Virtual Qarabağ İKT Mərkəzində “Qarabağnamə - Tələbələrarası İntellektual Yarışması” layihəsinin açılış mərasimi olub. Lent.az-ın məlumatına görə, həmçinin, layihənin internet üzərindən keçirilməsi üçün nəzərdə tutulan qarabagname.com internet portalının təqdimatı baş tutub.
Layihə Azərbaycan Gənclər Fondunun maliyyə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan İntellektual Oyunlar Klubu (AİOK) və Virtual Qarabağ İKT Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir.
Layihənin rəhbəri Çingiz Səfərov çıxış edərək bildirib ki, layihənin məqsədi Qarabağın milli-mədəni dəyərlərinin qorunmasında gənclərin rolunu artırmaq, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və tələbə gənclərə mövzu çərçivəsində yeni bilik və məlumatların aşılanmasından ibarətdir. O deyib ki, layihə çərçivəsində keçiriləcək əsas oyun televiziya ilə əməkdaşlıq çərçivəsində tele-layihə formatında baş tutacaq.
AİOK-un prezidenti Aydın Piriyev rəhbərlik etdiyi təşkilatın bu layihəyə dəstək olacağını və layihənin həyata keçirilməsində aktiv iştirak edəcəyini bildirib. ATGTİ rəsmisi Elvin Hüseynzadə və Virtual Qarabağ İKT Mərkəzinin nümayəndəsi Rəşad Zeynalov da həmçinin çıxış edərək layihə barəsində fikirlərini bildiriblər.
Tədbirin davamında qarabagname.com internet portalının təqdimatı baş tutub. Bildirilib ki, sayt üzərindən tələbə gənclər onlayn yarışmada iştirak edə bilər və eyni zamanda layihə çərçivəsində keçiriləcək əsas oyunda iştirak etmək üçün 4 nəfərlik komanda şəklində müraciət edə bilərlər.