![[b]OK, Sorry, Please: müasir, yoxsa qlamur danışıq tərzi? - REPORTAJ[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]OK, Sorry, Please: müasir, yoxsa qlamur danışıq tərzi? - REPORTAJ[/b]
OK, Sorry, Please... Bəli, günümüzdə bu cür danışıq tərzinə tez-tez rast gəlirik. Bir çoxlarının əcnəbi dil biliklərinin zəif olmasına və ya tamamilə olmamasına baxmayaraq, özlərini, loru dildə desək, "qlamur" göstərməyi sevirlər.
Görək, bu cür danışanlara vətəndaşların münasibəti necədir.
- Lazım olduğu halda, ingilis dilindən istifadə etmək lazımdır. Olur özlərini "qlamur" göstərmək üçün rus, ingilis dilində danışırlar. Düzgün deyil.
- İşləməyən insanları da görürsən ki, tələbədir, bir-iki ay hazırlığa gedib, başlayır həmin dildə danışmağa. Yaxşı da danışa bilmir, yenə danışır.
- Lazım olmayan yerdə istifadə etmək lazım deyil. Məsələn, istifadə etmək olar işlə bağlı lazım olan bir yerdə. Lazımsız yerlərdə istifadə etmək düzgün deyil. Öz dilimizi istifadə etməliyik ki, unutmayaq.
- Yeri gələndə bəzən elə kəlmələr olur ki Azərbaycan dilində o uyğun gəlmir, onu kiməsə başa salmaq üçün bilirsən ki, qarşı tərəf rus dilində başa düşəcək, ona rus dilində başa salırsan. Siz getsəniz İrana, oradakı azərbaycanlılar türk dilində danışanda adam utanır.
- İnsan var ki, adi universitetə qəbul ola bilmir, ancaq baxırsan ki, danışanda leksikonunda rus sözləri daha çox üstünlük təşkil edir. Bəli, var elə insanlar xarici dili bilmir, amma özünü xarici dil bilən kimi göstərir. O cür də danışır, gülməli alınır.
- Alman dilini tələbəyəm deyə pul qazanmaq üçün istifadə eləmişəm. Azərbaycan dilindən istifadə edirəm. İngilis sözlərindən istifadə etmək olur yazılarda. Bəzi yerlərdə özünü göstərməyi müsbət qarşılaya bilərəm. Seçilmək üçün konkurensiya çoxdur, iş mühitində ehtiyac var. Normal həyatda ikimiz də Azərbaycan dilində normal başa düşə biliriksə, ehtiyac yoxdur. Ola bilsin, dildə də o sözün qarşılığı olmasın, amma ola bilər ki, 90 faiz halda bizim öz dilimizi bir az zəif bilməyimizdən irəli gəlir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, dosent Təranə Şükürlü deyir ki, dünyada saf dil yoxdur, dil alınmalarsız mümkün deyil. Onun fikrincə, dilə alınma sözlər daxil olsa da, biz o alınma sözləri işlətməklə yanaşı, öz mili dil vahidlərimizi unutmamalıyıq: "Bəzən biz ətrafımızda əcnəbi dildə danışmaq istəyən insanları görürük, ancaq baxanda hiss edirsən ki, bu, artıq heç də o ikinci dili mükəmməl səviyyədə bilmir. Sadəcə, bildiyi 3-4 kəlmə ilə öz nitqini ikinci - əcnəbi bir dil üzərində qurmağa çalışır. Amma o ikinci dili də öyrənəndə, gərək nəzəri cəhətdən bütöv şəkildə öyrənməyə nail olasan. Bunu öyrənibsənsə, danışa bilərsən. Tutaq ki, biz öz çevrəmizdə, ictimai nəqliyyatda çox görürük ki, başqa bir dildə çalışmağa çalışanlar var, amma bu da çox xoşagəlməyən bir görünüş yaradır. Elə danışıqdansa, öz nitqini mükəmməl ana dilində qura bilər".
Müsahibimiz deyir ki, səviyyəli, savadlı, dünyagörüşlü insan heç vaxt elə danışıq formasına yol vermir.
Dillə bağlı problemlərdən danışarkən sosial şəbəkələrdən yan keçmək olmaz. Bir çox sosial şəbəkə istifadəçiləri, məsələn, "bağışlayın" əvəzinə ingilis dilində "sorry", "oldu" sözü əvəzinə "ok", "xahiş edirəm" əvəzinə isə "please" və s. ifadələr işlədir. Nəzərə alsaq ki, indiki gənclər daha çox əcnəbi dil öyrənməyə meyllidir, bu tendensiyanın davam etməsinin hansı fəsadları ola bilər?
Təranə Şükürlü deyir ki, çox dil bilmək insanın, bilik səviyyəsini nümayiş etdirir, onun savadını dünyagörüşünü ortaya qoyur: "Müasir dövrdə də biz görürük ki, artıq insanlar bir dillə yanaşı, ikinci, üçüncü dili öyrənməyə çalışırlar və buna da nail olurlar. Əvvəllər rus dili daha çox öndə idisə, rus dilində təhsil almağa çalışırdılarsa, indi ingilis dilində təhsil almağa, öyrənməyə çalışırlar. Çox dil bilməyin əhəmiyyəti budur ki, indi internet əsridir, bunun vasitəsilə dünya arenasına çıxmağa çalışırlar, müxtəlif ədəbiyyatları oxuyur, dünyagörüşlərini zənginləşdirirlər. Amma mənfi cəhəti budur ki, ana dilini unutmağa çalışır, bu istiqamətdə onun söz ehtiyatı azalır. Artıq öz nitqini ana dilində deyil, əcnəbi dillər üzərində qurmağa çalışır. Bunun hər iki tərəfdən əhəmiyyətli və neqativ halları yaranır. Amma çox dil bilmək bugünkü dövrdə müasir ailələrin öz ideyasından başqa, həm də cəmiyyətin bəlkə buna ehtiyacı var. Ona görə insanlar çox dil öyrənməyə çalışır. Nə qədər çox dil öyrənməyə çalışsan da, insan öz ana dilini unutmamalıdır".
Mütəxəssisin fikrincə, əcnəbi dil praktik cəhətdən hər gün işlədilərsə, vərdiş halına çevrilə bilir. Ancaq hər gün işlədilməzsə, çevrilməsi mümkün deyil. Bəzən əcnəbi dildə sözlərini ifadə etmək istəyənlərin çoxu dilimizin zəngin olmamasını əsas gətirir ki, bu da yanlış yanaşmadır. Təranə Şükürlü hesab edir ki, Azərbaycan dili zəngindir. Onun geniş lüğət fondu və ifadə imkanları var. Ancaq müasir gənclər əcnəbi sözlər işlətməklə bir az modern görünmək istəyirlər. Bu yaxınlarda Terminologiya Komissiyası yeni terminlər lüğəti çap etdirib. Burada yeni sözlərin qarşılığı verilib. 2004-cü ilin orfoqrafiya lüğətinə 85 min söz salınmışdısa, 2014-cü ildə bu say 110 minə çatıb.
Müsahibimiz deyir ki, Azərbaycan həmişə iki dillilik şəraitində yaşayıb. Əvvəllər ərəb və fars dillərindən daxil olan sözlər üstünlük təşkil edirdisə, indi Avropa məşəli sözlərin üstünlüyü diqqəti cəlb edir: "Bilirsiniz ki, Avropaya inteqrasiya Avropa mənşəli sözlərin dilə axınını zəruri edir. Bu gün bir dilə sözlər necə daxil olur? Əgər hər hansı məfhum dilə gəlirsə, onunla bərabər yeni söz də dilə daxil olur. Ona görə bizim dilimizdə mütləq alınma sözlərin öz yeri var. Yəni alınma sözlər dilə daxil olur, vətəndaşlıq hüququ qazanır. O zaman onun nitqdə işlənməsi artıq kortəbii deyil, dilin öz tələblərinə uyğunlaşmış şəkildə baş verir. Amma bir də var ki, biz bunu kortəbii şəkildə işlədək. Məsələn, vaxtilə dilimizdə "kompüter" və "bilgisayar" sözləri tutaq ki, mətbuatda paralel şəkildə istifadə edilirdisə, son dövrlərdə o, öz yerini "kompüter" sözünə verərək dildə sabitləşdi. Alınmalardan istifadənin qarşılığı varsa, bunu işlətmək məqsədəuyğun deyil. Amma qarşılığı yoxdursa, alınma söz dildə işlədilirsə, bunun heç də mənfi tərəfini görmürəm".
Çox dil bilmək çox dost deməkdir. O, hər yanda sənə kömək edir, həyatını yeni tanışlıqlarla zənginləşdirir. Amma nə qədər başqa dillərdə danışsaq belə, biz öz ana dilimizə sahib çıxmalı, onu qorumalı və sevməliyik. Çünki dil xalqın milli mədəniyyətinin tərkib hissəsidir.
Oxşar yazılar

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
16 iyun 2025 , 10:09
Az adamın bildiyi kəsmiyin TƏHLÜKƏSİ
16 iyun 2025 , 09:22
İyunun ikinci yarısı 3 BÜRC üçün şok olacaq - kim sınaqlarla üzləşəcək
16 iyun 2025 , 09:09
Çox yaxında gözəl xəbərlər eşidəcək BÜRCLƏR
15 iyun 2025 , 18:32
Zaqatalada kəndlərə dolu yağdı
15 iyun 2025 , 18:15
Araq içəndən sonra siqaret çəkmək istəyi nədən yaranır?
15 iyun 2025 , 17:35
Dünyada hansı ölkənin sakinləri ən az işləyir? Çətin ki, təxmin edəsiniz
15 iyun 2025 , 16:38