[b]Bir kitabla müharibə başladan qadın[/b] - Murad KÖHNƏQALA yazır
10 iyun 2016 10:41 (UTC +04:00)

[b]Bir kitabla müharibə başladan qadın[/b] - Murad KÖHNƏQALA yazır

 

 

İnsansevərlik və ruhaniyyət

 

Məşhur ABŞ yazıçısı, dünya şöhrətli Harriyet Biçer Stou 1811-ci il, iyunun 14-də ABŞ-ın Konnektikut ştatının Litçfeld qəsəbəsində dindar  ailədə dünyaya gəlmişdi. 


Harriyetin atası Liman Biçer Konqres üzvü, tanınmış teoloq və Amerika İncil Cəmiyyətinin əsasını qoyanlardan biri idi. O, ABŞ-da quldarlığa qarşı aparılan mübarizənin öndə gedənlərindən olmuşdu.


Harriyetin anası Roksana Fut da dindar qadın idi. Gələcəyin böyük yazıçısı, mərhəmət və sevgi öyrədən, insansevərliyi təbliğ edən mömin bir ailədə tərbiyə almışdı.


Harriyet dörd yaşında olanda anası dünyadan köçür. Atası yenidən evlənsə də, uşaqlarına daimi nəzarət edir. Maarifçi atanın təsiri ilə Harriyet yaxşı təhsil ala bilir. 8 yaşında ikən atası onu Miss Sara Pirs məktəbinə yazdırır, 5 il burada oxuduqdan sonra 13 yaşındaykən bacısı Yekaterina tərəfindən əsası qoyulan Hartford Qız Akademiyasına daxil olur. Harriyet burada fransız, italyan və latın dillərini öyrənir.
 

Həmin vaxtlarda gənc qız atasının təşkil etdiyi dini məclislərdə iştirak edir, xristian teologiyasının təsiri altında bütün varlığını insanlara təmənnasız xidmət və İsa Məsih sevgisinə həsr etməyi düşünür.


Sözsüz, parlaq qəlbə sahib olan bu qızcığazın dünyagörüşünün formalaşmasında anasının da böyük rolu olmuşdu.

Qonorar naminə yaza-yaza, böyük yazıçıya çevrilir

Harriyetin mütaliəyə böyük marağı onu bədii  mətnlər yazmağa həvəsləndirir. Bir dəfə "Vestern Monthly Magazine" adlı dərgidə nağıl müsabiqəsi barədə elan oxuyan Harriyet kiçik həcmli bir nağıl yazaraq müsabiqəyə göndərir və gözləmədiyi halda  birinci yeri qazanır. Bu uğur Harriyeti yazıçı ola biləcəyinə inandırır. Bundan sonra gənc yazıçı müxtəlif məzmunlu, xırda həcmli bədii mətnlər yazaraq, mətbuatda çap etdirməyə başlayır.


ABŞ-ın qaynar həyatını, ictimai-siyasi prosesləri daim izləyən Harriyet 1836-cı ildə professor Kalvin Stov ilə evlənir.
 

Kalvin Stov bir xristian ruhanisi, eyni zamanda quldarlığa qarşı savaşın aparıcı şəxslərindən idi.
Ailə həyatı, məişət qayğıları Harriyetin yenicə parlayan imzasını illərlə “paslandırdı”. Dünyaya yeddi övlad gətirən xanımı məsuliyyət və qayğılar qələmdən ayırmalı olur.


Böyük maddi sıxıntılar keçirən, bəzən dərman almağa belə pulları çatmayan ailənin bir cocuğu kiçik yaşlarında vəfat etdikdən sonra Harriyet sanki “ayılır”. Gecə-gündüz çalışan həyat yoldaşına dəstək olaraq, müxtəlif qəzet və jurnallara qonorar müqabilində yazılar göndərir. Harriyetin yazıları oxucular tərəfindən böyük maraqla qarşılanır.
 

Ağır həyat şəraitinə baxmayaraq, Kalvinlə Harriyet biri-birilərinə dayaq olmağı və çətinliklərə sinə gərməyi bacarırlar. Harriyet əqidə yoldaşı olan ərinə: "Sən mənim həyat yoldaşım olmasaydın da, yenə səni sevərdim", - demişdi.
 

Həmin illərdə ABŞ-ın nüfuzlu bir dərgisində Stounun bütün İngiltərə ictimaiyyətini ayağa qaldıran məqaləsi çap olunur. Məqalədə ingilis şairi Bayron və onun əxlaqsız (Stou belə adlandırırdı) aristokrat həyatı tənqid olunurdu. Harriyet məqaləsində Bayronun, atasının övladlığa götürdüyü qızla, yəni bacılığı ilə intim münasibətlərini “cinsi və fiziki istismar” adlandırmışdı.
Aldığı qonorarlarla ailənin maddi durumunu yaxşılaşdıran Harriyet uğurlardan ruhlanaraq daha irihəcmli əsərlər yazmağa girişir. Bu işdə onun ən böyük dəstəkçisi və ilhamvericisi sevimli əri olur.

Quldarlıq əleyhinə mübarizə


Atasının və ərinin quldarlıq əleyhinə fəaliyyətinə dəstək verən Harriyet ABŞ-da köləliyin ləğv edilməsi uğrunda fəal mübarizəyə başlayır. Böyük humanist Henri Dünanla şəxsi tanışlıqdan sonra, “Qırmızı Xaç”ın yaradıcısını da bu fəaliyyətə cəlb edir.
Stounun qələmi susmur, o, hər yerdə ağların qaralar üzərində ağalığını, irqçiliyi kəskin pisləyir və bütün yaxşı insanları bu antihumanist quruluşa – quldarlığa qarşı mübarizəyə səsləyir.

Quldarlığı rəsmi fərmanla ləğv edən ABŞ prezidenti Avraam Linkoln onunla üz-üzə gəldikdə: "Deməli, bu böyük savaşı başladan kitabın müəllifi balaca, zərif xanım sizsiniz", - demişdi.
 

Yazıçı xanımın məşhur "Tom dayının daxması"  Linkolnun da sevimli romanına çevrilir. Əsər ABŞ-ın ictimai-siyasi tarixində yeni səhifənin başlanğıcı olur.
 
3 milyon tirajlı kitab

Dünyaya səs salan “Tom dayının daxması” çap edildiyi ilk gündən ağlasığmaz dərəcədə böyük tirajla satılır. Əsərin təsiri altında ABŞ-ın şimalında köləliyə qarşı mübarizə başlanır. Bu isə quldarlığın saxlanılmasının qızğın tərəfdarı olan Amerikanın cənubunda etirazlarla qarşılanır. Nəticədə ABŞ-ın cənubu ilə şimalı arasında vətəndaş müharibəsi başlayır. Bu savaşda minlərlə insanın qanı axıdılsa da, son nəticədə köləlik əleyhdarı olan şimalın cənub üzərində qələbəsi ABŞ-da yeni, demokratik bir sistemin təməlini qoydu. Bununla da Harriyet Biçer qələmi ilə böyük zəfər qazanır və adını tarixin axarını dəyişən qadınlar sırasına yazır.
 

1850-ci ildə Amerika əhalisinin sayı 23 milyon nəfər idi. Həmin əhalinin 2,3 milyonunu kölə zəncilər təşkil  edirdi.
Amerikada quldarlığa qarşı ictimai mübarizə 19-cu əsrin 30-cu illərindən başlasa da, bu dirəniş mütəşəkkil və təşkilatlanmış formada olmadığından, lokal çərçivədə alovlanır, pul və güc sahibləri tərəfindən yatırılırdı. Harriyet Biçer Stounun yazdığı kitab isə bu mübarizənin taleyinə həlledici təsir göstərdi. Bütün Amerikanı sarsıdan “Tom dayının daxması” romanında yazıçı gördüklərini, şahidi olduqlarını, kölə sahiblərinin pula ehtiyacları olanda zənciləri doğmalarından ayıraraq satdıqlarını və onların başlarına gətirilən dəhşətli işgəncələri ürəkağrısı ilə qələmə almışdı.

Stou Amerikanı və Avropanı silkələyən bu əsərini yazanda kiçik qızı hələ südəmər idi. Gündüz ev  işlərini qurtarandan və gecə körpəsini yatırandan sonra yuxusuz gecələr hesabına bu romanı tamamlayır. 1851-ci ildə o, əsərin ilk bölümünü dərc olunmaq üçün Vaşinqtonda nəşr edilən və köləlik əleyhdarı olan "National Era"ya yollayır. Əsər üç ay ərzində müzakirə olunur və serial formasında dərcinə icazə verilir. Sonradan müəllif  qarşısıalınmaz bir ehtirasla bütün qəlbini boşaltdığı bu əsəri nəyin bahasına olur-olsun kitab halında çap etdirmək niyyətinə düşür. Bostondakı böyük nəşriyyatların biri  köləliyə qarşı çıxan bu romanı dərc etməyə qorxur. Nəşriyyat ölkənin cənubunda tirajladığı kitabların  satışına qadağa qoyulacağından ehtiyat edərək, Harriyetin əsərini geri qaytarır. Yazıçı çətinliklə də olsa, yenicə fəaliyyətə başlayan bir nəşriyyatı əsərin çapı üçün razı salır.

Yeni roman satışa çıxarıldığı ilk gün 3 min ədəd satılır. Bundan sonra xalq arasında kitaba maraq getdikcə artır. Əsər 300 min tirajla yenidən çap edilir. Amma bu da oxucu tələbatına bəs etmir və dünyanın hər yerindən roman üçün sifarişlər gəlir. Ona görə də gənc nəşriyyat gecə- gündüz bu romanı çap etməklə məşğul olur. Az sonra kitabın tirajı 3 milyona çatır və hamısı satılır. Kitab dünyanın 50-dən çox dilinə tərcümə edilərək sürətlə yayılır.
“Tom dayının daxması” kütlələrdə inqilabi effekt doğurduğuna görə, ABŞ-ın şimalında antirasizm əhval-ruhiyyəsi qızışır. Minlərlə insan küçələrə çıxaraq, hökumətdən köləliyin ləğvini tələb edir.
Köləlik tərəfdarı olan ABŞ-ın cənub ştatlarında Biçer Stou və onun kitabına qarşı güclü kampaniya başlayır. Hətta quldarlıq tərəfdarı olan iri kampaniyaların sahibləri sifarişlə “Antitom” ədəbiyyatı yaratmağa girişirlər.
Əleyhdarları Harriyeti yalan və böhtan yazmaqda təqsirləndirir.
Bundan əsəbiləşən xanım Stou tezliklə "Tom dayının daxmasının açarı" adlı əsərini yazır. Xanım növbəti kitabında kölələrin məruz qaldığı zülm barədə, onların heyvan kimi alınıb-satılması haqda qəzetlərdə çap edilən materialları və özünün gördüklərini sübut kimi ortaya qoyur.
 

Bütün bunlardan sonra o, “Dred” adlı romanını da bitirir. Bu əsər də nəhəng tirajla satılır.

Yeni Amerika ədəbiyyatının “xaç anası”

1854-cü ildən ABŞ-da köləliyə qarşı mübarizə geniş vüsət alır və ölkədə yeni demokratik təməllərə sahib olacaq Respublikaçılar Partiyası yaradılır. 1860-cı ildə Avraam Linkolnun başçılıq etdiyi bu partiya hakimiyyətə gəlir. Yeni hökumət köləliyi qoruyub saxlamaq istəyən cənuba qarşı müharibəyə başlayır. Vətəndaş müharibəsi şimalın qələbəsi ilə başa çatır və köləlik rəsmən ləğv edilir. Bu qələbədən sonra Biçer Stou Amerikanın prezidenti Linkoln ilə görüşür. Prezident yazıçı xanımı yeni Amerikanın qurucularından biri kimi dəyərləndirir.
 

Vətəndaş müharibəsi irqçilik əleyhinə mübarizə aparanların qələbəsi ilə başa çatdıqdan sonra Harriyet ailəsi ilə birlikdə Floridaya köçür. O, burada qadın hüquqlarını müdafiə edən bir sıra şəxslərlə tanış olur. Harriyet "Qəlb və ev” adlı dərgidə qadın haqlarını müdafiə edən yazılar yazır.
Məşhur yazıçı Floridadan geriyə, Hartforda qayıdandan sonra da insan hüquq və azadlıqları uğrunda çalışmaqdan usanmır, burada "Müqəddəs tarixdə qadın" adlı əsərini yazır.

 

Bütün ömrünü insan haqları uğrunda mübarizələrdə keçirən böyük humanist yazıçı Harriyet Biçer Stou 1896-cı ildə 85 yaşında dünya ilə vidalaşır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Murad Köhnəqala

Oxşar yazılar