Ağdamın Abdal kəndində dünyaya gələn, uşaqlıq və məktəb illərini muğamın beşiyi olan Qarabağ torpağında keçirən xanəndə “Məktəb illəri”ni Lent.az-a danışır...
“Məktəbi tədricən sevdim”
- 1979-cu ildə Ağdamın Abdal kənd səkkiz illik orta məktəbinin birinci sinfinə getmişəm. Doqquzuncu və onuncu sinifləri Abdal - Gülablı kəndinin on illik məktəbində oxudum. İlk dərs günüm - bir sentyabr yadımdadı. Bütün uşaqlar kimi biz də ağlayırdıq. O vaxt uşaqlar indiki kimi deyildilər, daha məsumuydular. Məktəbi ilk gündən yox, tədricən sevdim. Sinfimizdə az uşaq vardı. Təqribən on səkkiz - iyirmi uşaq olardıq. Müəllim bizi bir qız, bir oğlan oturtdu. Parta yoldaşım tez-tez dəyişərdi. Məsələn, Arzu, Sevil, Yeganə, Nüşabəylə yanbayan oturmuşam. Nüşabə həm də qonşumuz idi.
“Döyün, vurun, tənbeh edin”
- İlk, yəni ibtidai müəlliməm sinif Xurşud müəllimə olub. Çox mehriban, qayğıkeş müəlliməydi. Tək mənə yox, elə böyük qardaşlarıma da dərs deyib. İndi də burda, Binəqədi də qonşuyuq. Ara-sıra görüşürük də. On il ərzində onun qədər heç bir müəllimi sevmədik. Hamısı yaxşıydı, hamısı mehribanıydı, amma Xurşud müəllimə qədər bizim qayğmızı çəkən, tumarlayanı olmadı. İndiki uşaqlara bir çırtma da vurmaq olmaz. Amma bizim vaxtımızda başqaydı. Hətta valideynlər özü də tapşırırdı ki, müəllim, mənim uşağım dəcəl olsa, oxumasa, elə bilin öz övladınızdı, döyün, vurun, tənbeh edin, öyrədin. Lakin haqsız yerə döyən müəllimlərimiz də olub. Elə müəllimləri heç vaxt sevməmişəm. Məsələn, bir idman müəllimimiz vardı. İdman dərsinə gecikəndə bizi döyürdü. Elə müəllimlərin adlarını da çəkmək istəmirəm. İndi bəziləri rəhmətə gedib, bəziləri sağdı. Məktəbi ortabab oxumuşam. Əsas qiymətlərim dörd olub. Üç qiymətim vardı, ya yox? Dəqiq yadımda deyil, amma beşim azıydı. Riyaziyyatı çox sevirdim. Mehralı, Mail müəllim həmişə məni döyürdülər ki, sən bir az da yaxşı oxuya bilərsən, niyə oxumursan? Bir də ədəbiyyatı çox oxuyurdum.
“Səxavətin qardaşı olduğumu bilirdilr”
- Xanəndə olmağı elə məktəb vaxtından istəyirdim. Məktəb yoldaşlarım bir neçə dəfə kənardan mənim oxuduğumu görüb məktəbdə müəllimə, “Firuzun da yaxşı səsi var” demişdilər. Həm də Səxavətin qardaşı olduğumu bilirdilər. Musiqiçi ailəsiydik. O vaxt hər il mayın birində parad keçirilirdi. Paradlarda, tədbirlərdə, sonra kənd toylarında məni oxudurdular. Səksən beşinci ildə Ağdam da Xan Şuşinski adına muğam məktəbi açılanda tarzən Rafiq Rüstəmov kənddə gəlib özü maşını ilə qabiliyətli uşaqları yığıb apardı. O məktəbin ilk məzunları biz olmuşuq: mən, Sevinc Tağıyeva, Ağcabədidən Xəqani Əliyev.
“Şüşəni vurub çıxmışdı bayıra”
- Məktəb illərinin hər günü bir xatirədi. Dəcəl olmasam da, sinif yoldaşlarıma qoşulub dəcəllik etdiyim vaxtlar çox olub. Məktəb illərində uşaqlarla birlikdə ekskursiyalara çox gedərdik. Təxminən yeddi, ya səkkizdə oxuyurdıq, bizi avtobusla Mingəçevir Su Elektrik Stansiyasına (SES) aparmışdılar. SES-in iki-üç mərtəbəli binası vardı. Hamımız çıxdıq yuxarı. Sinfimizdə Loğman adında bir uşaq vardı, boyda hamımızdan balacaydı. Qayıdan da isə bu Loğman bizdən qabaqda düşmək istədi, qaçdı. Sonuncu mərtəbəyə çatanda şüşəni görməyib, birbaşa şüşəni vurub çıxmışdı bayıra. Yaxşı ki, şüşə sınıb boynunu kəsməmişdi. Əlbəttə ki, şüşənin cəriməsini məktəbimiz ödədi (gülür).
“Kənddə hər şey fərqli olur; sevgilər də, son zəng də”
- Məktəb illərində eşq, məhəbbət? Uşaqlıqda hamının ürəyində kimsə olur. Amma o barədə danışmağı xoşlamıram. Kənddə hər şey şəhərdən fərqlənir. Son zəngimiz belə Bakıdakı son zənglərdən fərqli olub. Bizdə Bakıdakı kimi bulvara getmək, səhərə qədər əylənmək olmadı. Elə məktəbin həyətindəcə oxuduq, oynadıq. Mən də oxudum. Dəqiq yadımda deyil hansı mahnıydi. Ya “Sudan gələn sürməli qız”, ya da “Azərbyacan maral”ıydı. Vəssəlam... Bu da bizim son zəng.
“Qaçır, yıxılır, qalxır, ağlayır, gülür,...“
- Sinfimizdə çoxu qızıydı. Hamısıyla münasibətim yaxşı olub. Əsas dostlarım Suliddin, sinfimizin əlaçısı Cəmşid, Natiq və Yalçın olub. Onlarla hələ də yoldaşlığımız davam edir. Mümkün olsaydı məktəb illərinə yenidən qayıtmaq istəyərdim. Qayğısız, gözəl illər olub. İnsan böyüdükcə qayğıları çoxalır. Amma uşaq vaxtı insan problemləri belə vecinə almır. Qaçır, yıxılır, qalxır, ağlayır, gülür,... Səxavətin qardaşı olmağın məsuliyyətini elə məktəb illərindən hiss edirdim. Bu insanda bir dənə belə mənfi xüsusiyyət yoxuydu. Həm sənətiylə, həm insanlığıyla əlaydı. Qısa ömründə bu qədər çox şey qoydu, getdi. Onun adının məsuliyyəti ömrümün axırına qədər mənim üstümdə olacaq. Bu yaşıma qədər hələ də çalışıram ki, ona layiq olum. İyirmi ildən artıqdır ki, o bu həyatdan köçüb. Amma bu gün onun ölümündən sonra doğulanlar belə onu tanıyırlar. O, sənəti və insanlığı ilə unudulmaz iz buraxıb.
“...nə var ki, oxumağa?”
- Bir vaxt mən şagird idim, indi öz şagirdlərim var. Bəzən oturub o dövrlə indiki dövrü müqayisə edirəm. İndi çox şey dəyişib. Bugünkü tələbələr belə o tələbələr kimi deyil. İnsanlar özləri belə dəyişib başqa cür olublar. Bizim vaxtımızdakı öyrənmək arzusu, tələbkarlıq indi ya yoxdu, ya da çox azdı. Çünki çoxu diplom xətrinə gəlirlər. Ay bala, yaxşı oxuyandan sonra diplom sənin nəyinə gərəkdi? Birinci növbədə sənət olmalıdı. Bir müəllimdən yox, bütün müəllimlərdən bəhrələnmək lazımdı. Baxıram, tələbəyə ki, ondan xanəndə çıxmaz. Tutuquşu kimi ona nə qədər desən də ona faydası olmayacaq. Amma eləsi də var ki, dinləyən kimi görürsənyox, bu başqa məsələdi. Gözəl xanəndə ola bilər. Artıq ondan nə isə tələb etməyə dəyər. Bununla bağlı gəl sənə bir lətifə danışım. Əslində lətifə deyil, olmuş hadisədi. Deməli, Rövşən adında qarmon çalan var, şəkilidi. Bütün şəkililər kimi onun da çox baməzə danışığı var. Bir gün bu Rövşən gedib Tahir Əkbərə deyib ki, mənə bir dənə mahnı bəstələ. O da təəccüblənib, “Rövşən, sən də oxuyacaqsan?” Rövşən də cavab verib ki, Tahir müəllim, mən Xan əmiyə, Arif, Yaqub müəllimə baxıb oxumayacağam ki?! Mən bax, bu estrada oxuyanlara baxıb oxumaq istəyirəm. İndi həqiqətən də gənclərimiz efirə baxırlar, istər muğam oxuyan olsun, istər estrada elə oxuyanlar görürlər ki, deyirlər ki, nə var ki, oxumağa?