APA (Azəri-Press) İnformsiya Agentliyinin Rusiya nümayəndəliyinin rəhbəri Fərid Əkbərovun "Rusiya hamı üçündür" informasiya portalına müsahibəsi.
Lent.az həmin müsahibəni təqdim edir.
- Cənubi Qafqazın ən böyük informasiya agentliklərindən biri olan APA-nın yaranmasından 10 il ötür. APA haqqında Rusiya oxucusuna hansı məlumatı vermək istəyərdiz?
APA (Azəri-Press) informasiya agentliyi Qafqazın ən böyük özəl informasiya resurslarından biridir. APA təkcə Azərbaycanın informasiya məkanında deyil, bütün Qafqazda region və dünya gündəmi barədə qaynar məlumat verən ilkin xəbər mənbəyidir.
"Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. APA müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliyidir.
Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
Agentlik həftənin bütün günləri hər beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Rusiya, Türkiyə, Yaxın Şərq, Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.
Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklər, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət orqanları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki nümayəndəlikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var. Azərbaycanda nəşr olunan və yayımlanan əksər kütləvi informasiya vasitələri APA-nın abunəçisidir. Abunəçilər sırasında ölkənin aparıcı iqtidar və müxalifət mətbuatı, müstəqil media qurumları üstünlük təşkil edir. Ölkənin əksər qeyri-hökumət təşkilatları, xarici dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diaspor qurumları da APA-nın abunəçisidir.
Agentliyin www.apa.az ünvanlı internet saytı fəaliyyət göstərir.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin Rusiya, Türkiyə, Gürcüstan, Mərkəzi Asiya, Fransa və ABŞ-da ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər. Agentliyin Avropa Şurasında ofisi fəaliyyət göstərir.
APA-nın tərkibində APA-News, APA-Economics, APA-Sport, APA-Photo bölmələri fəaliyyət göstərir.
Artıq beynəlxalq arenada tanınan və dünyanın aparıcı KİV-inin istinad mənbəyi olan APA regionun ən böyük, etimad qazanmış media şirkətləri sırasındadır.
Beynəlxalq reytinq cədvəllərinin statistikasına görə, APA Azərbaycanın ən çox istinad edilən və oxunan informasiya agentliyidir.
Onu da qeyd edim ki, APA agentliyi ilə 2012-ci ildə "RİA Novosti" Beynəlxalq İnfoamsiya Agentliyi arasında müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən APA-nın materialları - "Rossiya dlya vsex" internet-portalında istifadə olunur. Öz növbəsində APA agentliyi də "Rossiya dlya vsex"-in materiallarından istifadə edir.
Fikrimcə, agentliyimiz haqqında bu qədər informasiya yetərlidir.
- Rusiyada informasiya agentlikləri çoxdur. Xəbər resursları arasında rəqabət də güclüdür. Belə olan halda Rusiyada azərbaycanlılarla bağlı baş verən hadisələrin, o cümlədən buradakı Azərbaycan diasporu ilə bağlı xəbərlərin ilk olaraq APA-da yayımlanması necə baş verir?
APA-nın artıq bir neçə ildir ki, Rusiya bürosu fəaliyyət göstərir. Ümumiyyətlə, APA Azərbaycanda özəl agentliklər arasında xarici ölkələrdə müxbir postları açan ilk informasiya resursudur. Təbii ki, xarici müxbir postları Azərbaycan üçün önəmli olan ölkələrdə fəaliyyət göstərir. Bu ölkələrdən ən önəmlilərindən biri, bəlkə də birincisi Rusiyadır. Mən, APA-nın Rusiya bürosunda 2010-cu ildən fəaliyyət göstərirəm. Mənə qədər də bu ölkədə müxbirimiz olub. APA rəsmi olaraq Rusiya Xarici İşlər Nazirliyində qeydiyyatdan keçib. Bu gün agentlik Rusiyanın rəsmi tədbirlərini işıqlandırmağa dəvət alır. Rusiya XİN və digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində Rusiyanın bir sıra rəsmi şəxsləri APA-ya eksklüziv müsahibələr veriblər. APA Rusiyada 2012-ci ildə keçirilən prezident seçkilərini geniş şəkildə işıqlandırıb. Rusiya prezidenti Vladimir Putinin hər il keçirilən ənənəvi brifinqində APA agentliyi də təmsil olunur. Xarici işlər naziri Sergey Lavrovun brifinqlərində də APA-nın Moskva müxbiri kimi fəal şəkildə iştirak edirik.
APA-nın Rusiyada fəaliyyət istiqamətlərindən biri Azərbaycan diasporu ilə sıx əməkdaşlıq etməsidir. Bildiyiniz kimi Rusiyada 100 minlərlə azərbaycanlış yaşayır. Ölkənin ən böyük diasporlarından biri Azərbaycan diasporudur. Rusiyanın demək olar ki, bütün regionlarını əhatə edən Ümumrusiya Azərbaycan Konqresi ilə sıx əməkdaşlıq edirik. ÜAK-ın keçirdiyi mühüm əhəmiyyətli tədbirləri APA geniş şəkildə işıqlandırır. Rusiyada yaşayan həmyerlilərimiz APA-nın xəbərlərini daim oxuyurlar.
Təbii ki, bu amil Rusiyada yaşayan azərbaycanlılarla bağlı xəbərlərin birinci APA-da yayımlanmasına böyük təsir göstərir. Azərbaycanlılarla bağlı baş verən hadisələrdən ilkin olaraq bizim xəbərimiz olur.
- APA-nı Rusiyada tanıtmağınız, Rusiya dövlət qurumlarına agentliyiniz haqqında məlumat verməyiniz, rəsmi şəxslərlə müsahibə çətin olmur ki?
Təbii ki, Rusiya fəaliyyətimin ilkin illərində bu çətinlik özünü çox göstərib. APA-nı Rusiyada tanıtmaq, dövlət strukturlarına çıxış, rəsmi şəxslərlə müsahibə heç də asan olmayıb. Lakin APA-nın Rusiya bürosu kimi Rusiya XİN-də qeydiyyatdan keçməyimiz, bu ölkədə müxbir kimi jurnalistlik fəaliyyəti ilə məşğul olmağımıza böyük şərait yaradıb. Müntəzəm olaraq Rusiya XİN xüsusi nümayəndəsinin mətbuat konfranslarında iştirk edirik. Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinə, dünya gündəmində baş verən hadisələrlə bağlı suallarımızı tez-tez həmin mətbuat konfrnasında səsləndiririk. Bu da APA-nın Rusiyada tanınmasına mühüm təsir edir.
Rusiyanın rəsmi şəxsləri ilə müsahibələr artıq APA üçün ənənəvi hal alıb. Ölkənin bir sıra rəsmi şəxsləri APA agentliyinə eksklüziv müsahibələr veriblər.
Bundan başqa "Rossiya Seqodnya" agentliyinin Mətbuat Mərkəzində keçirilən müxtəlif mövzulara dair mətbuat konfranslarında iştirak edirik. Agentliyin mətbuat konfranslarında tez-tez iştirak edən Rusiyanın tanınmış politoloqları, iqtisadi və hərbi eksperlərinin dünya gündəmindəki hadisələrlə bağlı mövqeyini öyrənirik. Onlarla müsahibələr edirik.