Bu yazı silsiləsinə başlamazdan öncə Lent.az saytının oxucularını yenidən salamlayıram.
Beş aydan sonra İsveç miqrasiya düşərgəsindən Azərbaycana qayıdanda mənimlə görüşən insanların davranışından hiss elədim ki, hamı məni təxminən ölmüş kimi qəbul edibmiş. Yəni mən artıq o dünyaya köçmüşəmmiş və bir də bu yöndəmsiz qıpçaq üzümü görməyəcəklərmiş. Mənimlə qucaqlaşanda həsrətini doldurmaq üçün uzun müddət özünə sıxıb buraxmayan kim, kövrələn kim, danlayan kim, sevincindən ağlayan kim...
Bakıda görüşdüyüm dostlar haqda sonra danışacam. Ən birinci Bakıdan doğma Köhnəqala kəndinə gəlməyimdən söz açmaq istəyirəm.
Bizdə Bakıdan gələn qatarlar səhər tezdən fısıldayıb dayanır. Düşən kimi taksiyə minib ata evimizə tələsdim. Anam, anam, əsas anam! Yazıq qarı əllərini dizlərinə çırpa-çırpa üstümə yüyürdü. Elə bil betonlu qəbri dağıdıb qəfil içəri girən ölmüş oğlunu görürdü. Anam mənim qayıtmağımı, üzünü göylərə tutaraq göndərdiyi duaların cavabı kimi qəbul eləyirdi. “Bilirdim ki, yalvarışlarım boşa çıxmayacaq!” - belə deyirdi.
Özümü heç bir dini təfəkkürə aldırmayan aqnostik saysam da, İsveçdə qəfil fikrimi dəyişib geri qayıtmağımda anamın dualarının gücünə inanmağa başladım.
Anamla görüşməyimi təngnəfəs yazdıqdan sonra Bakıdakı əhval-ruhiyyəyə qayıda bilərik. Ürəyim dolu olduğundan fikrim ora-bura at səyirdir. Bilirsizmi, arvad-uşaq üzümə baxmaq istəmirdi. Sən demə, Avropa ölkəsindən sığınacaq istəmək biabırçı bir şey imiş. Anasının dediyinə görə, mühacirətə getməyimi doğma uşaqlarım özlərinə böyük xəcalət sayırmış. Nə deyim, nə danışım bu durumda?
Bəzi adamlara başa salmaqdan yorulurdum ki, Avropa ölkələri insan haqları tapdanan xarici ölkələrdən gəlib məskunlaşmış azadlıqsevər sənətkarlarla doludu. Yüzlərlə yazıçı, şair, jurnalist, siyasi fəal, rejissor, rəssam mühacir həyatı keçirərək yaradıcılığının ən parlaq dövrünü bu qitədə yaşayıb və yaşayır. Ətrafımdakı dost-tanışın primitiv çözümləri məni çox kədərli quyulara itələyirdi.
Hələ qulaq as ee, sən demə, kəndimizin toy-vay məclislərində mühacirətimi müzakirə edib az qala məni vətən xaini çıxaranlar da olurmuş. Mətbuatda və sosial şəbəkələrdə mənim bu köçümü gah siyasi təzyiqlərə, gah da dindarların aqressiyasına yozurdular. Halbuki, bu beş ay ərzində (müxtəlif yollarla əlaqə yaradıb mənimlə müsahibə düzəltmək istəyənlərin sayı çox olsa da) ağzımı açıb vətəndən aralaşma səbəbindən heç danışmamışdım. Məni incidən şeylərin biri də bu idi ki, getməyimin səbəbini açıqlamamışdımsa və İsveç dövləti bu haqda heç bir informasiya sızdırmamışdısa (onlar bunu eləmir), niyə bəzi “falçı adamlar” haqqımda müxtəlif səbəblər uyduraraq mətbuatda xəbərlər axıdırdılar?
Sizlər üçün maraqlıdırsa, getmə səbəbimi indi deyə bilərəm. Qardaşım, bu qarışıq və ağır cəmiyyətdə hər bir sadə Azərbaycan vətəndaşının həyatı kimi mənim də həyatım ağır keçir. Lakin belə bir cəmiyyətdə yaşamaq mənə ikiqat çətindi. Bilirsinizmi niyə? Çünki yazıçı adamam, hər şeyə həssaslıqla yanaşıram, xalqımın əzablarına etinasız baxa bilmirəm, ürəyim sızlayır, nevroz vəziyyətindəyəm. Xırdaca bir şey deyim, məsələn, şəhər küçələrinin zibil qablarının ətrafında töküntü görəndə əsəbiləşirəm, yersiz maşın siqnalları məni dəli həddinə çatdırır, baş alıb gedən intihar silsiləsinin dərdini çəkirəm. Ancaq baxıram ki, belə şeylər böyük əksəriyyətin heç vecinə də deyil, əksinə, bayağı musiqilər altında iyli dönərdən yeyib yaşayanların sayı getdikcə artır...
2013-cü il noyabrın 9-da özümü İsveç Miqrasiya Mərkəzinə təqdim edərək orada izah elədim ki, mən azadfikirli bir yazaram və sizin ölkədə yaşamaq istəyirəm. Onlar da məni anlaşıqla qarşılayaraq, sığınacaq vermə prosesinə qoşdular. Miqrasiya dövründə yaşadığım beş aylıq düşərgə həyatımı Lent.az-ın oxucularına yazıb danışmaq istəyirəm...
***
Miqrant düşərgəsi deyəndə çoxunun qafasına çadır şəhərcik, yaxud sovetdənqalma yataqxanalar düşür. Qaldığımız düşərgə üçmərtəbəli otel idi. Otelin birinci mərtəbəsi yarımzirzəmi, bu yarımzirzəmidə restoran və kafelər yerləşirdi. Hərdən aşağıdan ad günü və ya hansısa əlamətdar günün şənliklərinin səsi gəlirdi. Otelin baş nəzarətçisi və miqrantlara cavabdeh 35-40 yaşlarında olan gülərüz, düşərgə sakinləri ilə mehriban davranan Kriz adlı ucaboylu, sarışın isveçli idi. Kriz səksənə yaxın emiqrantın demək olar hamısını adbaad tanıyırdı. Həm də bu rəqəm dinamik olaraq dəyişir, yəni köhnələr gedir, təzələr gəlirdi. Onun, avropalı bir insan üçün xarakterik olmayan ərəb, əfqan, zənci, alban... adlarını yadında saxlamağı məni heyrətləndirirdi. Kriz məni Myurat deyə çağırırdı. Hər dəfə mənim adımı səsləndirəndə istər-istəməz gülürdüm. Krizin otağı aşağıda yerləşirdi. Ona nəyisə demək istəyəndə noutbukumu qoltuğuma vurub gedirdim və “tərcüman” proqramı ilə fikrimi anladırdım. Kriz də mənə öz kompüterində cavab yazaraq tərcümə eləyib göstərir və gülümsəyirdi.
Düşərgəmizin əsas sakinləri isə qırğınlar gedən ərəb ölkələrindən qaçıb gəlmiş ərəblər idi.
Növbəti yazıda əsasən ərəblərin oradakı davranışından yazacam.
(davamı olacaq)