<b>“Unutmağın ən yaxşı yolu yeni sevgili tapmaqdı...” - </b><span style="color:red;">MÜZAKİRƏ
03 iyul 2014 16:56 (UTC +04:00)

“Unutmağın ən yaxşı yolu yeni sevgili tapmaqdı...” - MÜZAKİRƏ

Mövzu: “Niyə normal ayrıla bilmirik?”

 

Lent.az “Svetofor” adlı layihəsinə davam edir. Tanınmış gənc yazar Şəhriyar del Geraninin aparıcı olduğu layihədə cəmiyyətimiz üçün aktual olan ictimai-sosial-mədəni məsələlər müzakirə olunacaq. Adından göründüyü kimi, layihə çərçivəsində mövzular üç rəngin – üç baxışın, üç mövqenin toqquşması üzərində müzakirə olunur.

 


RƏNGLƏR:

 

Qırmızı – Şəhriyar del Gerani (layihənin aparıcısı)

Sarı  –  Vüsalə Məmmədova (jurnalist)

Yaşıl  –  Sahilə İbrahimova (gənc yazar) 

 

Getdik))))

 

Şəhriyar: Deməli, məsələ bu yerdədi. Nə vaxtsa sevgili və ya ailə şəklində birlikdə olan adamlar hər hansı səbəbdən ayrılmaq qərarına gəlirlər. Bu ayrılıqdan sonra başlayır çək-çevir. Heç də “biri çıxıb o tərəfə, o birisi də çıxıb bu biri tərəfə” getmir. Məsələn, qadın başlayır ki, “mən sənə filan vaxtı bəhmən şeyi eləmişdim, sən niyə belə elədin”? Ay balam, eləmişdin eləmişdin də, əl çək. Eləməyəydin! Bu nə sarsaq yanaşmadı axı? Tutaq ki, mən sevdiyim qıza telefon alıb bağışlamışdım ki, rahat əlaqə saxlaya bilək. Sonra ayrıldıq, məhəbbətin zibili çıxdı. İndi dirənmişəm ki, o telefonu qaytar mənə. Belə əxlaqsızlıq olar? Mən o vaxt telefonu dolayısıyla özümə almışdım də, öz rahatlığım üçün almışdım. Şərti olaraq telefon deyirəm, yerinə nə istəyirsiz qoyun. Düzünü desəm, daha çox bu hal qadınlar tərəfindən təkrar olunur. Qopa bilmirlər, adamın əsəblərini “screenshot” eləyib paylaşırlar, parçalayırlar...

 

Vüsalə: Razı deyiləm, kişilərin hərəkətlərindən misal çəkib deyirsən ki, bunu daha çox qadınlar edir. Ümumiyyətlə, həyatındakı adamın insani keyfiyyətlərini daha yaxşı bilmək üçün onunla bir neçə il bir həyatı paylaşmaq azdır, amma bir dəfə dalaşmaq və ya ayrılmaq kifayətdir ki, adamın bütün siması ortaya çıxsın. Çox az insan var ki, bax, qadın, ya kişi demirəm, insan var ki, ayrılmağı bacarır. Bu belədir. İndi gələk sənin “niyə qopa bilmirik” sualına. Burda problem həmin o qopa bilməyən tərəfdədi. Deməli, qarşı tərəf hələ də öz sehrini dağıtmayıb. Qopa bilməyən tərəf üçün o adam hələ də arzulanandır, itirmək istəmir demək. Qısası, bu münasibət qopa bilməyən üçün hələ bitməyib. Bu da normaldır, hər halda əxlaqlı insan münasibət quranda eksperiment eləmir. Həmin adamla bir ömür yaşamaq kimi niyyəti olur.

 

Sahilə: İstənilən situasiyada tərəflər simalarını qorumalıdırlar. Amma bunu demək, bu yöndə məsləhət vermək çox asandı. Situasiyanın içində emosiyalar fonunda bəzən ağıllı davranmaq olmur. Ayrılıq sivil yolla baş tutmursa, deməli, tərəflərdən biri, yaxud ikisi də tərk olunmağı qəbullana bilmir. Ona görə ayrılığı faciə kimi qəbul eləyir. Ayrılığı faciə kimi əsasən tərk olunan tərəf yaşayır. Yəni, primitiv dillə desək, düşünür ki, “necə ola bilir, bir vaxtlar mənimlə 10 dəqiqəlik görüşdən ötrü min hoqqadan çıxan birisi indi belə edir”? Və eqonun fəryadı başlayır. Özgüvən darmadağın olur, ayrılıqdan sonrakı davranışlar idarədən çıxır və eybəcər mənzərə yaranır.

 

Vüsalə: İnsan var, həyatına gəlişi ilə səni elə xoşbəxt edir, səndə özünə elə bir güvən yaradır ki, ondan ayrılmaq da xoşdu. Hətta onun gedişi də mükəmməldi. Bilirsən ki, indi də başqa bir qadını xoşbəxt etməyə gedir. İnsan da var, tamamən yararsız, manyak, natamam biridir. Beləsiylə ayrılmaq da çətindi. Çünki sən canını qurtaran tərəf olursan, o isə yenə də kiminsə həyatına özü boyda bədbəxtlik, uğursuzluq aparır. Bax elələrinin eqosunun fəryadı müsibət olur…

 

Sahilə: Həm də belə problemlər təcrübəsizlikdən irəli gəlir.

 

Şəhriyar: Normal bir insanın nədən ayrılıq təcrübəsi olsun ki?

 

Vüsalə: Düzü, mən də anlamadım Sahilə xanımı...

 

Sahilə: Söhbət münasibət təcrübəsizliyindən gedir. Şəhriyar deyir ki, qadınlar ayrılıq zamanı daha naqolay davranırlar. Gəl məsələnin psixoloji dərinliyinə enək. Daha öncə heç vaxt münasibət yaşamayan, tərk edilməyən bir qız qəflətən aylarla, bəlkə də illərlə onun üçün dağları-dərələri aşa biləcək kimi görünən bir kişinin laqeydliyi ilə rastlaşır. Adam rahat-rahat “bizdə alınmır, ayrılaq” deyir, üzünü çevirir gedir. Qadın nə baş verdiyini anlamır. Çünki var gücü ilə qarşı tərəfin sona qədər eyni cür qalmasına inanıb. Qəfil köklü dəyişiklik onu sarsıdır. Təcrübəsizlik budur. İnsanların dəyişə bilməsindən xəbərsiz olmaq. Sevginin dalğalı hiss olduğundan, zamanla artıb-azala bilməsindən, hətta qəflətən yoxa çıxmasından, tükənməsindən bixəbər olmaq.

 

Şəhriyar: Belə çıxır ki, xoşbəxt cütlük olmaqdan ötəri biz bir neçə nəfərə dəyib qayıtmalıyıq? Bu hansı dünyanın təcrübəsidi?

 

Sahilə: Adamlar birlikdə olarkən bütünlüklə özlərini bir-birlərinə həsr edirlər. Həyat göstərir ki, sabah nə olacaq deyə bir yer saxlamaq lazımdır. Ayrılığı faciə kimi yaşayanlar haqqında danışanda çox vaxt günah özündədir, özünü unutmuşdu deyirik.

 

Vüsalə: Gəlin bunun adına “günah” yox, heç olmasa “qüsur” deyək.

 

Şəhriyar: Nə günah, nə də qüsur variantlarıyla razı deyiləm. Necə yəni günah? Necə yəni qüsur? Biz sevərkən “mollalıq” eləmirik axı. Sahilə deyir “özlərini bir-birlərinə təslim edirlər”. Bəs kimə həsr etməlidirlər? Başqa birinə? Belə gülməli təfəkkürlə ancaq ayrılmaq olar elə.

 

Vüsalə: Qüsur da deyil, bir az yanlış ifadədi bu. Təslim etmək isə məsələni tamamən başqa yönlərə aparıb çıxardır. Əgər sən onun kölgəsinə çevrilir, bütün dualarına “amin” deyir, özün olmaqdan çıxıb onun çərçivələrinə pərçimlənmiş biri olursansa artıq məsələ aydındı. O insanı tərk edən adamı, istər qadın olsun, istər kişi, qınamaq olmaz.

 

Sahilə: Gəlin belə danışaq, etiraf edim ki, bu hallar əsasən qadınlarda baş verir. Qadın tərk edilir və “isteriçka”ya çevrilir. Daha doğrusu, təmkinlə davranan kişilər tərk etdiyi qadınları belə adlandırırlar. Təsəvvür edək ki, bir nəfər dayanıb. Bir oğru əlini salıb onun cibindən pul oğurlayır. Sakitcə, dinməzcə. Pulu oğurlanan oğrunu görüb qışqır-bağır salır. Oğru isə təmkinlə gülümsəyir. Bəzən təmkinlə davranan adamlar daha həyasız olur, deyilmi?

 

Vüsalə: Razı deyiləm, siz isterikası tutan kişilər görməmisiz.

 

Sahilə: Görmüşəm. (gülürlər, amma bilmirəm nəyə - Ş.G) Sadəcə, kişilərin antik bir taktikası var. Qadını əldə edəndən sonra başlayırlar şüurlu şəkildə diqqəti, qayğını yavaş-yavaş azaltmağa. Bununla qadını rahat idarə etmək və əldə saxlamaq istəyirlər. Qadın da fikirləşir ki, necə oldu axı belə diqqətsizlik, qayğısızlıq baş verdi? Mən neylədim? Hiyləgər kişilər qadını psixoloji asılılığa salmağı yaxşı bacarırlar. Məncə, mübarizə aparmaq lazımdı. Elə səmimi olmaq lazımdır ki, qarşı tərəf oyunundan utansın. Əvvəllər belə düşünmürdüm. Düşünürdüm əgər səs tonu qalxdısa, bir kobudluq gördünsə, vəssalam, kəsib atmaq lazımdı. Amma indi fikirləşirəm ki, daha soyuqqanlı, güzəştçi olmaq gərəkdi.

 

Vüsalə: Kamillik... (gülümsəyir)

 

Sahilə: Hə, hardasa demək olar. Yəni, daha incə düşünməlisən, tədbirli davranmalısan. Hisslərini idarə etməlisən bir növ.

 

Şəhriyar: Mən səni anlamaqda çətinlik çəkirəm. Özü də ciddi. Sevgi nədi, düşüncəli davranmaq nədi? Sevgi nədi, ayrılmamaq üçün mübarizə aparmaq nədi? Sən artıq “mübarizə”yə başladığın andan hər şey bitmişdir. Əgər sən Sevgi sözünün yanına Mübarizə adlı bir şey gətirirsənsə, deməli, sənə sevgili yox, həyatı baş-ayaq yaşamağa bir kişi lazımdı. Ki, sən ondan kişifason nəsə düzəldib yanında gəzdirəsən. Qısqanclıqsa kifayət qədər bayağı hissdir. Buna qətiyyən gərək yoxdu.

 

Sahilə: İnanın ki, qadın əgər səni qısqanmırsa, mütləq başqasını qısqanır.

 

Şəhriyar: Yəni, başqasını sevir?

 

Sahilə: Hə.

 

Şəhriyar: Allah səadətli eləsin, getsin sevsin də, daha niyə qısqanasan ki?

 

Vüsalə: Siz niyə qadını bu qədər işsiz-gücsüz, bekar adam kimi təqdim edirsiz? (gülür) Ya da qadın artıq özünü belə təqdim edib. Əvvəlcə onu deyim ki, ayrılıqları müzakirə edərkən və təbii ki, qadına daha çox yüklənərkən gərək məsələyə ölkənin içindən baxasan. Bizim cəmiyyətdə ayrılan qadının durumunu düşünün. Ayrıldığı andan üzünə bağlanan doğma qapılar və sonuna qədər taybatay açılan yad qapıları düşünün. Hər qadın özünə bu qapılardan keçməyi rəva bilmir. Və hər qadının da üzünə bağlı qalan ata, ana, qardaş qapısının arxasında çöküb qalmamaq, ayağa qalxmaq gücü yoxdur. Buna görə də qadın “qapı arxasında” qalmaq qorxusundan özünüidarəni itirir. Çünki özünə, savadına güvənən qadınlarımız kifayət qədər deyil. Yəni müzakirələrdə nə qədər oxuduğumuz dünya ədəbiyyatına söykənsək də, müşahidələrimizi bizim insanın üzərində aparırıq. Bu faktdır. İndi gələk o sevgi-ağıl söhbətinə. Məncə də, söz konusu sevgi isə, hadisələr ssenari üzrə getmir və getməməlidir də. İnsanın bir xarakteri var və sevəndə də, seviləndə də həmin xarakter özünü göstərir. Sevgini, başda xarakter qazanmaya bilər, amma onu ayaqda tutan, münasibətləri daha da yaxınlaşdıran məhz insanın kimliyidir. Sevmək peşə deyil, həyat tərzidi. Sən iş-gücünü atıb 24 saat sevməklə, onu güdməklə və ya qısqanmaqla məşğul ola bilməzsən. Sevmək həyatı normal yaşamaq, rahat olmaq deməkdi. Burda süni problemlər yaradan adamın şəxsiyyətində qüsur var demək. Münasibətlər səni “dağa-daşa” salmalı deyil, olduğun kimi, özün kimi qalmalısan və bundan həzz almalısan. Qüsursuz insan yoxdu, təbii, amma normal sevgi qüsurlarını elə yonub səni əsl insana çevirir ki, heç özünün də xəbərin olmur. Ətrafdakılar isə fərqinə varır ki, sən get-gedə çox yaxşı insana çevrilirsən. Sevgisiz yaşayan adamlar isə bütün günü nifrət püskürürlər. Ətrafımızda nə qədər belə adamlar var.

 

Sahilə: Sahiblənmək olmamalıdı. Bu zaman bizim danışdıqlarımız yoluna düşər. Bu da çox çətindi. Qarşı tərəfi fərd olaraq qəbul etmək üçün özün çox yetkin olmalısan.

 

Şəhriyar: Başqa düşük tərəfləri də var  ayrılıqların. Məsələn, uzaqdan qısqandırmaq istəyində bulunmaq. Gedib bir nəfərlə formal sevgili olur. Bayağı, səviyyəsiz, axmaq biriylə. Guya xoşbəxtdi. Rəfiqələrindən də sənə söz göndərir ki, ona deyin mən xoşbəxtəm. Belə gülməli. Xoşbəxtsənsə məni niyə düşünürsən? Mən ki səni xoşbəxt eləməyi bacarmamışdım. Yeri get uydurduğun səadətinlə məşğul ol də. Mənimlə nə işin var? Sahilənin bir fikriylə tam olaraq razılaşıram ki, bu 80 % qadınlarda olur. Kişilərdə çox az rast gəlmişəm.

 

Vüsalə: Yox, elə 50-50-di. Kişilər tanıyıram ki, bir ayrılıqdan sonra özlərini ayağa qaldıra bilmirlər. İllərdir-yerlə yeksandırlar. Amma yenə də bir dəfə dönüb harda səhv elədiyinə baxmır. Ancaq qarşı tərəfi suçlayır. Normal münasibət istəyən adam özünə qarşı bir az amansız olmalı, vaxtaşırı hərəkətlərini, davranışını, sözünü nəzarətdə saxlamalı, səhvini tapmalı, özündən seviləcək məxluq düzəltməlidir. Bu onun borcudur.

 

Sahilə: Ümumiyyətlə, zəif olmaq olmaz. Zəifi sevmək olmur. Zəifi sevmək güclünün işidi. Cəmiyyətdə də belə güclü çox azdı. Öz ayağın üstə dayanmağı bacarmalısan. Zəif tərəf əzilir.

 

Vüsalə: Zəifi heç güclü də sevmir. Sadəcə, zəifi idarə etmək sərfəli olduğundan adını sevgi qoyurlar. Amma bu bir yerə qədərdir, insanın həyatına bir insan daxil olur, sən it alıb saxlamırsan. Münasibət qurmaq akvariumda balıq saxlamaq deyil. Qadın balığı, quşu, pişiyi saxlaya bilər. Amma söhbət kişidən gedirsə… Qadın müdafiə olunmaq istəyir, müdafiə etmək istəmir. Qadın qorunanda daha xoşbəxt olur.

 

Şəhriyar: Bayaq deyirsən bütün hüquqlar bərabərdi, indi də deyirsən qadın qorunmalıdı. Bir kişi nədən bunu öhdəlik kimi götürsün ki? Qadın da özünü qorumağı bacarmalıdı axı. Bir ömrü qarovulçu ampluasında yaşamaq olmaz axı.

 

Vüsalə: Yox-yox, mən elə demirəm, qarışdırdın. Zəif kişilərdən danışırıq. Dediyim o ki, qadının kişini qoruması çox gülünc görsənir. Qoruduğun, hər addımda tərəfini saxlamağa məcbur olduğun kişini sevə bilməzsən axı. Kişi kişi kimi doğulmalıdı, vəssalam. Mən demirəm betondan kişi obrazı yaradılsın, qətiyyən. Sadəcə, kişi bütün yükünü qadına yükləməməlidir.

 

Şəhriyar: Bir söz deyim, elə indicə ağlıma gəldi. Azərbaycanda sizin dediyiniz kişi çox azdımı? Bir kişiyə 10 qadın düşür? Ciddi soruşuram. Statistikaya görə, 52-48 faiz nisbətində kişi çoxdu, bilirəm. Amma mənəvi statistika necədi görəsən? Məncə, qadın gözüylə daha dəqiq müşahidə aparmaq olar.

 

Sahilə: Məncə, elədi, çox azdı.

 

Vüsalə: Xeyr, az deyil. Məsələni bu qədər ağırlaşdırmayaq. Güclü kişilər var. Zəif kişilərsə ümumiyyətlə “yoxdu” mənim üçün. Güclü kişi deyəndə mən nə cibinin böyüklüyündən, nə də yumruğunun möhkəmliyindən danışmıram. Xarakter olaraq güclü kişidən danışıram. Heç bir qadın istəməz zəif kişi onun saçına sığal çəksin. Zatən o bundan xoşbəxt olmayacaq. Zəif kişini itirmək də xoşdu. (gülür)

 

Sahilə: Dəyərli, yaxud bahalı olan nəyisə itirmək adamı ağrıdır. Biri var 1 manatlıq nəyisə itirəsən, biri də var 100 manatlıq.

 

Şəhriyar: Sahilə, sən çox maddi yanaşırsan e hadisələrə. (gülürük)

 

Sahilə: Maddi olaraq demirəm. Adamın dəyəri böyük olanda boşluğu da sarsıdıcı olur, onu deyirəm.

 

Vüsalə: Yenə də faciələşdirirsiz. Gedənə nifrət eləməzlər, təki getdiyi yerdə rahat olsun.

 

Sahilə: Rahat olmaq üçün təcrübəli olmaq lazımdı. Mən bu fikrimdə qalıram.

 

Şəhriyar: Sənin bu təcrübə söhbətin yaman uzun çəkdi. Gözümüzün qabağında məqsədli şəkildə 10 adamla “sevgili” olub ayrılanlar var. Hələ də sürüşməyində davam edir. Bir qırmızı qalstukla aldatmaq olar onu. Təcrübə buna deyirsən? Sevgili oyunu oynamaqdımı təcrübə?

 

Sahilə: Dedim axı, təcrübə odur ki, biləsən, bu dünyada nankor da var, xəyanətkar da. Qınamaq, sonradan cəzalandırmaq filan gərəkmir, sadəcə bunu bilməlisən. Öncədən bilməlisən. Hamıdan mükəmməl və sadiq olacağını ummaq və gözləmək təcrübəsizlikdir. İnsanları tanımamaqdır. Sobanın, yaxud ütünün isti olmasını bilmək üçün əlini vurub tez geri çəkirsən. Soyuq olduğuna əmin olandan sonra əlini sobada saxlaya bilərsən. Başda çox güvənmək olmaz. Rol oynamaq, kimisə qəsdən qısqandırmaq və s. isə ucuz, uşaqvari söhbətlərdir. Hə, münasibət maraqlı olsun deyə bir az oynamaq olar. Amma bu, çox etik və estetik olmalıdır. Cızığından çıxıbsa, ortada nə sevgi nə də sevgili var demək. O zaman ayrılıqdan da söz gedə bilməz. Ayrılmaq üçün öncə birlikdə olmalısan, yanaşı yox. İnsan böyük olanda müdrikcəsinə yaşaya bilir. Böyümək üçün də yaşamalısan. Yaş üstünə yaş qoymaq böyümək deyil. Kitablar, sevgi romanları təcrübə haqqında nəzəri bilik verir. Məncə hər kəsin həyatında bir ayrılıq olmalıdır. Bu, hazırkı sevgilinlə də ola bilər. Ayrılıb yenidən birləşmək olar. Bu, münasibətə daha açıq gözlə baxmağa kömək edər.

 

Vüsalə: Şəhriyar, sən bizi bura çağırmısan kişiləri əlcək kimi dəyişən qadınları müzakirə edək?

 

Şəhriyar: Yox, sadəcə istəyirəm sevgidə təcrübəni izah etsin zəhmət olmasa. Bu necə olur? Nə isə. Yaxşı, gəlin belə bitirək. Necə ayrılmağı tərcih edirsiz?

 

Sahilə: Bütün körpülər yanıbsa, geriyə yol yoxdursa, köhnə sevgini unutmağın ən yaxşı yolu yeni sevgili tapmaqdı. Daha doğrusu, yenidən sevməkdi. Tərk edilən qadınlar aylarla evin bir küncündə ağlayıb sızlamamalı, intihara cəhd edib bədbəxt kimi görünməkdən əl çəkməlidirlər. Bilirəm, çox çətindi. Amma yenə də çalışmaq lazımdı. Qoy sizə tez-tez sevgili dəyişən desinlər. Bədbəxt olmaqdansa, bunu seçin. Bir qadın yazıçının dediyi ki, əxlaqlı tanınmaqdansa, xoşbəxt olmağı seçirəm.  Nə sizi xoşbəxt edirsə, onu da yaşayın. Bütün günün namusdan danışan, sevginin müqəddəsliyindən dəm vurub bəzəkli cümlələr quranlara fikir verməyin. Ən çox yolundan dönük belələri arasından çıxır.

 

Vüsalə: Qadınlar inciməsin, amma yeni sevgili dediyiniz kişi üçün sən kiminsə köhnəsisən. Sevgi həyat hadisəsidi, onu mütləq yaşamaq lazımdır. Ya bunu adam kimi yaşamalısan, kimisə xoşbəxt eləməyi və xoşbəxt olmağı bacarmalısan, ya da öz natamamlığınla heç bir münasibətə girməməlisən. Ayrılanda da kişi kimi, yaxud qadın kimi, qısası, şəxsiyyətini itirmədən ayrılmalısan. Həyatda heç kimdən, hətta həyatının mərkəzinə qoyduğun insandan belə o dərəcədə asılıb qalmaq olmaz ki, o çəkilən kimi üzüüstə yerə düşəsən. Tərk edəndə də, ediləndə də ayaq üstdə dayanmaq borcundu. Nəhayətində sən axı dünyaya onun üçün yox, özün üçün gəlmisən. Və ayrılığı dramatikləşdirməyə gərək yox, tərkedilməz kimsə yoxdu. Faciəni başqa yerlərdə axtarmaq lazımdı.

***

 

Bu problemi də belə həll etdik))

Təxminən 1 saata istənilən mövzunu çözürük. İnanmırsız, təkliflərinizi verin. Ciddi sözümdü, sizi düşündürən mövzunu yazıb e-mail ünvanımıza göndərə bilərsiz. Bizim layihə sizin baxılan hesab elədiyiniz televiziya verilişlərindən daha çox oxunur. Həm də bizim oxucu kontingentimiz bəllidi. Bizi oxuyan bir nəfər də olsun qıraq adam yoxdu. Hamınız kifayət qədər yetkin düşüncə sahiblərisiz. Televiziya demişkən. Növbəti mövzumuz “TELEVİZİYA TƏRBİYƏSİ”di.

 

Hələlik…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3178

Oxşar yazılar