Futbol... Milyonların sevdiyi idman yarışı. Futbolu təkcə idman hesab etmək də düz deyil. O həm də siyasi, ictimai, milli məsələdir. İspaniyanın “Barselona” futbol klubu katalonlar üçün azadlıq mübarizəsinin bir hissəsinə çevrilib. Təbrizin “Traktorsaz”isi cənublu soydaşlarımızın ruhunu coşdurur. O tayda bu kluba müstəqilliyə gedən yolun başlanğıcı kimi baxırlar...
Futbol həm də xatirələrlə dolu bir dünyadır. 22 iyun 2002-ci il Türkiyə-Seneqal oyunu. Qardaş ölkə qalib gəlsə, yarımfinala yüksələcək. Oyun ərzində qol vurulmur. Artıq gün enir, hava qaralır. Heyvanların axşam otlamağının vaxtıdır. Atam deyir quzuları apar meşəyə. Oyuna əlavə olunan dəqiqələrə baxa bilmirəm. Kədərlidir... Meşədə eşidirəm İlhan Mansızın qələbə topu vurmağını. Qələbə sevincimi bütün meşə eşidir. Bu, təkcə futbolda qalib olmaq yox, həm də Türkiyənin yüksəlişi idi mənim üçün...
Və bir də çoxlarının küçədə parça "top"la oynamaq xatirəsi var. Ya da üfürməklə doldurulan rezin toplarla dava-dalaşlı "futbol". Hər məhlənin öz "meydança"sı, öz qapıçısı, öz hücumçusu. Əvəzedilməz günlər saymaq olardı o günləri.
Bir də bu uşaqlara baxın. Topları normal olsa da, yenə boş torpaq sahəsində, öz qaydaları ilə oynayan uşaqlar. Onlar Xəzər rayonu Albalılıq qəsəbəsinin sakinləridir. Yay oldumu, orta məktəbdə oxuyan bütün oğlanlar yığışır bura. Bu kiçik yerdə, biri-birinə dəyə-dəyə, yıxıla-dura, ən azı 10 qollu bir oyun.
Hesab isə sabaha qalır. Oyunun davamını sabah oynayacaqlar. Bu günkü oyun isə dünənki oyunun davamı odu. Hesab 12-13 idi. Adsız komandaların oyununa fotoaparatın gözündən baxa bilərsiniz...