<b>“Xocalı 613”- Sülh naminə hüzn nəğməsi</b>
27 fevral 2014 18:48 (UTC +04:00)

“Xocalı 613”- Sülh naminə hüzn nəğməsi

Fevralın 26-da Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən Londonun 18-ci əsrə aid “St. John’s, Smith Square” meydanında konsert təşkil olunub.


 

AAC-dan APA-ya verilən məlumata görə, konsert proqramında Azərbaycan və Avropa klassik musiqisinin zəngin nümunələri yer alıb. Bu əsərlər 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qırğın zamanı qətlə yetirilən 613 nəfər dinc sakinin xatirəsini ithaf olunub.

 

Tamaşaçılar Britaniya vətəndaşı olan azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və orqan ifaçısı Ceremi Kukun ifasında Vilyam Loyd Vebberin “Benediktus” əsərinə qulaq asıblar. AAC-ın direktoru Lionel Zetter ötən gecə AAC-ın Xocalı ilə bağlı İstanbulda keçirdiyi anım tədbirində iştirak etdiyini deyib: “Biz Xocalıdan olan canlı şahidin fikirlərini eşitdik. O, anasını, atasını, bacısını itirib. O, siyasətçi və ya jurnalist deyil, və həmin gecə baş verən hadisələri öz sözləri ilə təsvir etdi, tədbir iştirakçılarının əksəriyyəti göz yaşlarına hakim ola bilmədi”.

 

Sonra L. Zetter qətliam qurbanları və qətldən qurtulanlarla həmrəylik nümayiş etdirmək üçün bütün iştirakçılardan üzərində “Xocalı 613” sözləri yazılmış köynəyi başları üzərinə qaldırmağı xahiş edib: “Biz bu hadisənin bir daha təkrarlanmaması üçün tədbirlər görməliyik. Bu sülh naminə konsertdir”.

 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxışında qeyd edib ki, bu, Azərbaycan tarixindəki qara səhifənin anıldığı xüsusi bir gündür: “22 il bundan əvvəl baş verənlər sadəcə qətliam deyildi. Hər bir müharibənin öz qaydaları var, müharibənin necə aparılması ilə bağlı beynəlxalq konvensiyalar mövcuddur. Mülki insanları qətlə yetirmək bu konvensiyalara əhəmiyyət verməməkdir, Xocalıda mülki insanlar vəhşicəsinə qətlə yetirilib. İnsan həyatı Allah tərəfindən verilib. Yalnız Allah bu həyata ala bilər və əgər başqa biri bunu edirsə, bu, cinayətdir. Bu gün biz buraya sülh üçün, qətlə yetirilən insanları anmaq üçün toplaşmışıq. Biz çoxsaylı müharibələrin getdiyi çox mürəkkəb və ziddiyyətli bir dünyada yaşayırıq, lakin insanlar keçmişin səhvlərindən dərs almalıdır. Allah 1992-ci ildə qətlə yetirilən insanlara rəhmət eləsin”.

 

Bütün partiyaların təmsil olunduğu Azərbaycan üzrə Parlament Qrupunun sədri, Enerji və İqlim Dəyişiklikləri üzrə Seçim Komitəsinin üzvü Kristofer Pinçer çıxışında deyib ki, Azərbaycana səfərləri zamanı Xocalının Azərbaycan xalqının yaddaşında necə dəhşətli psixoloji iz qoyduğunu öyrənib: “22 il bundan əvvəl 613 nəfər, o cümlədən yaşlı insanlar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib. 487 nəfər yaralanıb, onların bəziləri şikəst olub. Bu, sivil cəmiyyətin üzərində bir ləkədir. Ümidvaram ki, burada olan hər kəs Dağlıq Qarabağda sülh və ədalətin bərqərar olmasında lazımi rol oynaması üçün hökumətə çağırışlar edəcək”.

 

Faciə ilə bağlı qısa sənədli filmin nümayişindən sonra “Xocalı 613” adlı musiqi əsərinin Britaniyada premyerası baş tutub. AAC-ın tapşırığı ilə fransız bəstəkar Pyer Tilloy tərəfindən bəstənilən bu əsər azərbaycanlı skripkaçı Sabina Rakçeyeva, suriyalı klarnet ustası Kinan Azmeh və “Solstiş Strinq” Kvarteti tərəfindən ifa olunub.

 

Anım konserti Böyük Britaniyada yaşayan azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və onun qadınlardan ibarət “FeMusa” ansamblının çıxışı ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar