[b]AMEA-dan mənzil problemi ilə bağlı[/b] NÖVBƏTİ AÇIQLAMA
01 dekabr 2017 12:24 (UTC +04:00)

[b]AMEA-dan mənzil problemi ilə bağlı[/b] NÖVBƏTİ AÇIQLAMA

 
AMEA-nın İşlər İdarəsi Akademiyanın mənzil problemi ilə bağlı növbəti açıqlama yayıb.
 
 
AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, AMEA ilə “Evrostroy-S” MMC arasında, Akademiyanın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi,12 ünvanında yerləşən yataqxanasının ərazisində, yataqxanada yaşayan əməkdaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə 14 noyabr 2012-ci il tarixli müqavilə bağlanıb.
 
 
Müqavilədə podratçı tərəfindən 0,66 ha torpaq sahəsində inşa ediləcək 4 girişli 16 mərtəbəli yaşayış binasından 1 girişli 16 mərtəbəli yaşayış binasının ödənişsiz əsaslarla AMEA-ya ayrılması nəzərdə tutulub.
 
 
Bu məsələ ilə bağlı AMEA prezidentinin 16 iyul 2013-cü il tarixli sərəncamı ilə komissiya yaradılıb. Komissiya tərəfindən yataqxanada qeydiyyatda olaraq yaşayan və yaşamayan vətəndaşlar müəyyənləşdirilib, onların yataqxanada yaşamağa qanuni hüquqlarının olub-olmaması araşdırılıb. Əməkdaşlarla görüşlər keçirilib və lazımi sənədlər toplanılıb.
 
 
Mənzillərin bölüşdürülməsi məqsədilə AMEA Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli qərarına əsasən, AMEA-nın vitse-prezidentinin rəhbərlik etdiyi yeni komissiya yaradılıb və komissiyaya müvafiq tapşırıqlar verilib. Araşdırma zamanı məlum olub ki, yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə vardır. Onlardan 71 ailə AMEA-da çalışan, 36 ailə isə AMEA-da çalışmayandır. AMEA-da işləyən 71 ailədən 6-sı elmlər doktoru, 45-i isə fəlsəfə doktorudur.
 
 
Bundan əlavə, AMEA-da fəaliyyət göstərən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu, lakin boş otaq olmaması səbəbindən orada yaşamadığı müəyyən edilib. Bu əməkdaşlar da mənzil almağa iddialıdırlar. Onlar hesab edirlər ki, uzun illərdir kirayələrdə yaşamaq məcburiyyətində qaldıqlarına görə yataqxanada yaşayanlardan daha çox maddi və mənəvi sarsıntılara məruz qalıblar.
 
 
Komissiya tərəfindən yataqxanada yaşayan hər bir AMEA əməkdaşının yaşayış şəraitini və mənzilə olan ehtiyacını təsdiq edən sənədlər toplanılıb. Kənarda yaşayış sahələri olması barədə məlumat daxil olan ailələrin yataqxanadan kənarda yaşadıqları mənzillər yerində, mənzil istismar sahələrinin işçiləri ilə birlikdə araşdırılıb. Yuxarıda qeyd edilən 71 AMEA əməkdaşından 26-sının mənzil almaq hüququnun olması məsələsində problemlər yarandığını təsdiq edən sənədlər və məlumatlar toplanılıb. Qalan 45 ailənin və yataqxanada qeydiyyatı olub yaşamayan, elmi dərəcəsi olan 16 əməkdaşın isə mənzil almaq hüququ olduğu müəyyən edilib.
 
 
Məsələnin ciddiliyini nəzərə alaraq, AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli qərarı ilə AMEA-nın vitse-prezidentinin və Azad Həmkarlar İttifaqı sədrinin rəhbərliyi altında yeni tərkibdə, mənzillərin bölüşdürülməsi komissiyası yaradılıb və komissiyaya müvafiq tapşırıqlar verilib.
 
 
Mənzillərin bölüşdürülməsi məqsədilə, “Evrostroy-S” MMC tərəfindən ayrılmış 54 mənzilin yataqxanada yaşayan, mənzil məsələsində problemi olmayan AMEA əməkdaşlarına təklif edilməsi üçün 5 nəfər komissiya üzvlərindən ibarət işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən həmin əməkdaşlara onların ailə vəziyyəti və elmi dərəcəsi nəzərə alınaraq mənzillərin təklif edilməsi nəzərdə tutulub.
 
 
Mənzillə bağlı püşkatmaya gələn hər bir qrupa püşkatmanın məqsədinin mənzil bölgüsü deyil, təklif edilən mənzilə dair əməkdaşların fikrini öyrənmək olduğu bildirilib. Qeyd olunub ki, komissiyanın və AMEA Rəyasət Heyətinin iclaslarında bu məsələyə baxıldıqdan sonra əməkdaşlar mənzillə təmin olunacaqlar.
 
 
AMEA-dan bildirilib ki, püşkatmada olan təkliflər komissiyanın iclasına təqdim edilənədək yataqxananın digər sakinləri respublikanın dövlət və hökumət orqanlarına, eyni zamanda, AMEA-nın rəhbərliyinə mənzil komissiyasının və digər aidiyyəti işçilərin ünvanına çoxsaylı şikayətlər etməyə başlayıblar. Rəhbərlərin qarşısını kollektiv şəkildə kəsərək komissiya tərəfindən məsələyə düzgün yanaşılmadığını, aidiyyəti olmayan işçilərə mənzil təklif edildiyini, 0,5 ştatla işləyən işçilərə mənzil təklif edilməsinin düzgün olmadığını və digər iradlarını bildirərək məsələyə yenidən baxılmasını tələb ediblər. Yaranan gərginliyi nəzərə alaraq, AMEA-nın rəhbərliyi komissiyanın tərkibini yeniləməyi və məsələyə yenidən baxılmasını qərəra alıb.
 
 
Mənzillərin mövcud qanunvericiliyə uyğun və tam obyektiv bölünməsini bir daha təsdiq edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 05 iyul 2017-ci il tarixli qərarı ilə əvvəlki komissiyanın tərkibində dəyişiklik edilib. Yeni komissiyanın üzvlərinə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının, Veteranlar Şurasının üzvləri də əlavə edilib. Eyni zamanda, komissiyanın iclaslarında, AMEA-nın prezidentinin rəsmi müraciətinə əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı və Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ayrılmış nümayəndələrin də iştirakı təmin edilib.
 
 
Yeni yaradılmış komissiya tərəfindən mənzil qanunvericiliyinə uyğun olaraq, ilk mərhələdə yataqxanada qeydiyyatda olub yaşayan 45 əməkdaşa, qeydiyyatda olub yaşamayan və elmi dərəcəsi olan 16 əməkdaşa mənzil ayrılması barədə qərar qəbul edilib. AMEA-nın inzibati binasında 06.10.2017-ci il tarixində keçirilən yığıncaqda həmin 61 nəfərə sənədlərin və mənzillərin açarlarının verilməsi məqsədilə tədbir keçirilib və bu barədə məlumat mətbuatda ətraflı işıqlandırılıb. Mənzil bölgüsü zamanı əməkdaşların elmi dərəcəsi, ailə vəziyyəti və ailədə imtiyaz verən digər hallar nəzərə alınıb.
 
 
Müraciətlərin çoxluğu ilə əlaqədar hər həftənin çərşənbə axşamı saat 16:00-da komissiya tərəfindən qəbul keçirilir, izahatlar və ilk mərhələdə onlara mənzil ayrılmamasının səbəbləri barədə ətraflı məlumat verilir.
 
 
Akademiyanın rəhbər işçiləri tərəfindən mənzillərin alınması məsələsi ilə bağlı bildiririk ki, AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış müqavilənin 2.1.1. bəndində qeyd olunur ki, binanın yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyəti və onların satış hüququ (Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) “Podratçı”ya məxsusdur. Həmin müqavilənin 2.1.3. bəndində qeyd edilib ki, “Podratçı” güzəştli satış üçün tərəflər arasında müvafiq razılaşmaya əsasən göstərilən torpaq sahəsində inşa olunacaq mənzillərdən (Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) AMEA-nın mənzil hüququ olan əməkdaşlarına onların istəyinə uyğun olaraq əlavə sahə ayırır.
 
 
Odur ki, yuxarıda qeyd edilən bəndlərə əsasən, AMEA-nın yataqxana məsələsi ilə əlaqəsi olmayan xeyli sayda əməkdaşı, o cümlədən də Akademiyanın bəzi rəhbər işçiləri öz maliyyə vəsaiti hesabına, alqı-satqı yolu ilə həmin binalardan mənzillər alıblar. Lakin qeyd edilən müqaviləyə əsasən, “Evrostroy-S” MMC tərəfindən həmin binalardan AMEA-ya ayrılacaq mənzillərin sayı az nəzərdə tutulduğuna, AMEA rəhbərliyi ilə “Evrostroy-S” MMC arasında gərginlik yarandığına görə Akademiyanın ərizədə adları qeyd edilən rəhbər işçiləri alqı-satqı qaydasında aldıqları mənzilləri bir neçə il qabaq geri qaytarıblar və ödədikləri maliyyə vəsaitini rəsmi olaraq geri alıblar. O vaxtdan mənzillər həmin əməkdaşların adlarından çıxarılıb və hazırda da onların adlarına “Evrostroy-S” MMC tərəfindən inşa edilən binalarda heç bir mənzil yoxdur.
 
 
Komissiyanın növbəti iclasında, problemi olduğuna görə mənzillə təmin edilməyən AMEA əməkdaşlarına mənzil ayrılması məsələsinə təkrar baxılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar