Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndələri - Zora Papova və Raul Karstosia, Tamari Bulia ilə görüşüb. Bu barədə Lent.az-a Şuradan məlumat verilib.
MŞ sədri qonaqlara təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumat verib. Ə. Amaşov əsasən Şuraya daxil olan şikayətlər barədə söz açaraq bildirib ki, narazılıq doğuran media materiallarında kimlərəsə qarşı milli ayrı-seçkiliyin edildiyinə dair faktlar demək olar, qeydə alınmır. MŞ sədri Azərbaycanda çoxsaylı xalqların nümayəndələrinin yaşadıqlarını, onların öz ana dillərində kütləvi informasiya təsis etmələri üçün hər cür şərait mövcudluğunu vurğulayıb.
Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin baş tədqiqat əlaqələndiricisi Z.Papova təmsil etdiyi qurumun ATƏT, Avropa Birliyi və Avropa Şurası ilə sıx əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndələrinin ölkəmizə yanvarın 26-dan 30-dək davam edən səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xəttilə reallaşdırılır. Bu müddətdə qonaqlar qeyri-hökümət təşkilatlarının, kütləvi infaormasiya vasitələrinin nümayəndələri ilə görüşlər keçiriblər.