<b><span style="color:red;">Tanınmış alim:  “Həm hacı, həm kərbəlayı, həm də məşədiyəm” - <span style="color:red;">MÜSAHİBƏ </b>
27 mart 2017 11:33 (UTC +04:00)

Tanınmış alim: “Həm hacı, həm kərbəlayı, həm də məşədiyəm” - MÜSAHİBƏ

 

Tanınmış alim, Bakı Dövlət Universitetinin professoru Abuzər Xələfovun Lent.az-a müsahibəsi.

 

– Abuzər müəllim, siz neçə qardaşsınız?

 

– Biz beş qardaş olmuşuq. Qardaşlarımdan biri rəhmətə getdi. Dördümüz qalmışıq.

 

– Böyük qardaş sizsiniz?

 

– Bəli, mənəm.

 

– Xələf Xələfov kiçik qardaşınızdır, eləmi?

 

– Xələf lap balacamız, son beşiyimizdir.

 

– Sonbeşik qardaş kimi yəqin, Xələf müəllimi daha çox istəyərsiniz...

 

– Xələf haqqında onu deyə bilərəm ki, o, millətinə, xalqına ürəkdən bağlı bir insandır. Çox vətənpərvərdir. Müharibə olsa, Xələf bu gün döyüşə getməyə hazırdır. Dövlətçiliyimizə xidmət eləyən bir insandır. Xələf Heydər Əliyevin kadrıdır, uzun müddət onun yanında işləyib. Ulu öndər xaricə gedəndə həmişə Xələfi yanında aparırdı. Xələf Heydər Əliyevin tərbiyəsini, mədəniyyətini götürüb. Ona görə də Heydər Əliyevə, onun oğlu İlham Əliyevə çox sədaqətlidir. 

 

– Maraqlıdır, necə oldu ki, Xələf müəllimin Heydər Əliyevlə münasibətləri yarandı?

 

– Xələf Xarici İşlər Nazirliyində idarə müdiri işləyirdi. Heydər Əliyev xarici məsələlərə məşğul olanda bunları çağırıb tapşırıqlar verirdi. Ulu öndər xaricə gedəndə görürdü ki, kim kimdir. Heç kim Xələf haqqında Heydər Əliyevə bir söz deməyib. Heydər Əliyevin özü Xələfi nazir müavini təyin eləyib.

 

Xələf Heydər Əliyevə yazılar verib, materiallar hazırlayıb. O da baxıb, işi xoşuna gəlib, hörmət edib, vəzifə verib. Heydər Əliyev belə bir şəxsiyyət idi. Qabiliyyətli adamları o saat görür və irəli çəkirdi. Ona görə də həmişə fəxr edirəm ki, bizim hamımız Heydər Əliyevin ideologiyasına sadiq insanlarıq.

 

Mən özüm ulu öndər haqqında üç monoqrafiya, çoxlu məqalələr yazmışam. Və Heydər Əliyevi həmişə dünyanın ən müdrik lideri hesab eləmişəm. Bir kitabımda da yazmışam ki, XX əsrdə bütün türk xalqlarının ortaq atalarından biri ulu öndər Heydər Əliyev, bir də Atatürkdür. Bir nəfər dövlət başçısı göstərin ki, 30-40 ölkədə onun adına küçə, meydan, heykəli var. Bu, ancaq və ancaq Heydər Əliyevdir.

 

Yenə deyirəm, Heydər Əliyev bütün türk xalqlarının atasıdır.

 

– Ailəniz, qardaşlar tez-tez bir yerə yığılır, görüşürsünüz?

 

– Xələflə bizim əlaqələrimiz əsasən telefonla olur. Çünki o, çox zaman Bakıda olmur. Bakıda olanda da iclaslara, ora-bura gedir. Amma buna baxmayaraq, müəyyən vaxtlarda bir yerdə otururuq, söhbət edirik, dərdləşirik, zarafat edirik.

 

– 86 yaşınız var, böyük bir ömür yaşamısınız. Nədir uzun yaşamağın sirri? Bunun mənəvi tərəflərindən danışa bilərsinizmi?

 

– İnsanın uzun ömür yaşaması xarakterinin xüsusiyyətləri ilə bağlıdır. İnsan nə qədər mülayim, xeyirxah olsa və ətraf mühitlə ünsiyyəti düzgün qura bilsə, içində nifrətə layiq hadisələr baş verməsə, mənəviyyatında insanlara ancaq yaxşılıq, millətinə, xalqına xidmət əlamətləri olsa, o qədər çox yaşayar. Cəmiyyətin gözü qarşısında alnıaçıq, üzüağ olmaq və heç nədən, heç kimdən çəkinmədən sözünü demək insanın rahat yaşamasına səbəb olur.

 

İnsanı yaşadan şeylərdən biri də onun cəmiyyətlə əlaqələrini düzgün qura bilməsidir. Onda insanın əsəb sistemində, dünyagörüşündə, baxışlarında müsbət hadisələr daha çox olur. Gərək insanın nəfsi təmiz olsun, xain olmasın, başqalarına pislik eləmək haqqında fikirləşməsin, özündən zəiflərə hörmət eləməyi bacarsın. Belə insanlar rahat yaşaya bilirlər və bu rahatlıq da ona uzun ömür gətirir.

 

– Siz Azərbaycanı təkcə coğrafi ərazi kimi yox, həm də mənəvi xəritəsini tanıyırsınız. Azərbaycanda kitabxanaçılıq elminin banisisiniz, Bakı Dövlət Universitetinin kafedra müdiri, professoru və s. Ancaq fikir vermişəm, tədbirlərdə, təqdimatlarda sizi bir elm xadimindən daha çox ağsaqqal kimi təqdim edirlər. Deyə bilərsinizmi, bu ölkənin, cəmiyyətin ağsaqqalı necə olmalıdır və onun missiyası nədən ibarətdir?

 

– Birincisi, deyim ki, ağsaqqalıq yaşda deyil. Elə adam var, cavandır, amma ağsaqqaldır. Elə adam da var, qocadır, amma nadandır. Ona görə də əsl ağsaqqallıq insanın yaşadığı mühitə münasibətidir, millətinə, xalqına, vətəninə, dövlətinə münasibətidir. Əsl ağsaqqalıq xeyirxahlıqdır. Əsl ağsaqqalıq insanlara kömək əlini uzatmaqdır. İki nəfərin arasında xoşagəlməz bir hadisə olanda əsl ağsaqqalıq onu qaydaya salmaqdır. Əsl ağsaqqalıq soykökümüzə, milli-mənəvi dəyərlərimizə müvafiq hadisələrin inkişafına kömək eləməkdir. Ona görə də hər başı-saçı ağarana ağsaqqal demək çox çətindir.

Ağsaqqallıq insan mənəviyyatının ən yüksək pilləsi hesab olunur. Niyə? Çünki o adam həm müdrikdir, həm ağıllıdır, həm də böyük dünyagörüşünə, təcrübəyə malik olduğu üçün ağsaqqaldır. Gərək ağsaqqalın ətəyindən öpələr.

 

Sizcə, cəmiyyətimizdə ağsaqqala hörmət qalırmı hələ də?

 

– Bizim millət qədər ağsaqqalına hörmət eləyən, onu yüksəklərə qaldıran ikinci bir millət yoxdur. Mən bunu öz təcrübəmdən görmüşəm. Bakı Dövlət Universitetində tanıyan da, tanımayan da məni görən kimi kömək əlini uzatmaq istəyir, salam verir. Bizim xalqımızın ən böyük xüsusiyyətlərindən biridir bu.

 

İndi qloballaşma deyirlər, nə deyirlər, bilmirəm. Bu xalqın xüsusiyyəti Avropaya gedir, onlarınkı bizə gəlir və s. Mən deyərdim ki, bizim xalqın qloballaşmağa layiq xüsusiyyətlərindən biri də onun ağsaqqala münasibətidir. Ona görə də fəxr edirəm, qürur hissi keçirirəm ki, mən azərbaycanlıyam. Və fəxr edirəm, qürur hissi keçirirəm ki, mən Azərbaycan xalqının ağsaqqalıyam.

 

– Necə düşünürsünüz, dövlətin daxili və xarici siyasətində də ağsaqqalların rolu olmalıdırmı? Ümumiyyətlə, dövlət idarəçiliyində Ağsaqqallar Şurasının məsləhətlərinə ehtiyac varmı?

 

– Çox gözəl və verilməyə layiq sualdır. Bu sual dövlət idarəçiliyinə kömək etmək məqsədi daşıyır. Deməli, biz uzun illər Rusiyanın təsiri altında olmuşuq. Ruslarda da ağsaqqal-zad yox idi. Orda partiya nə deyirdi, o da olurdu. İkinci bir söhbət ola bilməzdi. Nə ağsaqqal, nə qarasaqqal. Biz müstəqillik əldə edəndən sonra millətimiz öz keçmiş adət-ənənələrinin yaxşı xüsusiyyətlərini ortaya çıxarmağa başladı. Onlardan da biri Ağsaqqallar Şurası oldu. Bunu kim yaratdı? Dövlətimiz! Dövlətimiz anladı, dərk elədi ki, ağsaqqal məsləhətinə qulaq asmaq idarəetmə strukturlarına böyük kömək eləyə bilər.

Mən belə hesab edirəm ki, Ağsaqqallar Şurasının məsləhətləri, müraciətləri bizim dövlətçiliyimizə, bizim idarəçiliyimizə, azərbaycançılıq ideyasının yayılmasına, azərbaycançılıq fəlsəfi konsepsiyasının inkişafına böyük kömək eləyə bilər və eləyir.

 

Ulu öndər Heydər Əliyev deyir ki, bizim milli ideologiyamız azərbaycançılıqdır. Bu saat Heydər Əliyev gözümün qabağındadır. O, dünya azərbaycanlılarının birinci qurultayında çıxış elədi, axırda əlini yuxarı qaldırıb dedi ki, bizim ideyalarımız azərbaycançılıqdır və fəxr edirəm, qürur hissi keçirirəm ki, mən azərbaycanlıyam. Dedi və kövrəldi. Siz təsəvvür edirsinizmi? Ona görə də ulu öndər Azərbaycanın ən böyük ağsaqqalıdır.

 

– Abuzər müəllim, uzun illərdir, Bakı Dövlət Universitetində çalışırsınız. 10 rektor görmüsünüz... Sizcə, bu rektorların müqayisəsi mümkündürmü?

 

– Doğrudur, mən 10 rektorla işləmişəm. Axırıncı rektor Abel Məhərrəmovdur. Mənə deyirlər ki, bu rektorları müqayisə elə. Mən bunu düzgün hesab etmirəm. Rektorları bir-biri ilə müqayisə eləmək olmaz. Aydın məsələdir ki, ən görkəmli adamı rektor qoyurlar, təsadüfi insanlar rektor ola bilmir ki... Ancaq mən belə hesab edirəm ki, Bakı Dövlət Universitetində rektorluğu dövründə keçmiş rektorlara xas olmayan çox yeni, universitetin inkişafı üçün tədbirlər həyata keçirən, yenilikçi, qurucu rektor Abel Məhərrəmovdur.

 

Birdən ürəyinə gələr ki, Abel müəllim mənə vəzifə verib, ona görə belə danışıram. Yox! Abel müəllim rektor keçəndə mən kafedra müdiri idim, 17 il Abel müəllimlə işlədik, yenə də kafedrada qaldım, axırda da çıxdım. Ancaq buna baxmayaraq, universitet tarixində Abel müəllimin rektorluğu dövrünü intibah hesab edirəm.

 

– Hansı xüsusiyyətlərə görə?

 

– Birincisi, Abel müəllim universitetin maddi-texniki bazasını yarada bildi. Ona qədər Bakı Dövlət Universitetində heç bir sanitar və auditoriya mədəniyyəti yox idi. Azərbaycanın bütün universitetləri Abel müəllimə baxıb bu işləri gördülər.

İkincisi, Abel müəllim universitetin çox geniş elmi potensialını yarada bildi. Müəllimlərin tərkibində böyük dəyişiklik baş verdi. Universitetə çoxlu gənclər gəldi. Onlardan böyük alimlər əmələ gəldi. Universitetin elmi-tədqiqat fəaliyyəti bəlkə də Akademiyadan da yüksəklərə qalxdı.

Üçüncüsü, Abel müəllim tələbə-müəllim münasibətlərini qaydaya sala bildi. Bizdə tələbəyə əhəmiyyət verən yox idi. Abel müəllim başa saldı ki, tələbə bizim məhsulumuzdur. Biz onlara hörmətlə yanaşmalıyıq, obyektiv olmalıyıq. Abel müəllimin siyasətində tələbələr bir şəxsiyyət kimi yüksəldilər.

 

– Abuzər müəllim, dolanışığınız necədir? Maddi problemləriniz olmur ki?

 

– Pis dolanmıram. Burdan kafedra müdiri, professor kimi maaş alırdım. Prezident təqaüdü alıram. Daha bundan artıq mənə nə versinlər?! Prezident təqaüdü əvvəllər 1000 manat idi, indi 1300 manatdır. Uşaqlarım böyüyüb, hamının evi-eşiyi var, özləri dolanırlar. Yaxşı da dolanırlar. Aldığım pul da mənə artıqlaması ilə kifayətdir. Nə içki içirəm, nə siqaret çəkirəm.

 

– Maraqlıdır, kimdən söz düşdüsə, hamının haqqında xoş sözlər dediniz, təriflədiniz. Heç kimdən narazı deyilsiniz. Ağsaqqal xarakterinizdən irəli gəlir bu?

 

– Mənim əziz qardaşım, sənə bir şey deyim. Birincisi, nadürüst, naxələf adamlarla mənim əlaqəm olmaz. Elə adamları görəndə qaçıram. Ona görə də mənim ətrafımın hamısı yüksək şəxsiyyətlərdir. Yaxşı adamlarla oturub-durmuşam, onların da haqqında yaxşı sözlər danışıram. Pis adamları isə heç vaxt yaxına buraxmamışam.

 

Bakı Dövlət Universitetində iki fəxri ad olan yoxdur. Eşidirsənmi? Heç kimə iki fəxri ad vermirlər. 1969-cu ildə, heç 40 yaşım yox idi, universitetin 50 illiyində ulu öndər Heydər Əliyev tərəfindən mənə “Əməkdar mədəniyyət işçisi” adı verilib. 2002-ci ildə isə “Əməkdar elm xadimi” adı almışam. Onu da ulu öndər verib. İki fəxri adı gördünmü? Sonra da Mədəniyyət Nazirliyimiz mənə “Respublikanın fəxri mədəniyyət işçisi” fəxri adını verib və s.

Məndə bir keyfiyyət də var. Universitetdə iki adam belədir. Biri mənəm, o birisi də Vasim Məmmədəliyev. İslam aləminin üç böyük ziyarətgahı var, üçündə də olmuşuq. Həm Hacıyam, həm Kərbəlayıyam, həm də Məşədiyəm.

 

– Bu ziyarətlərə getmək üçün xeyli pul lazımdır...

 

– Üçünə də dövlət hesabına getmişəm, bir qəpik də pulum çıxmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Kəramət BÖYÜKÇÖL

Oxşar yazılar