<span style="color:red;">(R)  Nazim Sadıqov: "TuranBankın layihələri regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdədir"
18 sentyabr 2014 14:30 (UTC +04:00)

(R) Nazim Sadıqov: "TuranBankın layihələri regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdədir"

 

Azərbaycan hökumətinin son 10 ildə həyata keçirdiyi iqtisadi siyasətin əsas hədəfi qeyri-neft sektorunun inkişafıdır.  Bu sahədə həyata keçirilən proqram və tədbirlər öz bəhrəsini artıq verməkdədir. Sənaye, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrin daxil olduğu bu sektorun cari ilin ilk yarım ilində ümumi daxili məhsulda xüsusi çəkisi 56,3% olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% çoxdur. Bu inkişafda ölkə iqtisadiyyatına sərmayə qoyan yerli özəl bankların da öz payı var. Müsahibimiz adı çəkilən sahədə fəallığı ilə seçilən TuranBank ASC-nin İdarə Heyətinin sədri Nazim Sadıqovdur.

 

- TuranBank müstəqil Azərbaycanda fəaliyyətə başlamış ilk banklardandır. Ötən illərdə bankınız nələrə nail olub?

 

- TuranBank 1992-ci il iyun ayının 12-də, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardandır. Bankın 22 illik fəaliyyəti yalnız tarix deyil, həm də bu illər boyu əldə edilmiş təcrübə, keyfiyyətli xidmət, ötən dövr ərzində qazanılmış müştəri etimadı deməkdir. Fəaliyyəti ərzində Bankımız bir çox uğurlu layihələrə imza atmış və nailiyyətlər qazanmışdır. Bu nailiyyətlər sırasında Bankın "institusional baza"sının beynəlxalq təcrübəyə müvafiq formalaşdırılması, satış şəbəkələrinin səmərəliliyinin yüksəldilməsi və kapitalın artırılması ilə yanaşı, aktivlərin keyfiyyətinin yüksəldilməsi, xarici investorların Bankın kapitalına cəlbi və s. kimi uğurları göstərmək olar.

 

Ötən il Bankın 2012-2015-ci illər üzrə Strateji Planının əsas hədəflərindən biri kimi Banka xarici investisiya kapitalının cəlb olunması həyata keçirilmişdir. ABŞ-da idarə olunan ShoreCap II Ltd. Fondu Bankın səhmdarları sırasına qatılmışdır. Yeni səhmdarımızın əsas fəaliyyəti Asiya və Afrika qitələrinin inkişaf etməkdə olan ölkələrində fəaliyyət göstərən banklara, mikro maliyyə institutlarına və qeyri-bank maliyyə təşkilatlarına investisiya qoyuluşlarıdır. Bu faktın özü TuranBankın xarici tərəfdaşları arasında gündən günə artan nüfuz və etibarının bariz göstəricisidir. Bunun nəticəsidir ki, Bank ötən il nizamnamə kapitalını artırmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətdə olan bankların məcmu kapitalının 50 milyon manata çatdırılması haqda tələbini vaxtından əvvəl icra edib və cari ilin 6 ayının sonuna öz məcmu kapitalını 53 milyon manata çatdırıb.

 

Qarşıya qoyduğumuz strategiyanın uğurla reallaşması nəticəsində, Bankımız ölkə bankları sırasında qabaqcıl yerləri tutmaqdadır. Bu gün TuranBank özünün ölkənin paytaxtı və əsas regional mərkəzlərində yerləşən 15 satış nöqtəsində çalışan peşəkar kadrları vasitəsilə əhali və təsərrüfat subyektlərini yüksək keyfiyyətli bank xidmətləri ilə təmin edən, cəmiyyət qarşında öz sosial məsuliyyətini daşıyan nümunəvi bankdır.

 

- TuranBankın ölkədə həyata keçirilən və əsas hədəfləri yüksək rəqabət qabiliyyətli və şaxələnmiş iqtisadiyyatın qurulması olan siyasətə verdiyi dəstək barədə məlumat verərdiniz.

 

- Ümummilli Lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah qurulması istiqamətində ölkədə həyata keçirilən müasir inkişaf konsepsiyası bu hədəflərə çatmaq üçün yüksək rəqabət qabiliyyətli və şaxələnmiş iqtisadiyyatın qurulmasını nəzərdə tutur. Bu məqsədə xidmət edən və son on il ərzində ölkədə iki mərhələdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası nəticəsində ölkə iqtisadiyyatının qeyri-neft sektorunun çoxsahəli sabit inkişafının təmin edilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Ən əsası isə regionlarda nəzərəçarpacaq dərəcədə inkişafa nail olunmuşdur.

 

Qürur hissi ilə qeyd edə bilərəm ki, Respublikanın əksər regional mərkəzlərində satış şəbəkəsinə malik olan TuranBank da əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin və ümumilikdə regionların sosial-iqtisadi inkişafında öz töhfəsini verməkdədir.

 

TuranBank iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir və bu istiqamətdə öz fəaliyyətini genişləndirməkdə davam edir. Bu yönümdə regionların inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsi Bankımız üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Cari ilin ilk 6 ayının sonuna ümumi həcmi 202 milyon manat olmuş Bankın kredit portfelində adı çəkilən sahələrə ayrılmış vəsaitlərin xüsusi çəkisi 86,6%-ə (173 milyon manat) bərabər olmuşdur. Ümumilikdə 21869 nəfər sahibkara ayrılmış bu kreditlərin 122 milyon manatı TuranBankın öz vəsaitləri hesabına, 20,9 milyon manatı Sahibkarlığa Kömək Milli Fondunun, 8,9 milyon manatı "Aqrar Sektorun İnkişafı" layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin, 50,7 milyon manatı isə xarici maliyyə qurumlarının vəsaitləri hesabına verilmişdir. Ayrılmış vəsaitlərin 59 milyon manatını korporativ kreditlər, 68 milyon manatını kiçik və orta biznes kreditləri, 46 milyon manatını isə mikrokreditlər təşkil etmişdir. Bankımızın maliyyələşdirdiyi əsas regionlar sırasında Abşeronla yanaşı Quba-Xaçmaz, Gəncə-Qazax, Aran və Şəki-Zaqatala zonalarının adlarını çəkmək olar.

 

Qeyd etmək istərdim ki, Bankımızın regionlardakı filial şəbəkələrinin genişləndirmək istiqamətində gerçəkləşdirdiyi planlar ölkə rəhbərliyinin regionların tarazlı inkişafı ilə bağlı apardığı siyasəti dəstəkləyir. Məsələn, bu yaxınlarda istifadəyə verdiyimiz Cəlilabad filialı əlverişli şərtlərə malik biznes kreditləri vasitəsilə yerli mikro və kiçik və orta sahibkarlığa dəstək göstərməklə əhalinin məşğulluq səviyyəsinin daha da yüksəlməsinə təkan verəcək və bununla da regionun sosial-iqtisadi inkişafına öz töhfəsini göstərəcəkdir. Bankın 2015-ci ilin sonunadək olan dövrü əhatə edən Strateji Planına uyğun olaraq regionlarda açılacaq daha 4 yeni filial regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkə rəhbərliyinin apardığı siyasətə dəstəyimizi daha da gücləndirməyə imkan verəcək.

 

 

- Ölkə iqtisadiyyatının real sektorunun dəstəklənməsi istiqamətində həyata keçirdiyiniz layihələr haqda daha ətraflı məlumat vermənizi xahiş edərdim.

 

- Bizim hədəflərimiz sırasına  kənd təsərrüfatında istehsal və emalın inkişafının təmin olunması, ticarət və xidmət fəaliyyət növlərinin genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin stimullaşdırılması, sahibkarlığın dəstəklənməsi daxildir. Bu məqsədlə bankımız tərəfindən ölkənin müxtəlif regionlarında həm Bankın daxili vəsaitləri hesabına, həm yerli, həm də xarici maliyyə institutlarından cəlb olunmuş güzəştli vəsaitlər hesabına real sektorun kreditləşməsi nəzərə çarpacaq dərəcədə artırılmış, kiçik və orta sahibkarlıq subyektlərinin mövcud bizneslərini inkişaf etdirmək və yeni biznes sahələrinə investisiya qoyuluşunu stimullaşdırmaq məqsədilə maliyyə dəstəyi gücləndirilmişdir.

 

Bankımız özünün əsas strateji hədəflərindən olan qeyri-neft sektorunun maliyyələşdirməsini bir neçə istiqamətdə həyata keçirir. Bunların içərisində ilk növbədə kiçik və orta sahibkarlığa dəstək layihələrimizi qeyd etmək istərdim. Kiçik və orta sahibkarlıq subyektlərinin lazımi maliyyə vəsaitləri ilə təmin edilməsi üçün TuranBank yerli qurumlardan Sahibkarlığa Kömək Milli Fondu ilə Kiçik və Orta Sahibkarlığın və Mikromaliyyələşmənin inkişafı üzrə sıx əməkdaşlıq edir. Bu layihə çərçivəsində Bankımız indiyədək ölkənin müxtəlif regionlarından olan 737 nəfər sahibkara 43,6  milyon manatadək vəsait ayırmışdır.

 

Bankımız, həmçinin "Aqrar Sektorun İnkişafı" layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitləri hesabına kreditlərin verilməsində agent bank kimi çıxış etməyə başlamış ilk banklardan biri olmuşdur. Aqrar sektorun inkişafına yönəldilən vəsait hesabına tərəfimizdən indiyədək 581 təsərrüfat subyekti 13,3 milyon manat həcmində güzəştli kreditlə təmin olunmuşdur.

 

Biznesin dəstəklənməsi istiqamətində Bankın öz vəsaitləri hesabına həyata keçirdiyi iri layihələr içərisində 2013-cü ildən başlayaraq əsasən regional satış nöqtələri vasitəsilə realizə olunan fərdi biznes mikrokreditlərini misal göstərə bilərəm. İndiyədək bu layihə çərçivəsində müştərilərimizə güzəştli şərtlərlə 15 milyon manatadək kredit ayrılmışdır.

 

Bankımız həmçinin beynəlxalq maliyyə qurumlarından ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Dünya Bankı qrupu (World Bank Group), o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), eyni zamanda Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı qrupu, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası (ITFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), WorldBusinessCapital/OPIC, Bank im Bistum Essen, Societte Generale, BCP, ZiraatBank, BankAsya ilə birgə layihələr həyata keçirməklə ölkə üçün önəmli olan qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməkdədir.

 

Qeyd etmək istərdim ki, sadaladığım beynəlxalq maliyyə institutları ilə həyata keçirdiyimiz birgə layihələr çərçivəsində cəlb olunmuş güzəştli maliyyə vəsaitlərinin yönəldildiyi əsas prioritet sahələr sahibkarlıq, regional ticarətin inkişafı, biznes kreditləşməsi kimi sahələrdir.

Daha aydın təsəvvür yaransın deyə beynəlxalq maliyyə qurumları ilə birgə gerçəkləşdirdiyimiz bəzi layihələrin üzərində dayanmaq istərdim. Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (IFAD) TuranBank arasında 2004-cü ildə "Dağ və Yüksək Dağlıq Ərazilərin İnkişafı" layihəsi çərçivəsində bağlanılan kredit sazişi həyata keçirdiyimiz ilk layihələrdən olmuşdur. Adı çəkilən layihənin müddəti 5 il olmaqla, 7 dağlıq və dağətəyi regionları (Qəbələ, İsmayıllı, Quba, Gədəbəy, Daşkəsən, Lerik və Şahbuz) əhatə edərək Kiçik və Orta Sahibkarlığın inkişafına yönəlmişdir. IFAD-la əməkdaşlıq 2007-ci ildən artıq yeni 4 regionu (Abşeron, Xızı, Dəvəçi və Siyəzən) əhatə edən, "Şimal-Şərq Regionlarının İnkişafı" layihəsi çərçivəsində davam etdirilmişdir. Qeyd edim ki, ümumi məbləği 13 milyon ABŞ dolları layihə 5 illik müddəti əhatə etməklə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Kiçik və Orta Sahibkarlığın (KOS) inkişafına istiqamətlənmişdir.

Bankımız 2007-ci ildən Dünya Bankının "II kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" layihəsi çərçivəsində agent bank kimi çıxış edir. Layihənin əsas məqsədi ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsindən ibarətdir. Tərəfimizdən indiyədək bu layihə çərçivəsində sahibkarlıq subyektlərinin kreditləşməsinə 2,3 milyon ABŞ dolları (19 sahibkar) və 2,4 milyon manat (23 sahibkar) məbləğində güzəştli şərtlərlə vəsaitlər ayrılmışdır.  

TuranBankın uğurlu layihələrindən biri də təməli 2009-cu ildə qoyulmuş World Business Capital Inc. təşkilatı ilə birgə əməkdaşlığıdır. Bu qurum tərəfindən Bankımıza ayrılan və ümumi həcmi 14,5 milyon ABŞ dolları olan maliyyə vəsaiti yerli sahibkarların dəstəklənməsinə xidmət etməkdədir.

Bank, daha sonra Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığı çərçivəsində cəlb etdiyi 7 milyon ABŞ dolları həcmində vəsait hesabına yerli sahibkarların maliyyələşdirilməsini uğurla həyata keçirmişdir.

Ənənəvi bankçılığa paralel olaraq, İslam bankçılığının respublikamızın maliyyə sektorunda tətbiqi üçün fəal təşviqat aparan TuranBank, İslam Maliyyələşdirilməsi istiqamətində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD, İslam İnkişaf Bankı Qrupu) və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC, İslam İnkişaf Bankı Qrupu) ilə fəal əməkdaşlıq etməkdədir. Qeyd olunan beynəlxalq maliyyə institutlarının maliyyə xətləri çərçivəsində ümumilikdə cəlb etdiyimiz 13,8 milyon ABŞ dolları məbləğində vəsait ölkədə sahibkarlığın və ticarətin inkişafına ciddi dəstəkdir.

 

Bankımızın dünyanın aparıcı banklarından olan Societe Generale-dən cəlb etdiyi ümumilikdə 2 milyon ABŞ dolları məbləğində vəsait mikro və KOS-un kreditləşməsinə yönəldilmişdir.

 

- Ölkə başçısının özəl banklardan iqtisadiyyatın real sektoruna daha çox vəsait ayırmaları barədə gözləntiləri cari ildə Sizin fəaliyyətinizdə hansı dəyişikliklər yaratmışdır?

 

- Prezident İlham Əliyevin yerli bankların iqtisadiyyatın real sektoruna daha çox vəsait ayırmaları haqqında tövsiyələrini əsas tutan Bankımız,  sahibkarların kreditləşdirilməsi həcmlərini ciddi surətdə artırmaq israrlıdır. Mövcud olan və yeni tərəfdaşlarımızla başladığımız əməkdaşlıq layihələri bizim üçün geniş imkanlar açır.

 

Rəqəmlərin dili ilə desək cari ilin ilk 6 ayı ərzində Bankımız 109 milyon manat həcmində verdiyi kreditlərin 77%-ni biznes kreditləri təşkil etmişdir. Bu kreditlər istər yerli, istərsə də xarici tərəfdaşlarımızdan əldə olunan vəsaitlər hesabına güzəştli şərtlərlə verilmişdir. 

 

Məsələn, yerli qurumlardan Sahibkarlığa Kömək Milli Fondu ilə birgə həyata keçirilən Kiçik və Orta Sahibkarlığın və Mikromaliyyələşmənin inkişafı üzrə layihə çərçivəsində 121 sahibkara 1,5 milyon manat həcmində, həmçinin "Aqrar Sektorun İnkişafı" layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitləri hesabına 59 təsərrüfat subyektinə 1,2 milyon manat güzəştli şərtlərlə kredit vermişdir.

TuranBankın  planlarında respublikamızın müxtəlif regionlarında həm Bankın daxili vəsaitləri hesabına, həm də kənar maliyyə institutlarından cəlb olunmuş güzəştli vəsaitlər hesabına dövlətin iqtisadi siyasətini dəstəkləyən kənd təsərrüfatının inkişafına yönəlmiş layihələrinin sayını artırmaqla, lizinq xidmətlərini genişləndirməklə istehsal zəncirinin maliyyələşdirilməsini artırmaq, İslam bankçılığı pəncərəsinin tətbiqini başa çatdırmaqla müştəriləri şəriət qaydalarına cavab verən əlverişli bank məhsulları ilə təmin etmək, ümumilikdə biznes kreditləşməsini nəzərə çarpacaq dərəcədə artırıb kiçik və orta sahibkarlıq subyektlərinin mövcud bizneslərini inkişaf etdirmək kimi məqsədlər əsas yer tutur.

Təkcə cari ildə xarici maliyyə qurumları ilə imzalanan kredit sazişləri Bankımızın gələcəkdə də real sektorun maliyyələşdirilməsində seçilən banklardan olacağını əminliklə deməyə əsas verir.

 

Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi istiqamətində Bank ilə WBC/OPIC təşkilatı arasında 7 il müddətinə 7 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb olunması üzrə bu il imzalanmış sazişi xüsusi qeyd etmək lazımdır.

 

Cari ildə baş vermiş digər əlamətdar hadisələrdən biri də TuranBank və İslam İnkişaf Bankının törəmə təşkilatı olan Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD) arasında KOS-un maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 5 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi üzrə imzalanmış razılaşmadır.

 

TuranBankla Almaniyanın maliyyə institutu olan Bank im Bistum Essen eG arasında mikromaliyyə portfelinin daha da genişləndirilməsi məqsədilə 3,5 milyon ABŞ dolları həcmində vəsaitin cəlb edilməsi üzrə iki yeni kredit müqaviləsini də qeyd etmək istərdim.

 

2014-cü ildə Bankımız beynəlxalq əməkdaşlığı çərçivəsində ticarətin maliyyələşdirilməsi üzrə proqramlara da geniş əhəmiyyət verməkdədir. Bu istiqamətdə TuranBank Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə mövcud əməkdaşlığını daha da genişləndirmişdir.  QDTİB Ticarətin Maliyyələşdirilməsi istiqamətində TuranBanka ayırdığı revolver kredit xəttinin həcmini 14 milyon ABŞ dollarına qədər artırması bizə geniş kreditləşmə imkanları açmışdır.

 

Adları çəkilən xarici institutların TuranBank vasitəsilə Azərbaycanın iqtisadiyyatına maliyyə resursları ayırmaları isə onların Bankımızla uzunmüddətli, uğurlu və faydalı əməkdaşlığı sayəsində formalaşan etimad sayəsində mümkün olmuşdur. 

 

Beynəlxalq əlaqələrin inkişafı strategiyası çərçivəsində Bankımız ölkə iqtisadiyyatının real sektorunun inkişafına dəstək olacaq əlverişli şərtlərlə maliyyə vəsaitlərinin cəlb etmək məqsədilə öz xarici tərəfdaşları ilə aparılan danışıqları uğurla davam etdirməkdədir.

 

TuranBankın həyata keçirdiyi layihələri qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək kimi qiymətləndirmək olar. Çünki, cəlb olunan vəsaitlər ilk növbədə ölkəmizin neft-qaz amilindən asılılığını azaltmağa imkan verən sahələrin inkişafına xidmət edir.

 

 

# 571
avatar

Oxşar yazılar