Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin ilk iclası öz işinə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, iki gün davam edəcək iclasda Komitəyə üzv ölkələrin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziya) aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, İƏT-in Katibliyi və tabe təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edir. Tədbir başlanmazdan öncə “Qurani-Kərim”dən ayələr oxunub.
İclası giriş sözü ilə açan Rəhbər Komitənin sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son illərin qlobal iqtisadi-maliyyə böhranının İƏT-ə üzv dövlətlərin əmək bazarına təsirsiz ötüşmədiyini, bir sıra dövlətlərdə çoxsaylı iş yerlərinin bağlanmasına səbəb olduğunu bildirib. “Reallıq budur ki, hazırda dünyanın digər inkişaf etmiş regionları ilə müqayisədə İƏT regionunda ümumi və ayrı-ayrı əhali qrupları üzrə məşğulluq səviyyəsi aşağı olaraq qalır”.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün ölkəmizin iqtisadi-sosial inkişafında böyük maneə olduğunu vurğulayan S. Müslümov bu təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.
S.Müslümov Azərbaycanın İƏT çərçivəsində digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişafına səy göstərdiyini bildirib.
İƏT-in Baş Katibinin iqtisadi məsələlər üzrə yardımçısı səfir Hameed A.Opeloyeru bu tədbirin İƏT çərçivəsində əmək, məşğulluq və sosial müdafiə kimi aktual bir sahədə də əməkdaşlığın güclənməsinin bariz ifadəsi olduğunu vurğulayıb.