Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən daha bir yeni məktəb binası tikilərək, məcburi köçkün uşaqların istifadəsinə verilib.
Komitədən Lent. az-a daxil olan məlumata görə, Sabunçu rayonunun Ramana qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkün uşaqlar yeni dərs ilində təhsillərini Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbi üçün yeni tikilmiş binada davam etdirirlər.
Qeyd edək ki, 2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadrat metr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilib, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilib, 490,6 kilometr yol, 644 kilometr su, 1059 kilometr hava elektrik, 310,0 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilometr istilik xətləri çəkilib, 581 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılıb.
Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salının, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi tikilib, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilib, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.
Həmçinin, məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması üzrə müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə son 10 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 200 min nəfəri isə müvəqqəti işlə təmin olunub.
2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü il ilə müqayisədə 9 dəfə çoxdur.
Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalmışdır.
Sabunçu rayonunda yeni tikilən məktəbin foyesində mərhum prezident Heydər Əliyevin və prezident İlham Əliyevin təhsilə qayğısını və məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlər və Heydər Əliyev guşəsi də quraşdırılıb. Burada, həmçinin indiyədək istifadəyə verilən yeni qəsəbələrin fotostendləri də qurulub.
Yeni məktəb binası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunub. Məktəbin tikintisi bu ilin sentyabrında başa çatdırılıb.
Bütövlükdə 1 hektar sahədə inşa edilmiş 300 şagird yerlik məktəb binasında sinif otaqları ilə yanaşı idman zalı, akt zalı, laboratoriyalar, fənn kabinələri, kompüter otağı və yeməkxana da yaradılıb.
Məktəbin ətrafında isə idman meydançası tikilib. Həmçinin bina elektrik, su və müasir istilik sistemi ilə tam təchiz edilib.
Xatırladaq ki, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi böyük tarixə malikdir və 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərir.