Mayın 12-dən “quş qripi” xəstəliyinə görə Azərbaycanda monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 19 baş çöl, 12 baş ev quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1785 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Lent.az-a verilən məlumata görə, müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmayıb. Nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.
Xatırladırıq ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Azərbaycanda “quş qripi” xəstəliyinə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında quş qripi xəstəliyinin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutur.