Xəbər verildiyi kimi, havanın temperaturu fevralın 2-də iqlim normasından 7 dərəcə aşağı olub.
Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib. Onun dediyinə görə, fevralın 2-si gün ərzində və 3-ü səhərə kimin ölkə ərazisində şaxtalı hava şəraiti davam edib, bəzi yerlərdə az qar yağıb.
Qar örtüyünün hündürlüyü Lerikdə 65, Lənkəranda 35, Astarada 32, Yardımlıda 25, Altıağacda 23, Şəki-Daşkəsəndə 18, İsmayıllıda 17, Zaqatala-Qubada 15, Ağstafa-Göytəpə-Qəbələdə 13, Oğuzda 12, Tovuzda 10, Gədəbəydə 9, Gəncə-Ceyrançöldə 8, Xazmazda 7, Xınalıqda 6, Tərtər-Şəmkir-Göygldə 5, Göyçay-Mingəçevir-Ağdərədə (Ordubad) 4, Biləsuvarda 3, Şamaxı-Mərəzədə 2 sm olub. Bakıda və Abşeron yarımadasında qar örtüyünün hündürlüyü Sumqayıtda 25 sm, Bakıda 6 sm, Maştağada 5 sm-ə çatıb.
Havanın temperaturu fevralın 2-də iqlim normasından 7 dərəcə aşağı olub. Bakı və Abşeron yarımadasında havanın minimal temperaturu 7-9 dərəcə şaxta, Aran rayonlarında 7-10 dərəcə şaxta, Kiçik Qafqazın rayonlarında 20 dərəcəyədək şaxta, Böyük Qafqazın rayonlarında 11-15, bəzi ərazilərdə 21 dərəcəyədək şaxta, Naxçıvan Muxtar Respublikasında 11-17 dərəcə şaxta təşkil edib.