“Yeni Qobu” Yaşayış Massivinə məcburi köçkünlərin köçürülməsinə 2016-cı ildə başlanacaq
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə müraciət edib. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun Lent.az-a verdiyi məlumata görə, müraciətdə bildirilir ki, məcburi köçkünlər tərəfindən mənzil problemi ilə əlaqədar olaraq müxtəlif dövlət, hökumət orqanlarına, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə çoxsaylı müraciətlər edilib: “Bununla bağlı bildiririk ki, məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması prezidentin sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və
məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin Dövlət Proqramına edilmiş Əlavələrə əsasən, daha ağır şəraitdə yaşayan ailələrin vəziyyəti nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir. 2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37,0 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadrat metr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilmiş, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub- icma mərkəzi, 28 rabitə evi tikilib, 490,6 kilometr yol, 644,0 kilometr su, 1059,0 kilometr hava elektrik, 310,0 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilometr istilik xətləri çəkilib, 581 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılıb”.
Komitənin məlumatında o da bildirilir ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ”Dövlətqaçqınkom” tərəfindən müvafiq tədbirlər görülür. Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində ilkin mərhələdə 8000 ailənin məskunlaşdırılması üçün 2014-cü ildə həmin ərazidə layihələndirmə işlərinə başlanılacaq, 2015-ci ildə yaşayış
kompleksinin texniki infrastrukturunun (mühəndis hazırlıq işləri, su, işıq, qaz, istilik sistemi və.s) qurulması həyata keçiriləcək. 2016-cı ildə isə mənzillərin tikintisi başa çatdırılaraq məcburi köçkünlərin həmin əraziyə köçürülməsi prosesinə başlanılacaq: ”Bir daha məcburi köçkünlərin nəzərinə çatdırırıq ki, məcburi köçkünlərin problemlərinin həlli Dövlətin və Komitənin gündəlik nəzarətindədir və bu sahədə işlər mərhələli şəkildə həyata keçirilir”.