Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 818 boş iş yerini tələbə və məzunlara təqdim edib. Nazirlikdən Lent.az-a verilən xəbərə görə,
ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında növbəti məşğulluq tədbiri mayın 16-da “Qafqaz” Universitetində keçirilib.
Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədinə xidmət edən yarmarkada ümumilikdə 113 müəssisə tərəfindən 818 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib.
Təqdim olunan boş iş yerlərinin 726-sı özəl sektora, 92-si isə dövlət sektoruna aid müəssisələrdədir. Müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər üçün tədbirdə Səyyar Əmək Birjasının fəaliyyəti də təşkil olunub.
Tədbirdə tələbələrlə və ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında əlaqələr yaradılıb. Tələbə və məzunlar müasir əmək bazarı, yiyələndikləri ixtisaslara əmək bazarında olan tələbat barədə məlumatlanıb, gələcəkdə işləmək istədikləri müəssisələrin nümayəndələrinə öz CV-lərini təqdim ediblər.
Eyni zamanda, işəgötürənlər tədbir zamanı gələcəkdə işə cəlb etmək üçün ixtisaslı kadrlar seçmək imkanı da əldə ediblər.
“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin il ərzində digər ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.