[b]Mövsümi allergiyanın müalicəsi varmı? -  REPORTAJ[/b]
18 aprel 2016 12:52 (UTC +04:00)

[b]Mövsümi allergiyanın müalicəsi varmı? - REPORTAJ[/b]

Bahar fəsli başlayan kimi bitkilərin, çiçəklərin tozlanması nəticəsində mövsümi allergiya əlamətləri özünü büruzə verməyə başlayır. Tibb elmində mövsümi allergiya pollinoz adlanır. Bəs pollinozun ilkin əlamətləri hansılardır?

 

Həkim-allerqoloq İldırım Qiyas APA TV-yə bildirib ki, mövsümi allergik renit və konyuktivit özünü əsasən birgə büruzə verir: “Qaşınma, asqırma, burun tutulmaları, burun suyunun axması, qoxu hissiyyatının azalması, göz nahiyəsində qaşınma, göz suyunun axması, göz ağrıları da ola bilər, bəzi hallarda bu nahiyədə qızartı ola bilər. Kəskin burun tutulmaları zamanı əsasən udqunan zaman başda, qulaqda ağrılar olur. Eyni zamanda eşitmə qabiliyyəti də azalır. Bəzi hallarda boğazda, qulaqda, qırtlaqda qaşınmalar olur. Bu qaşınmalar faringit, laringitə gətirib çıxara bilər. Bəzi xəstələrdə qarın boşluğunda diskomfort, yuxusuzluq, yorğunluq, iştahasızlıq olur ki, bunlar da əsəb gərginliyinə səbəb olur”.

 

Pollinoz diaqnozu qoyulan şəxs nə etməlidir? Ev şəraitində, yaxud çöldə olarkən hansı qaydalara əməl etmək lazımdır? Həmsöhbətimiz qeyd edib ki, ilk növbədə qıcıqlandırıcı amillərin olduğu mühitdən və amillərdən uzaq durmaq, həmçinin qidalanmaya diqqət etmək lazımdır: “Yay vaxtı, yəni mövsümi simptomlar üzə çıxmağa başlayanda meşəyə, gül-çiçəkli yerlərə getmək qadağandır. Əgər mütləq gediləcəksə, avtomobildə kondisioner işə salınmalıdır. Əgər kondisioner yoxdursa, tənzifdən istifadə etmək lazımdır. Kondisioner ev şəraitində də işə salınmalıdır. Bundan əlavə, hipoallergen pəhrizə riayət etmək, əgər bitkilərə qarşı allergiya varsa, bal, doşab, qoz, fındıqdan kənar olmaq lazımdır. Bu növ qidaların qəbulu ağırlaşmaya səbəb ola bilər. Bəzi xəstələr var ki, mövsüm bitsə də, asqırma olur, bəzi hallarda qaşınma da olur. Əgər yovşana qarşı allergiya varsa, xüsusilə bahar mövsümündə çobanyastığı, gülümbahar, qarğıdalıdan istifadə etmək olmaz. Qış fəslində istifadə olunarsa, renitin əlamətləri özün büruzə verə bilər”.

 

Mövsümi allergiyanın müalicəsi varmı? Həkim-allerqoloq qeyd edib ki, mövsüm bitən kimi aparılan təhlillər nəticəsində qoyulan diaqnoza görə müalicə aparılır. Əgər zamanında müdaxilə olunmazsa, ciddi ağırlaşmalar baş verə bilər: “Əsas müalicə spesifik immunoterapiyadır, yəni xəstənin allergenlərə qarşı həssaslığını azaltmaq. Dünyada yeganə müalicə üsulu budur. Düzdür, mövsüm zamanı müəyyən preparatlardan istifadə edirik, amma mövsüm bitdikdən sonra qoyulan testlərə görə immunoterapiya aparılır. İmmunoterapiya 3 ildən 5 ilə qədər aparılır. Əgər müdaxilə olunmazsa, allergiya 80-90% hallarda astmaya çevrilə bilər. İmmunoterapiya bunun qarşısını ala və dərmandan istifadəni azalda bilər. Dərmanlardan çox istifadə etmək mədəyə də mənfi təsir edə bilər. Ona görə də yeganə müalicə üsulu budur. Müalicə mövsümdən 4-5 ay qabaq başlanır. Mövsümdən 20 gün öncə müalicə dayandırılır və profilaktika məqsədilə zərərsiz dərman təyin olunur. Sözsüz ki, çöldə mümkün qədər az olmaq, sitrus, bitki mənşəli qidalardan uzaq durmaq lazımdır. Əksər hallarda effekt almaq olur”.

 

Müalicənin nə dərəcədə effektiv nəticə verməsi pasientlərin özündən asılıdır. Bəzi hallarda qısa müddətli müalicə belə müsbət nəticə verə bilər. Bəzən isə pasient müalicə müddətində özünü yaxşı hiss etməyə başlayan kimi müalicəni dayandırır. Lakin bir müddət sonra allergiya əlamətləri yenidən üzə çıxmağa başlayır. Həkim-allerqoloq bu halla qarşılaşmamaq üçün allergiyadan əziyyət çəkən şəxslərə mütləq surətdə müalicəyə diqqət yetirməyi, kursu tam şəkildə başa vurmağı məsləhət görür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2387

Oxşar yazılar