Azərbaycanda qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının rayonlarında və Sumqayıt şəhərində təşkil edilmiş müvəqqəti sığınacaqlarda bu günədək 420 nəfər insan qəbul olunub. Bu barədə Lent.az-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xətai rayonunda 71, Nərimanov rayonunda 130, Nəsimi rayonunda 75, Nizami rayonunda 50, Yasamal rayonunda 34, Sumqayıt şəhərində isə 60 nəfər kəskin hava şəraitindən qorunmaq üçün sığınacaqlardan istifadə edib.
Sığınacaqlarda olduqları müddətdə həmin insanlar 24 saat ərzində yataqla, istiliklə, gün ərzində 3 dəfə isti qidalarla, lazım olduqda tibbi xidmətlə təmin olunublar. Onların böyük əksəriyyətini açıq havada səyyar işləyənlər və rayonlardan müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonlarına qayıtmaqda çətinlik çəkənlər təşkil edib.
Sığınacağa ehtiyac duyan hər hansı şəxs özü gələ bilmədikdə belə, 142 - Qaynar xətt vasitəsilə, yaxud müvafiq icra orqanlarının məlumatları əsasında həmin şəxslərin yeri müəyyən olunub və onlar qısa müddət ərzində sığınacaqlara gətiriliblər.