<b>“Külli miqdarda qızıl-brilyantımı satıb, pulunu yedi...” – <span style="color:red;">YOL YOLDAŞI </b>
13 noyabr 2014 15:11 (UTC +04:00)

“Külli miqdarda qızıl-brilyantımı satıb, pulunu yedi...” – YOL YOLDAŞI

Adil dayı. Onu belə çağırır Bakıdakı gəncəlilər. “Kəpəz”in ölkə çempionatında oynadığı vaxtlar gəncəli azarkeşləri taksisinə doldurub, pulsuz aparardı oyunlara. Elə mən də onunla yolda tanış olmuşam. “Kəpəz”in oyununa baxmağa gedəndə. Məsəl var, qardaşın necə adamdı? Deyir, yol yoldaşı olmamışam, deyə bilmərəm. Bəli, ən yaxşı insanlar yolda tanışır. Lent.az-ın “Yol yoldaşı” layihəsinin növbəti qonağı Adil dayıdır.

 

Adil dayının taksisindəyik. “Gənclik” metrostansiyasının çıxışında görüşüb, Bakı küçələrini gəzə-gəzə söhbətləşirik. Ta başdan başladıq. Taksi sürücülüyünə başladığı illərdən. Söhbət 1987-ci ildən gedir.

 

- Əsgərlikdə olanda bərk xəstələndim. Bir il üç aydan sonra tərxis oldum. Sovet qanunlarıyla üçüncü qrup əlilik verdilər. Əslində 18 yaşında pensiyaya çıxmalıydım. Amma mən istəmədim. Taksilərlə bağlı qayda çıxandan sonra 1989-cu ildə təqaüdə çıxdım. “Büllurzavod”da işləyirdim. İşdən sonra vaxtım qalırdı. Maşınım da vardı, pul qazanmaq həvəsim də. “VAZ 21011”-im vardı. İli köhnə olsa da, saz maşınıydı. Beləcə, başladım işdən sonra taksiçilik eləməyə. Şənbə-bazar günləri səhərdən axşama qədər işləyəndə 80-100 rubl qazanırdım. Zavoddan 250-300 manat alırdım. Taksiçilikdə yaxşı pul vardı. Həm benzin ucuzuydu, həm də o zamanlar taksilər az, tələbat çoxuydu. Elə olurdu ki, eyni istiqamətə gedəndə yoldan iki-üç müştəri götürürdük. Taksiyə birinci minən sərnişindən də heç soruşmurdum ki, olar digər müştərini də götürüm, ya yox? Müştəri çox, taksilərsə, azıydı. Buna görə də kooperativ taksilər başladılar fəaliyyətə.

 

90-ci illərdə Rusiyaya köçür. Çoxlu pul qazanmaq niyyətiylə. Amma...

 

- Qızıl işinə baxırdım. Necə deyərlər, pula pul demirdim (gülür). Yaxşı pulum, yaxşı maşınlarım vardı. Bir səhv elədim və bütün bunların üstündən xətt çəkildi. Dostlarımın vasitəsiylə bir nəfərə küllü miqdarda mal verdim satmağa. Qızıl-brilyant. O da malı satıb pulumu yedi. Səkkiz aydan sonra o adamı tapdım. O vaxt pulumu qaytardı ki, artıq pul dəyərdən düşmüşdü. Beləcə, müflis oldum.

 

Yenidən başlayır. Sıfırdan. Bu dəfə butulka işinə baxır. Bu dəfə də şansı gətirmir.

 

- Özümü yenicə toplayırdım ki, 97-nin oktyabrında Xabarovskda qəza keçirdim. “QAZ-53” sürürdüm. İçi dolu butulka qəza elədim. Şirkət köhnə “QAZ-53”ün əvəzinə yenisini aldırdı. Gəncədə iki evim vardı. Birini satdım. Heç köhnəni də özümə qaytarmadılar. Sürücülük vəsiqəmi də polis bir illik əlimdən aldı. And içdim ki, bir daha sükan arxasına keçməyəcəm.

 

Küçənin birindən girib, digərindən çıxırıq. Danışa-danışa gəlib çıxdıq 1998-ə. Rusiyadan doğma şəhərinə qayıtdığı ilə.

 

- Qayıtdım Gəncəyə. İşə düzəldim. Bir gündən sonra anladım ki, bu iş mənlik deyil. Aldım qoz, satdım qoz. Beş manat qazandım, on manat itirdim. Ona görə Rusiyadan gəlməyimin bir ayı tamam olmamış gəldim Bakıya. O vaxtdan bəri də Bakıda çalışıram. Özümə pasport belə çıxartdırmıram ki, birdən gedərəm (gülür).

 

Adil dayının iki övladı var. Bir qız, bir oğlan. Uşaqlarına çörək pulu qazanmaq üçün müxtəlif işlərdə çalışır. Amma bir işdə ancaq bir neçə ay çalışa bilir.

 

- Qonşumuzun anası rəhmətə getmişdi. Həyətdə yas mərasimi üçün mağar qururdular. Düşdüm kömək eləməyə. Bir də gördüm qonşumun kiçik qardaşı gəlib ki, bəs sən kimsən, kimlərdənsən? Biz səni tanımadıq. Dedim, qonşuyam. Kömək eləyirəm. Biz Gəncədə belə görüb götürmüşük. Əlqərəz, yas bitdi. Yay idi. Qapıya dondurma yeşiyi qoyub satırdım. Qonşum yanımdan keçəndə dayandı, söhbətləşdik. Sən demə, bu adam Bakıda nüfuzlu biriymiş. Ordan-burdan söz gəlib çıxdı mənim işimə. Dedi, harda işləyirsən? Dedim, işsizəm. Dondurma satıram. Dedi, bir sənətim yoxdumu dondurma satırsan? Dedim, var. Uzun illər “Büllurzavod”da işləmişəm. Dedi, ayrı nəyi bacarırsan? Dedim, yaxşı maşın sürə bilirəm. Amma vəsiqəm yoxdu. Başladım başıma gələnləri danışmağa. Köçəklik elədi, imtahan verib, sürücülük vəsiqəsi aldım.

 

Dondurma satır, fəhləlik edir, usta işləyir. Lakin sevdiyi işdən ayrı qala bilmir. And içməyinə baxmayaraq. Taksi şirkətlərin biriylə anlaşıb taksi icarəyə götürür.

 

- Başladım nabələd Bakı küçələrində taksiçilik etməyə. Bakı Gəncə deyil ki, hər tinini tanıyam? Moskvanın küçələrini belə Bakıdan yaxşı tanıyırdım.

 

İbrahimpaşa Dadaşov küçəsindən keçirik.

 

- Bax, elə bu küçəylə gəlirdim. Bir qadın əl elədi, saxladım. Dedi, sür “Spartak” stadionunun yanına. Maşını döndərdim geri, sürdüm. Ürəyimdə də fikirləşirəm ki, ay Allah, görəsən, stadion hardadı?! Mənim 40 yaşım var, qadın da məndən 20 yaş böyük olardı. Hiss olunurdu ki, dili iti xanımdı. Düz yolu sürdüm. Yol bitdi. İndi ya sağa getməliyəm, ya sola. Dedim, xanım, taksini təzə götürmüşəm. Yolu tanımıram. Zəhmət olmazsa, yolu göstərərsiz? Qadın güzgüdə üzümə qəzəbli-qəzəbli baxdı, sonra qışqırdı ki, saxla! Üstündən də məni söyüb düşdü taksidən. Qapını elə çırpdı ki, az qaldı yerindən çıxa. Birində də gecə işə çıxmışam, kimsə fit verdi. Tez ayağımı atdım “tormoz”a. Taksi “şofer”lərinin xasiyyətidi də, fit səsi eşidən kimi ayağını atır “tormoz”a. İki oğlan mindi. Dedilər, Bizi Bayıla apararsanmı? Dedim, puluyla olan şeydi. Pulunu ver, hara deyirsən aparım. İstəyirsən lap Ərdəbilə aparım! Dedim, mən yolu tanımıram, siz tanıyırsınızmı? Dedilər, hə. Bir qədər sürəndən sonra soruşdum ki, di, deyin görüm hara sürüm? Bir-birinin üzünə baxıb, dedilər, bəs biz Qubadan gəlmişik. Qonağıq. Bakını tanımırıq. Dedim, bəs demədiz tanıyırıq?! Dedilər, elə bildik zarafat edirsən. Birtəhər gətirib çıxardım Bayıla. Belə-belə Bakı küçələrini də öyrəndim.

 

Bir gün Adil dayının adını demək istəmədiyi hörmətli qonşu onu çağırır evinə. Masanın üstünə bir cüt açar qoyub deyir ki, sabahdan mənimlə işləyəcəksən.

 

- Sabah oğlunun toyu olacaqdı. Gəlini tələbə olduğundan hər gün dərsə gedib-gəlir. Qayınatası da təzə gəlinin piyada gedib-gəlməməsi üçün qərara gəlib ki, ona sürücü tutsun. Və ağlına mən gəlmişəm. İki ildən sonra gəlin universiteti bitirdi və mənə ehtiyac qalmadı. Bu zaman həmin bu qonşumun ayrı dostunun qızına sürücü lazım oldu. Qonşumla halallaşıb, başladım onlarla işləməyə. Bu qız da ərə gedəndən sonra yenə işsiz qaldım. Əslində işsiz də demək olmaz. İşdən sonra axşamlar taksi sürürdüm. Artıq özümə maşın da almışdım. Əvvəl köhnə “06”, sonra təzəsini. Qadınlarla çox işləmişəm deyə, Bakıdakı bütün gözəllik salonlarını əzbər bilirdim. Eləsi olub ki, bir gün saçını burda düzəltdirirdi, axşam ayrı yerdə.

 

Tıxaca düşürük. Sağ xətdəki ağ “Jeep” maşının burnunu yavaş-yavaş bizim yola verir.

 

- Yüz faiz bu maşını sürən qadındı.

 

Boylanıram. Həqiqətən qadınıydı.

 

- Qadınlar maşını qorxa-qorxa sürür. Uzaqdan sürüşündən bilmək olur ki, sürücü qadındı, ya kişi. Allah var, hamısı belə deyil. Yaxşı sürənlər də var. Qonşumuzda bir qız var. Uzaqbaşı otuz olar yaşı. Bilirsən nə sürür? Nəsə, son zamandı gözümə dəymir.

 

“Gecələr yollar necədi” sualını Adil dayı belə cavablandırır:

 

- Gecələr ağıllısı da küçəyə çıxır, axmağı da. Gündüz qadın taksiçilərimiz var. Amma gecələr onlar üçün təhlükəlidir. Başıma o qədər hadisə gəlib... Bir dəfə bir oğlanı mindirdim maşınıma. Çatanda dedi ki, telefonunu ver evə zəng edim pul gətirsinlər. Dedim, düş get, canın sağ olsun. Dirəndi ki, yox e, telefonunu ver zəng edim. Verdim. Danışa-danışa maşından düşdü. Pəncərədən içəri bıçaq uzatdı ki, sür, get. Heç bir ay deyildi ki, yüz manata almışdım. Sərxoşları demirəm hələ. Bir nəfər əl elədi, saxladım. Oturan kimi arağın iyi məni boğdu. Ürəyimdə dedim, ay Allah, məni bunun əlindən qurtar. Yolda başladı ki, bəs sənin maşın sürməyin xoşuma gəlmir. Ver özüm sürüm. Maşını qırmızı işıqda dayananda dedim gəl sür. Dedi, burdan gəlim. Dedim, yox, düş bayırdan gəl. Maşından düşdü. Ayaq üstə güclə dayanırdı. Maşının bu biri tərəfinə keçmək əvəzinə, yolun o biri tərəfinə keçdi. Yaşıl işıq yandı. Sürdüm. Canım qurtardı ondan (gülür).

 

- Gecənin bir üstünlüyü var ki, tıxac olmur.

 

- Hə, adama ləzzət edir gecə maşın sürmək. Gündüz Əhmədliyə bir saat - saat yarıma çatırsansa, gecə iyirmi dəqiqəyə.

 

Elə bu vaxt yanımızdan sürətlə avtobus keçir. Adil dayı son vaxtlar artan yol qəzalarında avtobusları günahlandırır. Necə istəyirlər, necə bilirlər elə sürürlər. İçi də dolu sərnişin. Qəzalara səbəb sürücünün səhlənkarlığıdır. Çox fikirli olurlar.

 

Qırmızı işıq yanır. Dayanırıq. Sol tərəfdən bir maşın Adil dayının maşınına dəyir. Zərbənin gücü zəif olsa da, maşın silkələndi. Günah özündə olsa da, sürücünün yanında oturan gənc pəncərəsini açıb nəsə deyir. Adil dayı isə gülümsünüb, keçir: “Hə, qızım, belələrini gülə-gülə yola vermək lazımdı. Onsuz da başa düşməyəcək...”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2660
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar