“ASAN xidmət” Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar fərmanın icrasına başlayır.
Lent.az-ın məlumatına görə, Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə artıq zəruri addımlar atılıb.
Bu məqsədlə “ASAN xidmət”in müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobusları vasitəsi ilə səyyar formada əhaliyə xidmətlər göstəriləcək. Sentyabrın 20-dən səyyar "ASAN xidmət" Hacıqabul rayonunda sakinlərə xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.