<b>Cəsarət - qalxıb danışmağı bacardığın kimi, oturub dinləməyi də bacarmaqdır</b>
30 avqust 2016 12:54 (UTC +04:00)

Cəsarət - qalxıb danışmağı bacardığın kimi, oturub dinləməyi də bacarmaqdır

APA TV-nin "Motivasiya" verilişinin növbəti mövzusu "Cəsarət"dir.
 
Cavid Zeynallı
 
Mövlana deyir ki, cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. Bu sözdə böyük həqiqət var. Təəssüf ki, müasir dünyada bəzi qüvvələr cəsarət adı altında təhsilsiz, məlumatsız insanları aldadıb müxtəlif terror hadisələri həyata keçirir, ətrafa böyük ziyan vururlar. Cəsarət cəmiyyətdə təqdir edilən, bəyənilən xüsusiyyətdir. İnsanlar cəsur olmaq, cəmiyyətdə cəsur tanınmaq istəyirlər. Çünki cəsur insanlar həmişə hörmət qazanırlar.
 
Amma insanların çoxu cəsur tanınmaq üçün çox cəhd etsələr də həqiqətən cəsarətli ola bilmirlər. Çünki cəsarət imitasiya olunmağı sevmir. Cəsarət eyni zamanda böyük meydanlarda oynamaq, tarixə düşmək, qəhrəmanlıq göstərməkdir. Dünyada cəsarəti və mübarizliyi ilə fərqlənən xalqlar məhz bu hissin hesabına azadlıq qazanıb, əsarətdən yaxa qurtarıblar.
 
Cəsarət eyni zamanda qarşı tərəfə özünü ifadə imkanı yaratmaqdır. Uinston Çörçillin də bununla bağlı yaxşı bir sözü var: cəsarət ayağa qalxıb danışa bilmək olduğu kimi  oturub dinləməyi də bilməkdir.
 
 
Sevda Sultanova: 
 
 “Cəsarət cəngavərliklə, döyüşdə igidlik göstərməklə asossiasiya olunur. Amma mən düşünürəm ki, normal həyatda cəsarətli olmaq daha çətindir. Çünki döyüşdə qarşı tərəf öldürürsə, sən də öldürməlisən, bu, həm də özünümüdafiədir, bir növ müharibə ab - havasına köklənir insan.
 
Amma deyək ki, 50-60 - cı illər mühafizəkar Avropasında seksual inqilab eləmək daha çətin idi, qətiyyət, cəsarət tələb edirdi.
 
Seksual inqilab deyəndə, gənclərin ailə institutlarına, adət ənənələrə qarşı getməsi, vətəndaş nikahı, abortların leqallaşdırılması və s. nəzərdə tutulur.
 
Axundovun cəhalət dövründə “Kəmalüdövlə məktubları”nın yazması, yaxud 1930-cu illərdə qadınların mühafizəkar ailələrinə qarşı gedərək fəal ictimaiyyətçi olması daha çox cəsarətli addım idi.
 
Cəsarət yersiz ola, lazımsız cəsarətdən insanlar əziyyət çəkə bilərlər. Ona görə cəsarəti lazımı məqamda göstərin“.
 
 
Ilqar Rəsul
 
Mark Tven deyir ki, "Cəsarət qorxuya müqavimət və qorxuya nəzarətdir. Qorxusuzluq deyil".  
İnsan uğurlarının əsas səbəblərindən biri cəsarətdir. Cəsarətlə qərar qəbul etmək, hərəkət etmək və s.
Əslində qorxaq adamla cəsarətsiz adamı qarışdırmaq düz deyil. Adam var ki, bir çox hallarda qorxmur. Amma addım atmağa cəsarət də etmir.
Cəsarət o demək deyil ki, siz hamıya cəsarətli olduğunuzu sübut edəsiniz. Cəsarət odur ki, siz öz arzunuzun, sizə maraqlı olanın, sizi dəyişəcək nəyinsə ardınca gedirsiniz.
Cəsarət təkcə getmək yox, həm də lazım olanda haradasa dayanmağı bacarmaqdır. Belə bir mərhələyə çatanda sizin ən böyük vəzifəniz təkəbbürlü olmamaqdır. Yəni cəsarətiniz, əldə etdikləriniz sizi təkəbbürlü etməməlidir.   
 
Əslində cəsarət, insanda mərdlik, məsuliyyət və s. bu kimi keyfiyyətləri ehtiva eləmir. Bu səbəbdən cəsarət impulsiv də ola bilir. Cəsarət qorxudan da yarana bilir. Ona görə də, hətta uşaq belə cəsarətli ola bilir. Mərdliksə ancaq düşünə bilən, həddi buluğa çatmış adama məxsus keyfiyyətdir.  
 
İnsanın bir çox başqa özünüifadə vasitələri kimi cəsarət də yerli və yersiz ola bilir.
 
Tam olaraq APA.TV-də izləyin

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812
avatar

APA TV

Oxşar yazılar