınaq imtahanlarında artıq bu kimi sual kitabçaları abituriyentlərə təqdim olunub. Bir məsələ də var ki, imtahanlarda abituriyentlər kitabçaları dəyişə bilərlər. Bəzən bunu nəzarətçilər görmür. Yeni halda kitabçanın üzərində abituriyentin adı, soyadı və yeri qeyd olunur. Bu da imtahanlarda köçürmə hallarının sayını xeyli azaldıb. Bunun ilk olaraq əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında şahidi olduq. Misal olaraq, bu il əvvəlki illərin məzunları arasında 30 mindən çox abituriyentdən təxminən 10-a qədəri köçürmə etmişdi. Təbii ki, onların nəticələri ləğv edilib. Bu da onu göstərir ki, artıq köçürmə hallarının sayı azalır".
Əvvəllər imtahan verənlər onlara paylanan test kitabçalarının üzərinə ad, soyad və digər fərdi məlumatlarını özləri yazırdı. Amma indi bu məlumatlar test kitabçalarının üz qabığına əvvəlcədən mətbəədə çap edilir və abituriyentə imtahan zamanı bu şəkildə təqdim edilir.
TQDK təhsil və qiymətləndirmə sahəsində regional layihələri icra edəcək
Bu il TQDK daha bir uğura imza atıb. Komissiya UNESCO-nun Statistika İnstitutu və Brukinqs İnstitutunun Ümumi Təhsil Mərkəzi tərəfindən Təhsil göstəriciləri üzrə Hədəf qrupunun aparıcı tərəfdaşı seçilib.
UNESCO-nun Statistika institutu və Brukinq institutunun (ABŞ) Ümumi Təhsil Mərkəzi Təhsil göstəriciləri üzrə Hədəf qrupu (Learning Metrics Task Force (LMTF)) 2013-cü ildən fəaliyyət göstərir.
Bu layihənin həyata keçirilməsində məqsəd qlobal inkişaf proqramında təhsilin mərkəzi rolunun təmin olunması, bütün dünyada uşaqların və gənclərin təhsil imkanlarının genişləndirilməsi və təhsil nəticələrinin yaxşılaşdırılması üzrə vahid məqsədlərin müəyyənləşdirilməsi ilə bağlı tövsiyələrin hazırlanması üzərində araşdırmalar aparmaqdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Göstəriciləri üzrə Hədəf Qrupuna post-sovet məkanında aparıcı qiymətləndirmə qurumu kimi təmsil olunması üçün qəbul olunub.
Bu status əsasında TQDK yaxın gələcəkdə təhsil və qiymətləndirmə sahəsində bir sıra regional layihələrin idarə edilməsində vacib rol oynayacaq. Buraya Mərkəzi Asiya ölkələrində qiymətləndirmə sahəsi üzrə təlim materiallarının hazırlanması, təlimin həyata keçirilməsi, müxtəlif ölkələr üzrə qiymətləndirmə kataloqunun hazırlanmasın və digər məsələlərin Komissiya TQDK tərəfindən icra olunması daxildir.
Qeyd edək ki, Təhsil Göstəriciləri üzrə Hədəf Qrupu təhsil və qiymətləndirmə sistemini gücləndirməklə və bu sahədə mövcud perspektivlərdən istifadə etməklə hər kəs üçün ədalətli təhsilə çatmaq məqsədi ilə hökumətlərin, təşkilatların və şəxslərin kollektiv səylərini əks etdirir. LMTF-in strukturu katiblik, kiçik məsləhət komitəsi, geniş təşkilatlar qrupu-üzvlər, həmçinin tərəfdaş təşkilatlar tərəfindən çağırılan müxtəlif işçi qruplarından ibarətdir.
LMTF-in üzvü kimi TQDK-nın il ərzində mütəmadi virtual brifinqlərdə və işçi qruplarında birbaşa iştirakı nəzərdə tutulur. Bu tədbirlər zamanı Hədəf Qrupunun üzvləri bir araya gəlib müntəzəm olaraq təcrübə mübadiləsi aparacaq, yenilik və müvəffəqiyyətləri, meydana çıxan problemləri müzakirə edəcəklər.
TQDK qanunsuz köçürmə hallarının və qanunsuz tələbə qəbulunun qarşısını alıb
TQDK-nın məlumat bazasının əsası 1992-ci ildə qoyulub. Həmin dövrdən bu yana məlumat bazaları mütəmadi olaraq zənginləşdirilir. Hazırda bazada 1992-2014-cü illərdə imtahanda iştirak etmiş bütün vətəndaşlar barədə məlumatlar mövcuddur. Bundan əlavə, son dövrlərdə kifayət qədər funksional və zəngin məlumat bazalarına malik olan “Tələbə-məzun” dövlət elektron məlumat sistemi" və “Şagird-məzun” elektron məlumat sistemi" yaradılaraq istifadəyə verilib.
“Təhsil haqqında” Qanuna və Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010- cu il tarixli Fərmanına əsasən, TQDK-da yaradılmış “Tələbə-məzun” dövlət elektron məlumat sistemi" (TMDEMS) 2012-ci ildə istifadəyə verilib. Ali və orta ixtisas təhsil müəssisələrinin bu sistemə qoşulması məcburidir. Eyni zamanda, 14 dövlət orqanı və nazirlik də sistemə qoşulub. Məlumat bazalarının aktuallaşdırılması TQDK, ali və orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir.
Vətəndaşlarımıza effektiv xidmət etmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın sistemləri TMDEMS- ə inteqrasiya edilib. Misal üçün, magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların məlumatları sistemdə əksini tapdığı halda onlar elektron ərizələrini özləri təsdiq edir. Digər tərəfdən, vətəndaşlara verilmiş təhsil sənədlərinin dövlət nümunəli olub-olmaması sistem vasitəsilə yoxlanılır. Sistemdə 2012- ci ilin buraxılış kontingentindən başlayaraq bu günə qədər məzun adını qazanmış bütün şəxslərin diplomlarına dair və digər zəruri məlumatları toplanıb. Hətta bəzi təhsil müəssisələri 2012-ci ildən əvvəlki buraxılış kontingentinin məlumatlarını da tam şəkildə sistemə daxil ediblər. Ümumiyyətlə, sistemdə 1992-ci ildən bu günə kimi TQDK-nın əmri ilə qəbul olub, ölkə təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən köçürülüb, əlavə təhsil almaq üçün təhsil müəssisələri tərəfindən qəbul edilmiş şəxslərin məlumatları toplanıb.
TQDK bu yaxınlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olan Məlumat Hesablama Mərkəzi ilə birlikdə Elektron Hökumət portalı üzərindən vətəndaşlarımız üçün yeni bir xidmət növü də yaradıb. Belə ki, vətəndaşlar portala daxil olaraq aldıqları təhsillə bağlı məlumatların qısa çıxarışını “Tələbə-məzun” sistemindən əldə edə bilərlər. 2015-ci ilin aprel ayında istifadəyə verilən bu xidmət növü tələbələrin qəbul və sonrakı dinamik dəyişən digər məlumatlarını (xaric olma, ixtisas dəyişmə, diplom məlumatları və s.) özündə əks etdirir.
Yaxın vaxtlarda elektron Hökumət Portalından özü haqda məlumat almaq istəyən şəxs “Əks əlaqə” düyməsi ilə birbaşa təhsil aldığı müəssisəyə müraciət ünvanlaya biləcək. Bu zaman onların müraciətlərini və verilən cavabları TQDK da sistem vasitəsilə izləyə biləcək.
Hazırda Sistemdə 889425 (Magistr – 40885, Bakalavr – 572719, Kollec (11 illik) – 167603, Kollec (9 illik) – 108218) nəfər haqqında məlumat mövcuddur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının informasiya sistemləri “Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə inteqrasiya edilib. Bunun nəticəsində adları çəkilən komissiyaların müvafiq informasiya sistemləri imtahan iştirakçılarına aid məlumatları real vaxt rejimində əldə edə bilirlər.
Eyni zamanda ayrı-ayrı qurumlardan TQDK-ya göndərilən sorğularda diplomların etibarlı olub-olmamasının araşdırılması xahiş olunur və bu istiqamətdə müvafiq qurumlarla birgə iş aparılır. Belə ki, 2011- ci ildən başlayaraq bu günə kimi müxtəlif dövlət orqanlarının və digər təşkilatların sorğularını cavablandırmaq məqsədilə 25000-dən çox şəxs barədə araşdırılma aparılıb və onların diplomlarının dövlət nümunəli olub-olmadığı yoxlanılıb. Sənədində problemi olan şəxslər barədə araşdırılmanın davam etdirilməsi üçün müvafiq dövlət qurumlarına müraciət edilir. TQDK tərəfindən indiyədək 43 saxta diplom aşkarlanıb.
2014-cü ildən TQDK “Şagird-məzun” sisteminin yeni təkmilləşdirilmiş versiyasını istifadəyə verib. Sistemin hazırda 5000-dək istifadəçisi var. Hər bir şagird də İnternet üzərindən sistemdəki məlumatlarına baxa bilər və məlumatlarında hər hansı düzəlişə ehtiyac duyularsa, TQDK-ya elektron məktub göndərə bilər.
Sektorun əsas fəaliyyət istiqamətlərindən biri ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdlərinin buraxılış imtahanları ilə əlaqədar proseslərin idarə edilməsi və bu proseslərə nəzarətdən ibarətdir.
Sistemin məlumat bazasında şəhər (rayon) təhsil şöbələrinin müdirləri, ümumtəhsil müəssisələrinin rəhbərləri və əlaqələndiriciləri, ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatlar əksini tapıb. Cari tədris ilində sistemə VIII-XI sinif şagirdləri haqqında məlumatlar daxil edilib. Növbəti illərdə isə V-VII sinif şagirdləri haqqında məlumatların da sistemə daxil edilməsi nəzərdə tutulur.
Şagirdlərin dövlət nümunəli təhsil sənədlərinin nömrəsi və verilmə tarixi də sistemə daxil edilir və bu da saxta sənədlərdən istifadənin qarşısını alır.
Gələcəkdə “Şagird- məzun” və “Tələbə- məzun” sistemlərinin məlumat bazalarının inteqrasiya edilməsi nəzərə tutulur. Bu layihə nəticəsində vətəndaşlar internet üzərindən vahid interfeysdə özlərinin orta və ali təhsili haqqında məlumatlarını əldə edəcəklər.
TQDK məktəb direktorlarına onlayn cavab verəcək
TQDK- da hazırda yeni bir elektron sistemin yaradılması ilə bağlı işlər görülür. Şəhər və rayon təhsil şöbələri bu vaxtadək TQDK-ya öz sorğu məktublarını yazılı şəkildə ünvanlayırdılar. Bu da həm vaxt, həm də maliyyə itkisinə səbəb olurdu. Yaradılması nəzərdə tutulan sistem şəhər və rayon təhsil şöbələrinin TQDK-ya öz müraciətlərini elektron şəkildə ünvanlamasına imkan verəcək. Daxil olan məktublar və sorğular araşdırıldıqdan sonra onlara TQDK tərəfindən elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında cavab veriləcək. Yeni sistemin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Bu il TQDK ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək və onların vaxtlarına və vəsaitlərinə qənaət olunması üçün səyyar SQK-lar da yaradılıb. Belə ki, TQDK-nın Respublikanın müxtəlif bölgələrində yerləşən regional bölmələrinin (Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan ) əhatə etdiyi rayonların hər birində bir gün olmaqla səyyar SQK-lar fəaliyyət göstərəcək. Bunun nəticəsində ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiq elətdirə biləcəklər.
Facebook səhifəsi ən aktiv olan dövlət qurumu
TQDK ictimaiyyətlə əlaqələri ən yüksək səviyyədə quran dövlət qurumlarındandır. Bu əlaqələrin yaradılmasında Komissiyanın Facebook səhifəsi də çox aktiv rol oynayır.
Qurumun Facebook səhifəsi 2012-ci ildən yaradılıb. Bununla TQDK vətəndaşlarla daha operativ əlaqə saxlayır. Hazırda TQDK-nın Facebook səhifəsinin 110 minə qədər istifadəçisi var.
TQDK-nın rəsmi internet səhifəsinə gələn müraciətlər (mesaj, şərh və s.) səhər 9:00- dan gecə 12:00- a qədər cavablandırılır. Qurumla bağlı bütün yeni məlumatlar operativ şəkildə Komissiyanın rəsmi saytı və Facebook vasitəsi ilə ictimaiyyətə çatdırılır. Qəbul kampaniyası vaxtı səhifədən gündəlik 400-ə qədər mesaj cavablandırılır.
Gələn ildən Azərbaycan yeni tələbə qəbulu modelinə keçir
TQDK-nın iyunun 22-də keçirilən kollegiyası isə Azərbaycanda yeni tələbə qəbulu modelinin ilkin konturlarını müəyyən elədi.
İclasda 2014/2015-ci tədris ili üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri müzakirə edilib. Bundan əlavə, 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modeli geniş müzakirə olunub.
Belə ki, 2016-cı ildən etibarən abituriyentlərə buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin bir sıra xüsusi qabiliyyət tələb edən ixtisasları və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə həm imtahan verdikləri ildə, həm də növbəti ildə iştirak etmək imkanının verilməsi nəzərdə tutulur.
Eyni qayda rus bölməsinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün “Azərbaycan dili” fənnindən imtahan verən abituriyentlərə də tətbiq ediləcək. Belə ki, “Azərbaycan dili” fənnindən imtahan verən və “məqbul” alan abituriyentə növbəti ildə də ali və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə “Azərbaycan dili” fənnindən imtahan vermədən iştirak etmək imkanı veriləcək.
İclasda həmçinin buraxılış imtahanlarının məzmununda dəyişikliklərin edilməsi, ali təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında fənlərin azaldılması məsələləri də təhlil olunub. Müzakirələrdə buraxılış və qəbul imtahanlarının yeni modellərinin hazırlanıb geniş ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edilməsi nəzərdə tutulub.
Beləliklə, qarşıda uzun və şərəfli bir missiya dayanır...
Oxşar yazılar

Ulduzlar 5 bürcə yeni həyat vəd edir: bəxtəvərlər siyahısında kimlər var?
26 iyun 2025 , 18:49
Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA
26 iyun 2025 , 16:17
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
26 iyun 2025 , 14:30
Açıq su obyektlərində çimməyin 5 təhlükəsi
26 iyun 2025 , 13:45
Küləklə bağlı daha bir XƏBƏRDARLIQ
26 iyun 2025 , 13:30
Yaşıl, qırmızı və ya sarı: bolqar bibərinin hansını yemək daha yaxşıdır
26 iyun 2025 , 12:37
Sabah 36 dərəcə isti olacaq - Hava PROQNOZU
26 iyun 2025 , 12:15