Əvvəli: http://lent.az/news/309418
4-cü hissə
Özgəsinin qadınını qaçırmaq
Nə edəcəyimi bilmirdim. Son ümidlə ətrafa bir də boylandım. Heç kim yox idi. Uzaqda gəzişən cütlük də gözlərimin qarşısındaca maşınların birinə oturmuşdu artıq. O anlarda bütün sevənlərə, bütün sevişənlərə nifrət edə-edə var gücümlə maşını təpikləməyə, yumruqlamağa başladım. Yerdə əlimə keçən daşları, boş energetik içki qutularını maşının qapılarına, şüşələrinə çırpa-çırpa qadını oyatmağa çalışırdım. Yandakı oturacaq isə artıq alışmışdı. Bir azdan alov böyüyəcək, gözlərimin qarşısındaca qadını ağuşuna alacaqdı. Nə axmaq ifadədir bu! Ağuşuna almaq. Bir kişinin gözlərinin qarşısında onun xoşuna gələn qadını ağuşuna ala biləcək hər hansı bir qüvvə, istər insan olsun, istər su, od, torpaq, külək olsun, dəxli yoxdur, kişi mütləq ona qarşı savaşmalı, qadını xilas etməlidir. Mən, alovun ilan kimi qıvrılan dilimləri qadının halsızca yana düşüb qalmış əlinə toxunduğu zaman var gücümlə bağırıb maşını qırmağa, parçalamağa hazırkən, gücüm sadəcə onu yatmış bir uşaq nənnisi kimi asta-asta yellətməyə çatdı. Bu vaxt mən artıq hər şeyə hazır idim. Maşının tamamilə alışıb yanmasına da, özümün maşından aralana bilməyəcəyimə də, tanımadığım, yad, başqa bir kişiyə aid olan bu qəribə qadına görə odun içindən çıxmamağa da... və bu vaxt onun alov toxunan əli tərpəndi. İlahi! O, sağ idi, oyaq idi! Mən həyəcan qarışıq qəfil sevinclə əllərimi maşının şüşəsinə fasiləsiz çırpmağa başladım:
- Aç qapını! Tez ol, aç!
Yarıyuxulu, sönməkdə olan gözləri ilə üzümə baxırdı.
- Aç qapını! Karsan?! Aç, yanacağıq indi, aç!
Və çıqqıltı səsini eşidər-eşitməz qapını tam açıb, maşına girən havanın təsiriylə birdən gurlaşıb qadını haqlayan alova meydan oxuyurmuş kimi qətiyyət və sürətlə qadını dartıb, kənara çəkdim. Sanki heç nə anlamayaraq, key kimi gözlərini alova dikib qalmışdı. Mən onun üstünə bağırdım:
- Dəli olmusan? Gör neylədin!
- Mən? – key kimi də gözlərini üzümə dikib qaldı.
- Gəl! – mən onu qucaqlayıb, öz maşınıma tərəf aparmağa tələsdim, - gedək burdan!
- Yoox! Burax məni! Rədd ol! Burax!
O, qollarımın arasından çıxıb, dənizə sarı qaçdı. Suya yaxınlaşdıqca şərfini, gödəkçəsini, çəkmələrini əynindən sürətlə çıxarıb ətrafa səpdi. Qəribə və gözəl səhnə idi. Elə bil film izləyirdim və özüm də nə üçünsə bu filmin içində idim. Lənət şeytana! O, suya girdi! Mən cumub onun ardınca suya girməyə məcbur oldum, qaçmağa cəhd etsə də, gücü az idi deyə, bir qədər çırpınıb çarəsiz halda mənə qısıldı, için-için ağlamağa başladı.
O anlarda o qədər xoşbəxt idim ki!
Bu səbəbini, mənasını hələ də anlamadığım xoşbəxtliyin həyəcan qarışıq həzzi ilə onu öz maşınıma apardım. Öz yanımdakı oturacaqda əyləşməsinə kömək etdim və hələ indi gördüm ki, sağ əlinin barmaqları qızarıb, dərisi də qabarıb.
- Səni həkimə aparım, - dedim və telefonu açıb, yanğınsöndürmə xidmətinə zəng etməyə başladım.
- Neynirsən? – telefonu əlimdən aldı, söndürdü, - eləmə! Qoy yansın! Cəhənnəm olsun!
- Yox, ver bura telefonu! – almağa çalışdım, o isə telefon olan yanmış əlini arxasında gizlətdi. Ona sarı əyilib qolunu bu tərəfə çəkməyə çəhd etdim, istər-istəməz nəfəsi boynuma, dodaqları yanağıma toxundu ani olaraq. Oda toxunmuş kimi qəfil öz yerimə çəkildim və maşını işə saldım.
O, həyəcanla ətrafa boylandı, mən də baxdım və yaxınlıqda içi yanan maşından başqa heç nə olmadığından əmin olub, sürətlə oradan uzaqlaşdıq.
***
Bir azdan o, mənim evimdəki divanda iri yun adyala bürünüb, şirin-şirin yatmağında idi. Mənsə bir fincan qəhvə ilə onun qarşısındakı kürsüdə oturub dünyanın ən maraqlı filminin növbəti səhnəsini izləməyə davam edirdim. Hərdən içini çəkirdi yuxuda, qəfil ağrıyırmış kimi inildəyirdi. Üzündə məsum bir uşaq saflığı vardı.
İşə bir bax, bu gün Tofiqin müdirindən üzr istəməyə gedəcəkdim, hətta getmişdim də. Amma əvəzində o müdirin qadınını sözün həqiqi mənasında qaçırıb öz evimə gətirmişdim. Nə olacaqdı bütün bunların axırı? İzlədiyim maraqlı film necə davam edəcəkdi görəsən?
Surxayın zəngi məni fikirdən, onu isə yuxudan ayırdı.
Qadından üzr istəyib telefonu götürərək mətbəxə keçdim.
- Hardasan, ə? Getdin o sehrbazdı nədi, onun qəbuluna? Üzr istədin? Soxdun papağımızı yerə? Sənnənəm e!
- Yox, getmədim, - mətbəxin qapısını örtdüm ki, qadın eşitməsin, - işim çıxdı, Gülnar bir xəstə göndərmişdi, çıxa bilmədim işdən.
- Həə, sağ olsun Gülnar, - Surxay mızıldandı. Onun Gülnardan çoxdan xoşu gəlirdi, hiss etmişdim, amma nə qıza, nə də mənə bu haqda heç nə demirdi.
- Axşam çıxarıq? – soruşdu.
- Yox, işlərim var.
- Həə, başa düşdük. Stress atmağa gedəcəksən, demək.
- Yoox... – qeyri-ixtiyari mətbəxin qapısına sarı baxdım, - yazı-pozu işləridir, kitabı tələsdirirlər, - dedim.
Bu “stress atmaq” ifadəsi bizim Surxay və Tofiqlə öz aramızda olan xüsusi bir işarə idi. Hansısa qadınla görüşə getməyin adını qoymuşduq bu cür.
Telefonu qapayıb otağa keçdim.
Adyal divanın üstündə səliqəylə qatlanıb qoyulmuşdu.
Qadın isə yox idi.
Həyəcanla ətrafa baxıb qapıya sarı cumdum, asılqana, ayaqqabılara baxdım.
- Nə axtarırsınız? Mən ki bura ayaqyalın, gödəkçəsiz gəlmişəm.
Səsə sarı dönəndə onun eyvana açılan qapının ağzında gördüm. Mənim qəhvə fincanım da əlində idi. Gülümsəyib fincanı masanın üstünə qoydu.
- Gərək bağışlayasınız, sizin qəhvənizi içdim, dözə bilmədim.
- Həə, nuş olsun. Mən indi yenisini dəmləyərəm.
- Mənə icazə verin kompüterinizdən istifadə eləyim...telefonum da maşında qaldı, bilirsiz.
- Hə, hə, əlbəttə, - kompüter masasına işarəylə razılığımı bildirdim, - buyurun.
Masadan fincanı götürüb, mətbəxə keçdim. Qəhvə dəmlədim, soyuducunu açıb, qəhvənin yanında ona təklif etmək üçün nəsə axtardım. Amma yarım kolbasadan və saçaqlı pendirdən, beş-altı pivə şüşəsindən başqa heç nə yox idi. Utandım. Təcili aşağı düşüb marketdən nələrsə almaq lazım idi. Otağa keçib ondan xüsusi nəsə istəyib-istəmədiyni soruşdum. İstəmədiyini dedi. Gödəkçəmi əynimə keçirib, qapını açdım. Qapının ağzında ani tərəddüdlə çönüb ona sarı baxdım. Sakitcə, mənə tərəf baxmadan dilləndi:
- Qapını açarlayıb gedin. Mən çıxıb gedəcəyəm yoxsa.
- Yox, özünüz içəridən bağlayın. Lap elə bağlamaya da bilərsiniz. Market həyətdədir. Uzağı, on dəqiqəyə evdəyəm. Biz çay-çörəkdən sonra çıxarıq, mən sizi hara lazımdırsa, ötürərəm, arxayın olun.
Dönüb mənə baxdı, gülümsədi. Qapını örtüb sürətlə pillələri düşdüm.
Hava qaralmaq üzrəydi. Həyətdən bir də dördüncü mərtəbəyə boylanıb öz eyvanıma baxdım. O, eyvanın pəncərəsindən aşağı baxırdı. Nəzərlərimiz qarşılaşanda yenə gülümsədi. Mən də gülümsəyib əlimlə sağollaşdım və marketə sarı addımladım.
Marketdə səbətimə pirojna, çörək, polufabrikat kotletlər, yağ, pomidor-xiyar, makaron yığıb kassaya sarı tələsirdim ki, gözlərimə inana bilımədim. Xalam qızı Gülnar, yanında da dolubədənli bir gənc qadın, kassada dayanmışdılar. Bircə bu çatmırdı! Gülnargil qonşu məhəllədə yaşayırdılar, marketdə hərdən qarşılaşırdıq. Bəzən yükü çox olanda binalarının qabağına kimi daşımağa da kömək edirdim. Amma indi o mənə qətiyyən lazım deyildi. Və mən Gülnarın gözündən yayınmaq üçün marketin çərəzlər, şərablar olan tərəfinə keçməli oldum. Elə keçmişkən də qırmızı şərab və qarışıq çərəz götürüb bir az ləngidim.
Küçəyə çıxanda Tofiq zəng etdi. Həyəcanla, sözləri qarışdıra-qarışdıra danışmağa başladı. Dedi ki, şəhərdə aləm dəyib bir-birinə, yaxşı ki, mən onun o müdirindən üzr istəməyə gedə bilməmişəm, çünki müdirin başına iş gəlib, arvadı onunla dalaşıb, sonra da çıxıb gedib şəhərdən kənarda, dəniz qırağında özünü öldürüb.
- Nə? – az qala bağırdım, - nə danışırsan?
- Hə də, öldürüb özünü, bilinmir maşında yanıb ölüb, ya dənizə girib boğulub.
Amma dəqiqi odur ki, öldürüb.
Tofiqlə necə sağollaşdığımı bilmədim.
Sürətlə evə qaçdım. Pillələri iki-iki qalxaraq evin qapısını döyməyə başladım.
Qapı açılanda isə heyrətdən və dəhşətdən özümü itirdim.
Gülnar qarşımda dayanıb əllərini belinə qoymuşdu və hikkəylə üzümə baxırdı:
- Qız qaçırtmısan, xalaoğlu?
(Davam edir)